Tarix : 2015 Nov 03
Kod 46767

«Azərbaycandakı rejim vətəndaşların seçki yolu ilə hakimiyyət dəyişikliyinə olan inamını öldürdü»

“Azərbaycanda repressiyalar yenə güclənib”

Arannews- Azərbaycanda noyabrın 1-də keçirilmiş parlament seçkiləri dünya mediasında müzakirə mövzularından biridir. Qərbin nüfuzlu media orqanları bu barədə yazarkən ilk növbədə Azərbaycanda diktatura rejiminin hökm sürməsi, azad və ədalətli seçki keçirilməsi üçün şərait yaradılmadığından əsas müxalifət qüvvələrinin seçkini boykot etməsi, ölkədə fəallara qarşı repressiyalardan bəhs edir .

 Azərbaycanda seçki institutu sıradan çıxarıldı

ABŞ-ın dünyaca məşhur “Bloomberg” agentliyi “Azərbaycanda hakim partiya mübahisəli səsvermə nəticəsində parlamenti ələ keçirdi” başlıqlı məqalədə yazır :

 Prezident Ilham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bazar günü keçirilən parlament seçkilərindən sonra 125 deputat yerindən 69-nu qazandı. Əsas müxalifət partiyaları bu seçkini boykot edib. Avropalı müşahidəçilər də Azərbaycandakı seçkini izləməkdən imtina edib. Əslində hökumətə sadiq olan ”bitərəf” namizədlərə parlamentdə 40-dan artıq yer verilib. Qalan yerlərə isə hökumətyönlü kiçik partiyalar sahib olub. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, səsvermədə seçicilərin 55,7 faizi iştirak edib .

 Bu, bizim müstəqillik tariximizdə ən biabırçı seçkidir. Bu gün rejim vətəndaşlarımızın seçki yolu ilə hakimiyyət dəyişikliyinə olan inamını öldürdü, seçki institutu sıradan çıxarıldı”, – deyə müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib .

Bu seçki Əliyevin MTN-də çalışan bir qrup şəxsi həbs etdirməsi, həmçinin dünya bazarında neftin kəskin ucuzlaşmasıyla əlaqədar Azərbaycanda iqtisadi problemlərin fonunda baş verdi. Azərbaycan keçmiş Sovet Ittifaqı ölkələri arasında neft ixracına görə üçüncüdür .

Bu ilin fevralında Mərkəzi Bankın devalvasiya qərarı nəticəsində manat dollara nisbətdə dəyərini 35 faiz itirib .

Bu ölkədə insan haqlarının pozulması ilə əlaqədar ABŞ və Avropa Ittifaqının Azərbaycan hökumətilə münasibətləri pisləşir. Dağlıq Qarabağ münaqişəsilə əlaqədar Azərbaycanla Ermənistan arasındakı gərginlik də artır .

AXCP və digər müxalifət təşkilatları, o cümlədən Müsavat partiyası seçkini boykrt edib. Onlar bəyan edib ki, azad və ədalətli seçkinin keçirilməsi üçün heç bir şərait yaradılmayıb. Buna baxmayaraq, bəzi müxalif qruplar seçkidə iştirak etsələr də, onların heç biri parlamentə buraxılmadı .

Azərbaycan 1991-ci ildə müstəqillik əldə edəndən bəri ATƏT ilk dəfə olaraq, bu ölkədə keçirilən seçkiyə müşahidəçi göndərməkdən imtina etdi. Təşkilat bəyan etdi ki, Azərbaycan hökumətinin müşahidəçilərin sayının azaldılması ilə bağlı tələbi faktiki bu seçkinin effektiv və etibarlı müşahidəsinə imkan vermir .

YAP sədrinin müavini Əli Əhmədov bildirib ki, seçki azad və ədalətli keçib. Onun sözlərinə görə, “seçkinin nəticələri Azərbaycan cəmiyyətinin dövlətə və hökumətə etimadını” göstərir .

Məzahir Pənahov deyir ki, səsvermənin nəticəsinə təsir göstərən insident baş verməyib. Lakin müxalifət fəalları səsvermənin gedişində çoxsaylı qanun pozuntularına yol verildiyini, o cümlədən eyni adamların müxtəlif məntəqələrdə dəfələrlə səs verdiyini, qutulara topa-topa bülletenlər atıldığını bildirir .

Avropa Şurası Parlament Assambleyasının 28 nəfərlik müşahidə missiyasının üzvləri arasında Azərbaycandakı seçkiyə münasibətlə bağlı parçalanma yaranıb .

Müşahidə missiyasına daxil olanların bir qismi bəyanat yayaraq bildirib ki, səsvermə beynəlxalq standartlara uyğun keçirilib. Lakin AŞ PA üzvlərinin bir qrupu ayrıca bəyanat yayaraq qeyd edib ki, bu seçkini azad, ədalətli və demokratik adlandırmaq olmaz ”.

 Azərbaycanda repressiyalar yenə güclənib

Almaniyanın yarım milyon tirajı olan “Die Zeit” qəzeti parlament seçkiləri barədə məqalədə Azərbaycanı Qafqazın avtoritar ölkəsi kimi təqdim edib :

Qafqazın avtoritar ölkəsi olan Azərbaycanda əvvəlcədən gözlənildiyi kimi, hakim Yeni Azərbaycan Partiyası tam qələbə qazandı. Mərkəzi Seçki Komissiyasının səslərin 91 faizinin hesablanmasından sonra açıqladığı nəticələrə görə, prezident Ilham Əliyevin partiyası parlamentdəki 125 yerin ən azı 69-na sahib olub. Əsas müxalifət partiyaları seçkini boykot edib. Onlar əvvəlcədən bəyan etmişdilər ki, səsvermənin nəticələri saxtalaşdırılacaq .

