Tarix : 2010 Sep 04
Kod 18829

Rusiya prezidentinin Azərbaycana səfəri başlayıb

sentyabrın 2-si Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyevin Azərbaycana rəsmi səfəri başlayıb
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin "Yeni Şərq"ə istinadən verdiyi məlumata görə, sentyabrın 2-si Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyevin Azərbaycana rəsmi səfəri başlayıb. Bildirilir ki, iki gün davam edəcək səfər çərçivəsində iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq və Xəzər dənizində qarşılıqlı fəaliyyət məsələləri müzakirə ediləcək. Səfərin yekununda dövlət sərhədi haqqında müqavilə və Samur transsərhəd çayının su resurslarının rasional istifadəsi və mühafizəsinə dair hökumətlərarası saziş imzalanması gözlənilir. İmzalanacaq müqavilə əsasında Rusiya və Azərbaycanın dövlət sərhədi dəqiqləşəcək. Azərbaycan ilk belə müqaviləni Rusiya ilə imzalamış olacaq. Azərbaycan və Rusiya prezidentləri beynəlxalq məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, həmçinin Xəzərdə beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədirlər. Səfərin ilk günü Dmitri Medvedyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək. Bu gün Rusiya dövlət başçısı həmçinin Azərbaycan prezidenti İlham Əliyevin adından verilən rəsmi şam yeməyinə də qatılacaq.
Sentyabrın 3-ü Bakıda əvvəlcə prezidentlər səviyyəsində, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar başlayacaq. Danışıqlardan sonra sənədlərin imzalanması nəzərdə tutulur. ARDNŞ ilə “Qazprom” arasında Rusiya holdinqinin 2011-2012-ci illərdə Azərbaycandan satın aldığı mavi yanacağın həcminin artırılmasını nəzərdə tutan əlavə saziş imzalanması gözlənilir.
Dmitri Medvedyev səfər çərçivəsində Bakı Dövlət Universitetinin müəllim-tələbə heyəti ilə də görüşəcək. Rusiya prezidenti bu universitetin fəxri doktorluq diplomu ilə təltif olunacaq.
Rusiya prezidentini səfərdə köməkçisi Sergey Prixodko, baş nazirin müavini, prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Sergey Şmatko, bir sıra regionları rəhbərləri, o cümlədən Dağıstan və İnquşetiya prezidentləri, həmçinin Rusiya biznesinin nümayəndələri, “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller müşayiət edirlər.
 
“Aran” İA
 
 
 
  • Yazılıb
  • da (də) 2010 Sep 04