Tarix : 2009 Aug 24
Kod 13594

NARDARAN SAKİNLƏRİ MİTİNQ QƏRARI VERDİ

İmkan verməyəcəyik ki, Eskudero bizim torpaqlarda özünə istirahət mərkəzi tiksin
Azərbaycan Servisi/Aran Agentliyi
Mülkiyyət hüquqları pozulmuş Nardaran sakinlərinin problemi yenidən gündəmdədir. Qəsəbə sakinlərinin sözlərinə görə, Sabunçu Rayon Məhkəməsinin sakinlərin əmlakı ilə bağlı 2006-cı ildə verdiyi qərar onları çıxılmaz duruma salıb. “Məhkəmənin çıxardığı ədalətsiz qərar üzündən ata-baba torpaqlarımızdan məhrum olmuşuq.Belə ki, kənd camaatına məxsus 30 hektar torpaq sahəsi Sabunçu Rayon Məhkəməsinin qərarı ilə qanunsuz olaraq ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Stenli Eskuderonun gəlini Nigar Nəzərovanın adına sənədləşdirilib. Bu məqsədlə adıçəkilən əraziyə məxsus sənədlər əvvəlcədən aidiyyəti qurumlar tərəfindən saxtalaşdırılıb. Guya həmin ərazi ötən əsrin 20-ci illərində kənd sakini Cəbrayıl Salmanovun şəxsi mülkiyyəti olub və o, burada balıqçılıq təsərrüfatı ilə məşğul olub. Hətta bununla bağlı yerli icra hakimiyyətinin təşəbbüsü ilə saxta arayış da tərtib edilib. Saxtalaşdırılmış bu sənədlər sonradan məhkəməyə təqdim olunub. Məhkəmə isə qərar çıxarıb ki, guya Cəbrayıl Salmanov adıçəkilən mülkü vərəsəlik yolu ilə Nigar Nəzərovaya verib” - deyə sakinlər bildirir.
Mülkiyyət hüquqları pozulmuş sakinlərin səlahiyyətli nümayəndəsi Rasim Əlizadə mətbuata açıqlamasında bir daha bildirib ki, məhkəmənin çıxardığı qərarın heç bir hüquqi əsası yoxdur. Sadəcə olaraq, qərarın çıxarılmasında hazırda Azərbaycanda bizneslə məşğul olan keçmiş səfir Eskudero və onun havadarları maraqlıdır: “Həmin məmurların adları mətbuatda dəfələrlə çəkilib. Elə məhz o şəxslərin köməyi ilə də Nardaran torpaqları keçmiş səfir tərəfindən mənimsənilib. Məsələ ilə əlaqədar dəfələrlə yuxarı təşkilatlara şikayət edilib. Amma nəticəsi yoxdur. Çoxsaylı yazışmalardan sonra Ali Məhkəmənin sədri Ramiz Rzayev kənd ağsaqqallarından bir neçəsini nəhayət ki, ötən il keçirilən referendum öncəsi qəbul etdi. Danışıq əsasında razılığa gəlinmişdi ki, məhkəmədə məsələyə yenidən baxılsın. Ancaq deyilənlər boş vəd olaraq qalır”. R.Əlizadənin sözlərinə görə, bu məsələ ilə bağlı məhkəmə çəkişməsi 8 ildir davam edir: “Torpaqları əlindən alınmış kənd sakinləri ötən il ”Səfixani" adlı ərazidə aksiya keçirmək istədi. Ancaq yerli icra hakimiyyəti üstümüzə 200-dən artıq polis göndərdi. Camaatın ərazidəki balıq vətəgələri dağıdıldı. Bir neçə adamı həbs etdilər. Hansı ki, bu yerlər qanunla kənd camaatına məxsusdur və bu barədə əlimizdə arxiv sənədləri var. Amma Eskuderonun sifarişi ilə oturub-duran məhkəmələr bunu nəzərə almaq istəmir. Biabırçılıq odur ki, Konstitusiya Məhkəməsi də kənd sakinlərinin şikayətinə baxmaq istəmir. Sakinlərin iddiasını plenuma çıxarmaqdan imtina edən Ali Məhkəmənin sədri yazdığı cavab məktubunda bildirir ki, guya bizim şikayətlərin hüquqi əsası yoxdur və bu səbəbdən də işin plenuma çıxarılması məqbul sayılmır. Hansı ki, məhkəməyə təqdim edilən sənədlərdə bildirilir ki, Cəbrayıl Salmanov 1926-cı ildə guya mülk sahibi olub. Sovet hökuməti dövründə belə bir şey olmayıb. Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev də yaxşı bilir. Bundan əlavə Nigar Nəzərovanın Cəbrayıl Salmanovla heç bir qohumluq əlaqəsi yoxdur. Bu isə bir daha ondan xəbər verir ki, məhkəmənin çıxardığı qərarın heç bir hüquqi əsası yoxdur. Sadəcə, bu işə baxan hakimlər bizneslə məşğul olan Eskuderonun və onun havadarlarının sifarişini yerinə yetirib". Aksiyalara gələn aydan start veriləcəyini söyləyən R.Əlizadə bununla bağlı hazırlıq işlərinin görüldüyünü də diqqətə çatdırdı: “Aksiyalar qəsəbədə ”Səfixani" adlı ərazidə keçiriləcək. Eyni zamanda narazı sakinlər üzləşdikləri problemlə bağlı ABŞ səfirliyinin binası qarşısında piket keçirmək niyyətindədir". Səlahiyyətli nümayəndə onu da deyib ki, etiraz aksiyalarında qəsəbə sakinləri ilə yanaşı hüquq müdafiəçiləri, ictimai təşkilatların nümayəndələri və bəzi millət vəkillərinin də iştirak edəcəyi gözlənilir: “Bizim tələblər aydındır. Məhkəmə qərarı dəyişməyənə qədər aksiyamızı davam etdirəcəyik. İmkan verməyəcəyik ki, Eskudero Nardaranda özü üçün istirahət mərkəzi tiksin”.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri ələ keçirdiyi 30 hektar torpaq sahəsində müasir istirahət mərkəzi tikdirmək niyyətindədir. Bu məqsədlə ilkin olaraq 30 milyon manat vəsait ayrılıb. Lakin dünyanı bürümüş maliyyə böhranı üzündən tikinti işləri bir qədər təxirə salınıb. Əldə etdiyimiz digər məlumata görə, bu günlərdə ərazidə irimiqyaslı tikinti işlərinə başlanacaq.
 
  • Yazılıb
  • da (də) 2009 Aug 24