Müstəqil beynəlxalq müşahidəçilər də Azərbaycandakı seçkini izləməkdən imtina edib .

Müxalifət təşkilatları, eləcə də hüquq-müdafiə qurumları Azərbaycan hökumətini ittiham edərək, seçki öncəsi müxalif fəalların təqib olunduğunu, onların heç bir əsas olmadan həbs edildiyini bildirirlər .

ATƏT də Azərbaycan hökumətilə mübahisələrdən sonra bu ölkədə keçirilən seçkini izləmək üçün müşahidə missiyası göndərməkdən imtina etdi .

ATƏT Azərbaycanda 2013-cü ildə keçirilmiş son prezident seçkilərinin qeyri-demokratik olduğunu, əsas azadlıqların pozulduğunu bəyan etmişdi .

Azərbaycanda 5,9 milyon seçici var. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin 55,7 faizi noyabrın 1-də keçirilən səsvermədə iştirak edib. Parlamentdə 125 yer uğrunda təxminən 700 namizəd mübarizə aparırdı .

Səsvermə günü Müsavat partiyasının lideri Isa Qəmbər bildirib ki, seçki saxtakarlığı ilə bağlı saysız-hesabsız faktlar qeydə alınıb. Eyni adamlar bir neçə yerdə səs verib, müstəqil müşahidəçilərin işinə əngəl yaradılıb və s .

Hüquq-müdafiə təşkilatlarının məlumatına görə, son həftələrdə Azərbaycanda repressiyalar da yenidən güclənib. Xüsusən, hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus ətrafında baş verənlərə görə beynəlxalq təşkilatlar Azərbaycan hökumətini tənqid edir .

Maraqlıdır ki, Belarus rəhbərliyindən fərqli olaraq, Azərbaycan hökumətinə sanksiyalar tətbiq olunmur. Neftlə zəngin Azərbaycan həm də Avropa Ittifaqı üçün vacib iqtisadi tərəfdaşdı. Təkcə Almaniya bu ölkədən keçən il 2 milyard avrodan artıq neft alıb .

2003 -cü ildən prezident olan Ilham Əliyev atası Heydər Əliyevin hakimiyyətdə qalmaq uğuruna çatmağa çalışır. Atası kiçik fasilə ilə 1969-cu ildən 2003-cü ilə qədər Azərbaycanı idarə edib .

 Despotik siyasi mühitin hökm sürdüyü ölkə …”

BBC yazır ki, Azərbaycanda parlament seçkisi ana müxalifət patiyalarının boykotu şəraitində keçib. Müxalifət İlham Əliyev hökumətini özünün az qala, bütün opponentlərini məhbəsə atmaqda ittiham edir .

Reportajda qeyd olunur ki, hökumət tənqidçiləri parlament seçkisinin nəticələrinin hələ səsvermədən əvvəl bəlli olduğunu söyləyiblər .

BBC-nin Cənubi Qafqaz müxbiri Rayhan Demytrie bildirir ki, yazır ki, həqiqətən də müxalifətçi sayılacaq heç bir siyasi təşkilat bu səsverməyə qatılmayıb. Müəllifin sözlərinə görə, bazar günü keçirilmiş seçki neftlə zəngin bu ölkədə despotik siyasi mühitin olduğunu bir daha xatırladıb: “Son iki ildə Azərbaycan hakimiyyəti demək olar ki, bütün tənqidi səs sahiblərini – jurnalistləri, vətəndaş cəmiyyəti fəallarını və insan haqları vəkillərini həbsxanalara salıb ”.

 Tənqidçilərə həbs, hökumətə xidmət göstərənlərə isə havayı mənzil, orden və medal …”

Britaniyada nəşr olunan “Vice News” jurnalı Azərbaycandakı parlament seçkiləri barədə yazır ki, öz hakimiyyətini 20 ildən artıq müddətdə qoruyub saxlayan hökumət indiyədək bütün seçkilərdə müxalifətin seçilməsini mümkünsüz edən ən müxtəlif vasitələrə əl atıb – seçicilərin və namizədlərin qorxudulması, seçki kampaniyası müddətinin qısaldılması, təbliğat imkanlarının məhdudlaşdırılması, namizədlərin qeydiyyatından imtina edilməsi

Müəllif qeyd edir ki, bu ölkədə xüsusən son iki il hakimiyyətin repressiyaları ilə xarakterizə oluna bilər .

 Vice News” yazır ki, müxalifət namizədlərinə imza verən şəxslərin evlərinə polis göndərilir, onlar təhdid olunur və imzalarından imtina etməyə məcbur edilirlər .

 Azərbaycanda Xədicə Ismayılova kimi prinsipial hökumət tənqidçiləri həbsə atılır, hakimiyyətə xidmət göstərən jurnalistlər isə havayı mənzillər, orden və medallarla mükafatlandırılır .

Müxalifət üçün həbsxanadan çıxmağın yolu da var – müxalifət partiyasına üzvlükdən çıxırsan, Əliyevə sədaqətini elan edirsən, onun atası Heydər Əliyevin məzarına baş çəkirsən. Çoxları elə belə də edir”, – deyə məqalədə qeyd olunur.

  • Yazılıb
  • da (də) 2015 Nov 03
  • Göndərən مدير سايت Aran News