Tarix : 2016 Jun 30
Kod 49485

Azərbaycanli ilahiyatçi: "Qüds Günü, məzlumlara dəstək günüdür"

Qədir Məmmədov: "Qüds Günü, məzlumlara dəstək günü, məzlumun zalım qarşısında dirəniş günü və dünyada baş verən zülm və cinayətlərə etiraz günüdür".
Arannews- Qüds Günü ilk dəfə 1982-ci ildə İslam İnqilabının banisi imam Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bir çox müsəlman ölkələrində hər il Mübarək Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri məqsədi ilə Qüds Günü keçirilir.
Ramazan ayının son cüməsi bütün dünyada olduğu kimi, Azərbaycanda da beynəlxalq Qüds Günü kimi qeyd edilir.
Bu günün əhəmiyyəti və mahiyyəti ilə bağlı ilahiyyatçı Qədir Məmmədov bunları bildirib:  
"Bismillahir-rəhmanir-rəhim. 1982-ci ildə İmam Xomeyninin (r.) təşəbbüsü ilə Mübarək Ramazan ayının son cümə günü Qüds Günü elan olundu. Beynəlxalq Qüds günündə müsəlmanlar, torpaqları işğal olunmuş və zülmə məruz qalmış Fələstin xalqına dəstək çıxaraq dolaysıyla dünyada baş verən işğalçı siyasətə öz etirazlarını bildirirlər.
Böyük güclərin dəstəyi ilə bir xalqı öz məkrli qara niyyətlərinin əsiri etmiş sionizm rejimi, hələ də dünya ictimaiyyəti tərəfindən qınanılmır. Beynəlxalq təşkilatlar minlərlə günahsız dinc fələstinlini, o cümlədən uşaq, qadın, qoca və xəstələri öz evlərində amansızlıqla şəhid edən qəsbkar sionist rejiminin zülm və cinayətləri qarşısında susduğu halda, işğala qarşı mübarizəyə qalxan  fələstinliləri “terrorçu” olaraq tanıtdırır. Cinayətkarların cəzasız qalması isə yeni-yeni cinayətlərə yol açır. Əgər işğalçılar vaxtında öz layiqli cəzalarını alsaydılar, bu gün işğalçılıq yer üzünü bürüməzdi. 
Qüds Günü, məzlumlara dəstək günü, məzlumun zalım qarşısında dirəniş günü və dünyada baş verən zülm və cinayətlərə etiraz günüdür. Müsəlmanların həyatında baş verən bütün fərdi, ictimai, siyasi və s. kimi məsələlər, hər bir müsəlmanı narahat etməlidir. Peyğəmbər (s) buyurur: "Müsəlmanların fəryadını eşidib, ona hay verməyən müsəlman deyildir". Elə bu səbəbdən də Qüds Günü müsəlman fəryadına hay günüdür. Mübarək Ramazan ayında Mütəal Allah qarşısında olunan ibadətin məntiqi nəticəsi, İslam coğrafiyasında müsəlmalara qarşı olunan zülm, haqsızlıq və cinayətlərə etiraz etməkdir". 


  • Yazılıb
  • da (də) 2016 Jun 30
  • Göndərən مدير سايت Aran News