Tarix : 2010 Jun 06
Kod 17752

“Azərbaycan cəmiyyətində qadın” elmi konfransı keçirildi

“Həzrət Fatimənin (ə) mövludunu qeyd etmək, Onun xatirəsini əziz tutmaq və bu xanımı tanımaq, tanıtdırmaq bir neçə cəhətdən çox əhəmiyyətlidir
Azərbaycan Servisi/Aran Agentliyi
“Mənəvi Saflığa Dəvət” İctimai Birliyi Xanım Fatimeyi-Zəhranın (ə) mövlud gününə həsr olunan “Azərbaycan cəmiyyətində qadın” mövzusunda elmi-praktik konfrans keçirdi. Konfransı giriş sözü ilə açan “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin icraçı direktoru Hakim Əlizadə tədbir iştirakçılarını salamlayaraq, bu gün münasibətilə xanımları təbrik etdi. Hakim Əlizadə Xanım Fatimənin (ə) dünyaya gəlişinin çox əlamətdar və gözəl bir gün olduğunu vurğulamaqla, bu günün mahiyyətinə toxunudu.
“Həzrət Fatimənin (ə) mövludunu qeyd etmək, Onun xatirəsini əziz tutmaq və bu xanımı tanımaq, tanıtdırmaq bir neçə cəhətdən çox əhəmiyyətlidir. Əvvəla, Xanım Fatimə (ə) sevimli Peyğəmbərimizin (s) ən əziz övladı olmaqla yanaşı, Həzrət Məhəmmədin (s) nəslinin davamçısı olaraq tanınır. İkincisi, Xanım Fatimə (ə) fenomeni bəşəriyyətə ana məhfumunun müqəddəsliyini çatdıran əsil ana nümunəsidir. Digər mühüm cəhət odur ki, Həzrət Fatimə (ə) hər iki cahanın xanımı olmaqla, bütün zamanların və məkanların ən örnək qadın simvoludur. Bu gün bizlər Həzrət Fatimədən (ə) çox örnəklər götürə və əsil xanımın xüsusiyətlərini öyrənə bilərik. Elmi konfransın qarşısına Xanım Fatimə (ə) şəxsiyyətini və bu günkü Azərbaycan cəmiyyətinin qadın problemlərini araşdırmaq, eləcə də yaşanan problemlərə müxtəlif prizmalardan həlli yolları aramaq kimi məqsədlər qoyulub. Düşünürük ki, yaşanan problemlərə ictimai-sosial prizmalarla yanaşı, milli-mənəvi dəyərlər prizmasından da baxmaq çox faydalı olardı. Çünki anası Fatimələr olan bir cəmiyyətin övladları nə narkoman, nə alkoqol, nə rüşvətxor, nə də əxlaqsız ola bilməz. Gəlin birgə problemlərimizə çözüm yolları arayaq və cəmiyyətimizi sağlamlaşdıraraq, saflaşdıraraq birgə inkişaf yoluna üz tutaq” deyə Hakim Əlizadə çıxış etdi.
Sonra çıxış üçün söz “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin fəal xanımlarından olan Zülfiyyə Səfərovaya verildi. Zülfiyyə xanım “Qadın fərdin və cəmiyyətin tərbiyyəçisi kimi” adlı mühazirə ilə çıxış etdi. Mühazirədə qadınların əsas missiyalarına toxunularaq, insanların istər fərd, istərsə də toplum olaraq tərbiyyəsində qadının mühümlüyü bir daha vurğulandı.
Daha sonra ilahiyyatçı alim, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmmədəmin Rəhim “İslamda qadın” mövzusunda çox maraqlı mühazirə etdi. Natiq İslam dinində qadına münasibət və onlara verilən haqq və hüquqlar, eləcə də İslami dəyərlər qadını necə görmək istəyir kimi çox həssas mövzulara toxundu. Məhəmmədəmin Rəhim cəmiyyətdə mövcud problemlərin həlli üçün bir neçə modelin olduğunu bildirərək, bu modellər arasında İslami modelin üstünlüklərini konfrans iştirakçılarının nəzərlərinə çatdırdı.
Elmi-praktik konfransda mövzu ilə bağlı “Aydınlığa Doğru” İctimai Birliyinin nümayəndəsi Zülfiyyə Əmrahlı, “Mənəvi Saflığa Dəvət” İctimai Birliyuinin əməkdaşı Könül Quliyeva və digərləri çıxış etdilər.
Mühazirələrdən sonra qaldırılan məslələr ətrafında konfrans iştirakçıları ilə mühazirəçilər arasında müzakirələr keçirildi. Müzakirələrin sonunda bir sıra problemlərin həlli üçün təkliflər səsləndirilərək adiyyatı qurumlara təqdim edilməsi qərara alındı.
Konfransın sonunda bütün xanımları Həzrət Fatimənin (ə) doğum günü münasibətilə təbrik edən “Mənəvi Saflığa Dəvət” İctimai Birliyi tədbirdə iştirak edən xanımlara gül hədiyyə etdi.
 
www.manevisafliq.org
  • Yazılıb
  • da (də) 2010 Jun 06