Tarix : 2018 Jan 28
Kod 54210

Rəsmi Dəməşq ABŞ komandasının Suriya ilə bağlı yeni planına cavab verib

“Bu qeyri-rəsmi sənəd bütün təfərrüatı ilə birgə rədd edilir. Bu sənəd orada yazılan və istifadə edilən mürəkkəbə belə layiq deyil.”
Arannews-İslaminSesi.info əl-Aləmə istinadla xəbər verir ki, bunu Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşşar əl-Cəfəri ötən gün Vyanada məsələyə münasibət bildirərkən deyib.
Qeyd edək ki, iki həftə öncə ABŞ, Britaniya, Fransa Səudiyyə Ərəbistanı və İordaniya nümayəndələri Vaşinqtonda bir araya gələrək Suriyanın gələcəyi ilə bağlı yeni sənədi müzakirəyə çıxarıblar. Sənəd ilkin mərhələdə təsdiqlənib.
Sənəd son günlərdə Parisdə Suriya ilə bağlı keçirilən toplantı zamanı BMT-nin münaqişə üzrə nümayəndəsi Stefan de-Misturaya verilib ki, münaqişə ilə bağlı digər ölkələrə çatdırılsın.
Özünü Suriya münaqişəsinin həlli üçün “ABŞ komandası” kimi təqdim edən komanda iki həftə öncə Vaşinqtonda bir araya gəlmişdi.
İlkin mərhələdə barəsində razılıq əldə edilən təhlükəli sənəddə deyilir ki, Suriyanın idarəsi BMT-nin nəzarətinə verilməli, Cenevrə danışıqlarında Suriyanın konstitusiyası müzakirəyə çıxarılmalı, bu danışıqlarda Suriya konstitusiysında prezident və baş nazirin seçilməsi mexanizmi, seçkilərin keçirilməsi mexanizmi, silahlı qüvvələrin təşkili mexanizmi, parlamentinin seçilməsi və təşkili mexanizmi və sair məsələlər müzakirə edilməlidir.
Halbuki, Cenevrə-1 anlaşmasına əsasən (BMT-in 2254-qərarı) ölkənin siyasi vəziyyətini suriyalılar həll etməlidir, qərarı öz əksini tapıb.
Amerika komandasının Suriya ilə bağlı beynəlxalq ictimaiyyətə sırımaq istədiyi sözügedən sənəddə ölkənin mərkəzi idarəetmədən çıxarılması məqsədilə, yüksək səlahiyyətli müxtəlif yerli icraetmə orqanlarına bölünməsi təklif edilib. Və bundan sonra ölkənin bütününün idarəsinin BMT-nin nəzarət və qəyyumluğuna verilməsi yer alıb.
Bu sənəddə həmçinin yer alıb ki, keçid dövründə baş nazir və nazirlərin təyinində prezidentin rolu olmasın, prezident və aparatı səlahiyyətlərindən imtina etsin və bu qurum rəmzi siyasi qurum olsun.
Sənəddə Suriyanın tam bir federal dövlətə çevrilməsi öz əksini tapıb.

  • Yazılıb
  • da (də) 2018 Jan 28
  • Göndərən مدير سايت Aran News