Tarix : 2015 Nov 14
Kod 46842

Qarabağ dərdinin dərmanı

Yalnız çağdaş, modern, mədəni dünyaya qovuşmuş, onun bir parçasına çevrilmiş Azərbaycan bütün dərdlərimizə dərman ola bilər, o sıradan da, Qarabağ dərdimizə!
AranNews- Ən gülməlisi, gülməli olduğu qədər də ağlamalısı, bilirsinizmi, nədir? Ölkənin ciddi siyasi və iqtisadi sorunlarının qarşısına bir qayda olaraq “Bizim Qarabağ kimi dərdimiz var” bəhanəsi ilə çıxanlar, “korrupsiyanın kökünü niyə kəsmirsiniz”, “seçkiləri niyə saxtalaşdırırsınız”, “inhisarçılıq nə qədər davam edəcək”, “Azərbaycanın çağdaş, modern dünyaya intteqrasiyasını niyə əngəlləyirsiniz”, “azad sözü niyə boğursunuz”, “tənqidçi, müxalif insanları niyə şərləyib həbsə doldurusunuz” kimi suallara “axı bizim Qarabağ kimi dərdimiz var!” “arqumentilə” cavab verənlər büdcə pullarının altından girib üstündən çıxanda, 1000 manat maaşa bir neçə milyon manatlıq villalar ucaldıb, 200-300 min manatlıq “inomarkalar” sürəndə nədənsə Qarabağ kimi dərdimizin olmasını unudurlar.
Baxın, MTN-lə bağlı artıq özlərinin də etiraf etmək məcburiyyətində qaldıqları qanunsuz işlərə! Eyni MTN bu ölkədə nə qədər tənqidçi, müxalif insanı “düşmən dəyirmanına su tökməkdə” günahlandırıb, onların haqsız yerə həbs yaşamasına bais olub.
Eyni MTN nə qədər ictimai və siyasi fəalı “ermənipərəst” çıxarmaq üçün əldən-ayaqdan gedib, onlar barədə olmazın iftiralar uydurub.
Amma indi bütün çılpaqlığı ilə məlum olur ki, bu nazirliyin guya dəhşətli dərəcədə Qarabağ dərdi çəkən, guya dəhşətli dərəcədə vətənpərvər, millətə və dövlətə bağlı başbilənləri əslində həmin Qarabağ dərdinin arxasında öz reket fəaliyyətlərini gizlədirmişlər!
Soruşuram sizdən: doğrudan da Qarabağ dərdi çəkən heç harama əl uzadarmı?
Doğrudan da Qarabağ dərdi çəkən öz ölkəsinin vətəndaşını şantaj edərmi, onu soyarmı, onu talayarmı, onu vətənindən iyrəndirərmi?
Niyə Qarabağ dərdi Azərbaycanda bir ovuc adamın gündən-günə varlanmasına, sərvətinin aşıb-daşmasına mane olmur, amma bu ölkədə insan haqlarının və azadlıqlarının təntənəsinə mane olur?
Niyə Qarabağ dərdi çinovniklərin və onların balalarının kef-damaq, yağ-bal içində yaşamasına, ərəb şeyxləri kimi dəbdəbəli həyat sürməsinə mane olmur, amma azad və adil seçki keçirilməsinə, məhkəmələrin ədalətli, yalnız hüququn iradəsinə söykənən qərarlar qəbul etməsinə mane olur?
Niyə Qarabağ dərdi hansısa nazirin təkcə öz nazirliyində 80 nəfər qohum-əqrəbasına vəzifə verməsinə mane olmur, amma vətəndaş cəmiyyətinin, söz azadlığının varlığına mane olur?
Cavab verin görək: Qarabağ dərdi çəkmək nədir, büdcədən öz cibinə “korrupsiya durbası” çəkmək nə?
Qarabağ dərdi çəkmək nədir, asfalt çəkib, onu söküb kanalizasiya xətti çəkib, sonra yenə asfalt çəkib, sonra söküb bu dəfə su xətti çəkib sonra təzədən asfalt çəkmək nə?
Qarabağ dərdi çəkmək nədir, sənin kimi düşünməyən, ölkənin bu günü və gələcəyi ilə bağlı səndən fərqli baxışları olan insanların yatağına videokamera quraşdırıb onların intim kadrlarını çəkmək nə?
Qarabağ dərdi çəkmək nədir, ədalətli seçkinin, tənqidçi sözün, sərbəst toplaşmaq azadlığının üstündən xətt çəkmək nə?
Qarabağ dərdi çəkmək nədir, yalanı, yaltaqlığı ödülləndirib başa çəkmək nə?
Qarabağ dərdi çəkmək nədir, neft buruqlarından ofşor zonalara yol çəkmək nə?
Qarabağ dərdi çəkmək nədir, Qarabağ qazisinin çörəyinə göz dikib onun qəlbinə özünü yandırmaq həddinə çatdıracaq qədər dağ çəkmək nə?
Qarabağ dərdi çəkmək nədir, hüququn üstünlüyünün, qanunların aliliyinin, milli iradənin önünə sədd çəkmək nə?
Düzü, bütün bu suallara yaptokratlardan heç bir cavab gözləmirəm. Çünki onlar cavabı özündə olan suallardır. Hamıya hər şey aydındır.
Sadəcə, bunu bir daha və daha ucadan söyləməkdə fayda görürəm: bəli, bizim Qarabağ kimi dərdimiz var, ancaq bu dərdin dərmanı da Azərbaycanı demokratiyanın, hüququn, ədalətin, milli iradənin, insan haqq və azadlıqlarının əgəmən olduğu, üstün olduğu ölkəyə çevirməkdir.
Yalnız çağdaş, modern, mədəni dünyaya qovuşmuş, onun bir parçasına çevrilmiş Azərbaycan bütün dərdlərimizə dərman ola bilər, o sıradan da, Qarabağ dərdimizə!

Elnur Astanbəyli
  • Yazılıb
  • da (də) 2015 Nov 14
  • Göndərən مدير سايت Aran News