Tarix : 2008 May 20
Kod 4783

AZƏRBAYCAN “DÜNYANIN SÜLHSEVƏR ÖLKƏLƏRININ REYTINQI”NDƏ 101-CI YERƏ LAYIQ GÖRÜLÜB

Tədqiqatda əsasən qonşu ölkələrlə əlaqələr, silah satışı və sərhədlərdən xaricdə Silahlı Qüvvələrin sayı barədə informasiyalar əsas götürülüb
Azerbaijan Servisi/Aran Agentliyi
Azərbaycan hər il ənənəvi tərtib olunan “Dünyanın sülhsevər ölkələrinin reytinqi”ndə 101-ci yerə layiq görülüb. Bu barədə məlumat The Financial Times qəzetində dərc olunub. Bu layihənin rəhbəri Avstraliya sahibkarı və xeyriyyərçi Stiv Killeliadır. Müstəqil Sülh və İqtisadiyyat İnstitutu və Britaniyanın The Economist jurnalının analitik bürosu tərəfindən tərtib edilən reytinq ölkələrin daxili vəziyyəti və xarici siyasəti ilə bağlı 24 meyar üzrə qiymətləndirilmələrin əsasında qurulur. Tədqiqatda əsasən qonşu ölkələrlə əlaqələr, silah satışı və sərhədlərdən xaricdə Silahlı Qüvvələrin sayı barədə informasiyalar əsas götürülüb. Bundan başqa terror hücumu, cinayətkarlıq səviyyəsi və ölkədəki məhbusların sayı da nəzərə alınıb.
    Qeyd edək ki, reytinqdə İslandiya birinci, Danimarka ikinci, Norveç isə üçüncü yerdədir. Almaniya 14, İspaniya 30, Böyük Britaniya 49, Çin 67, Qazaxıstan 72, ABŞ 97, Türkmənistan 102, İran 105, Özbəkistan 111, Türkiyə 115, İsrail 136, İraq isə artıq ikinci ildir ki, siyahıda sonuncu 140-cı yerdədir. Siyahıda Ermənistan və Gürcüstan isə keçən ilki kimi yer tutmayıblar.
    Verilən məlumata görə, İslandiyanın birinci yerə layiq görülməsinə səbəb, ölkədəki daxili siyasi sabitlik və çox az sayda məhbusun olmasıdır. Bundan başqa, ölkənin mütəmadi olaraq ordusu yoxdur, bunun əvəzində isə qonşu ölkələrlə yaxşı əlaəqələr dəstəklənir.
    İraq isə Amerika qoşunlarının 2003-cü ildə bu ölkəyə
yeridilməsindən bu yana gərgin olaraq qalır. Bu müddət ərzində ölkədə qaçqınların sayı 4 milyona çatıb. Ən yaxşı göstəricilər isə Avropa ölkələrində qeydə alınıb. Buna baxmayaraq ilk onluqda Kipr, Yunanıstan, həmçinin Böyük Britnaiya və Fransa yer almayıb. Sonuncuların aşağı reytinqi yüksək səviyyəli hərbiləşmə ilə bağlıdır.
  • Yazılıb
  • da (də) 2008 May 20