Tarix : 2018 May 24
Kod 55367

Siyavuş Novruzov qız qaçırılmanı insan oğurluğu saymır

Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov Cinayət Məcəlləsində qız qaçırılmanın insan oğurluğu kimi göstərilməsinə etiraz edib.

Arannews-APA” agentliyinin məlumatına görə, parlamentdə keçirilən dəyirmi masada S.Novruzov bildirib ki, ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil.“Bir var tamah məqsədi ilə insan qaçırır, cinayət törədir, bir də var iki şəxs bir-birini sevir, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib, bunu qanunvericilikdə fərqləndirməliyik” , - deyə o qeyd edib.“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Meydan TV-yə xatırladıb ki, Azərbaycan qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması haqda konvensiyaya qoşulub.

O, konvensiyadan sitat gətirərək deyib ki, hökumətlər mütləq şəkildə möhvumatçılıq, stereotiplərdən, köhnə adətlərdən azad olunmalıdır.

“Əgər oğlan qızı qaçırırsa, bunun tərkibində zorakı, məcburi və iradəsinin əleyhinə olaraq həmin adamla evlənməyə maneçilik var. Nəticədə köhnə ənənələrin təsiri rol oynayır”.

Mehriban Zeynalova
Mehriban Zeynalova.

Mehriban Zeynalovanın qənaətincə, hökumət maarifçilik işi aparıb, izah etməlidir ki, əgər 18 yaş tamamdırsa, qanun evlənmək istəyən şəxslərə rəsmi nikaha girməyə icazə verir.“İnsanlara qanuni yolla həyatlarını qurmağı öyrətmək lazımdır. Rəsmi nikaha girirsə, heç bir polis onu adam oğurluğunda ittiham edə bilməz. Bəli, 16-17 yaşında qız qaçırılırsa, adam oğurluğudur. Amma 18 yaşı tamam olubsa, oğlanı istəyirsə, rəsmi nikaha girsinlər və problemlər yaranmaz. Biz isə əksinə edirik və bu cür evlənmələrin əksəriyyətində rəsmi nikah olmur, qeyri-rəsmi nikahlar artır, uşaqlar doğulur, sənədləşmədə və əmlakda problemlər yaranır. Ona görə qız qaçırılma adam oğurluğu kimi qiymətləndirilməli və bu formada da saxlanılmalıdır. Nə vaxta qədər insanların düşüncə tərzi dəyişməyib, qanunu dəyişmək olmaz”.Azərbaycan qanunvericiliyində qızı evlənmək məqsədilə qaçırma halı 2000-ci ilə qədər az ağır cinayətlər kateqoriyasına daxil edilib. 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət Məcəlləsində qadını evlənmək məqsədilə oğurlayanlara (129-cu maddə) 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdu. Eyni hərəkətlər yetkinlik yaşına çatmayan şəxs barəsində edilərdisə, həbs müddəti 5 il də ola bilərdi.2000-ci il sentyabrın 1-dən qüvvəyə minən yeni Cinayət Məcəlləsində bu əməl adam oğurluğu kimi tanınıb. Amma 144-cü maddənin tərkibindəki bəndlərdə “qızqaçırma” sözü yoxdur və ittiham olunanları 5 ildən 12 ilədək həbs gözləyir. Eyni əməllər yetkinlik yaşına çatmamış şəxsə qarşı törədildikdə həbs cəzası 15 ilədək yüksəldilə bilər.

  • Yazılıb
  • da (də) 2018 May 24
  • Göndərən مدير سايت Aran News