Tarix : 2015 Oct 28
Kod 46718

NİDA Vətəndaş Hərəkatı parlament seçkilərinə qatılmayacaq

NİDA Vətəndaş Hərəkatı 1 noyabr seçkilərinə qatılmayacaq

Arannews- NİDA Vətəndaş Hərəkatı parlament seçkilərində iştirakdan imtina etdiyi haqda bəyanat yayıb .

bəyanatda təşkilatın seçkilərin azad və ədalətli keçiriləcəyini inanmadığı qeyd olunur və bildirilir ki, seçkilər növbəti dəfə saxtalaşdırılacaq və rejim özünə xidmət edən “parlament” formalaşdıracaq: "Seçkilərə qatılmaqda məqsədimiz mandat almaq deyil, mövcud repressiya şəraitində 21 günlük təbliğat müddətindən istifadə edib insanlarla təması gücləndirmək, NİDA-nı onlara tanıtmaq, məqsəd və məramımızı insanlara çatdırmaq, vətəndaşlarımızın dərdlərini dinləmək, xalqı dəyişiliklər naminə mübarizəyə səsləmək idi. Biz həm imzatoplama, həm də təbliğat-təşviqat dövründə onminlərlə vətəndaşımızla ünsiyyətdə olaraq bu niyyətimizi həyata keçirdik. Digər tərəfdən, hakimiyyətin seçki dövründə sərgilədiyi davranış seçkilərin ənənəvi ssenari əsasında keçiriləcəyini göstərdi. Təsadüfi deyil ki, 8 nəfərlə seçkiyə qatılan NİDA-nın yalnız 2 namizədi – 18-ci dairədən Ramin Hüseynov, 35-ci dairədən İlahə Əmiraslanova qeydə alındılar. Digər 6 namizədimiz müxtəlif bəhanələr gətirilərək qeydə alınmadılar, bəzi hallarda onlara imza verən vətəndaşlara təzyiq göstərildi, namizədlərin seçkidə iştirak hüququ açıq-aşkar pozulmuşdu. Oxşar hallar digər müxalif və müstəqil namizədlərdə də müşahidə olunub. Eyni zamanda bütün gözləntilərə rəğmən hakimiyyət seçki prosesinə marağı daha da azaltmaq üçün namizədlərə pulsuz efir vaxtı ayırmadı ".

NİDA hakimiyyətin obyektiv və ədalətli seçki rəyindən narahat olduğunu xatırladır və ATƏT-in Varşava bürosunun seçkiləri hərtərəfli müşahidəsinə süni maneələr yaratdıığını qeyd edir: "İqtidar qurumun Azərbaycana seçki müşahidə missiyası göndərməməsi üçün əlindən gələn hər şeyi etdi. Bu seçkiləri beynəlxalq müşahidəçilərdən yalnız Avropa Şurası Parlament Assambleyasının nümayəndələri müşahidə edəcək ki, onların NİDA-nın nümayəndələriylə son görüşü zamanı davranışı, mətbuata verdiyi açıqlamaları hakimiyyətə sərf edən qərəzli seçki rəyi verəcəklərinə dair şübhə yeri qoymur. Məhz bu səbəbdən biz NİDA Vətəndaş Hərəkatı olaraq bəyan edirik ki, AŞPA-nın nümayəndə heyətinin obyektivliyinə inanmadığımıza görə onların ikinci görüş dəvətinə imtina cavabı verdik ".

"NİDA Vətəndaş Hərəkatı hakimiyyətin total saxtakarlığa hazırlaşdığına bir daha əmin olduqdan və seçkilərlə bağlı əsas hədəfi olan xalqla təması gücləndirmək missiyasını yerinə yetirdikdən sonra bəyan edir ki, hərəkatımızın namizədləri Ramin Hüseynov və İlahə Əmiraslanova namizədliklərini geri çəkirlər. Yuxarıda qeyd etdiyimiz səbəblərdən və ölkədəki mövcud ictimai-siyasi vəziyyəti, repressiv mühiti əsas gətirərək hərəkat olaraq parlament seçkilərində iştirakdan imtina edirik və nəticələri indidən bəlli olan seçkiləri tanımayacağıq. Bununla bərabər üzvlərimiz seçkilərdə müşahidəçilik edərək hakimiyyətin saxtakarlıqlarını ifşa etməyə çalışacaqlar",-deyə bəyanat bu fikirlərlə bitir.


  • Yazılıb
  • da (də) 2015 Oct 28
  • Göndərən مدير سايت Aran News
Açar sözlər