Tarix : 2019 Jun 08
Kod 58286

Qüds savaşı: Müqəddəs əmanət təhlükədə (MƏQALƏ)

Dünyanın ən qədim şəhərlərindən olan Qüds 3 səmavi dinin - İslam, Xristianlıq və Yəhudiliyin müqəddəs şəhəri hesab olunur.

Müsəlmanlar üçün ən müqəddəs yerlərdən biri Həram əs-Şərif məscidinin yerləşdiyi müqəddəs məbədgah kompleksidir. Buraya İslam dünyası üçün əhəmiyyətinə görə 3-cü ibadət yeri sayılan Əl-Əqsa məsçidi də daxildir.

Əl-Əqsa məscidinin müsəlmanlar üçün xüsusi əhəmiyyəti var. Belə ki, müsəlmanların ilk qibləsi Qüds idi. Bundan başqa İslam peyğəmbəri Həzrəti Məhəmməd (s.ə.s) bu şəhərdən meraca gedib. Əl-Əqsa məscidinin adı müqəddəs Quranda da çəkilir. Belə ki, bu məscid Quranda "mübarək məkan" adlandırılır. Məscidin adı Məhəmməd Peyğəmbərin (s.ə.s) sağlığında Məkkəyə ən uzaq yerdə olması səbəbindən “Məscidi əl-Əqsa” adlandırılıb. Ancaq bu müqəddəs məkanın tarixi İslamdan çox-çox qədimə gedir.

Tarixən Qüds uğrunda daim amansız mübarizə gedib, şəhər müxtəlif dövlətlərin ordularının hücumlarına məruz qalıb, müxtəlif dövlətlərin tərkibində olub. 1517-ci ildən 1917-ci ilədək isə şəhərə Osmanlı imperiyası nəzarət edib. Qüds ümumilikdə 2 dəfə darmadağın edilib, 23 dəfə işğala, 52 dəfə hücuma məruz qalıb, 44 dəfə ələ keçirilib və yenidən azad edilib.

1517-ci ildə Yaxın Şərqin Osmanlı imperiyasının ərazilərinə qatılması ilə Qüdsün və Əl-Əqsa məscidinin uzun bir sabitlik dönəmi başlayıb. Osmanlılar İslamda böyük yeri olan bu müqəddəs məkana xüsusi diqqət göstəriblər, daim onu təmir və bərpa ediblər. 1538-ci ildə darmadağın edilmiş şəhərin divarları Sultan Süleyman Qanuninin hökmranlığı altında yenidən hörülüb.

Qüds üç böyük din arasındakı ortaq nöqtə kimi bəşəriyyət tarixində özəl bir əhəmiyyət daşıyır. Uzun müddət müsəlman, xristian və yəhudilər Qüdsdə dinc yanaşı yaşasalar da, 20-ci əsrin əvvəllərində yəhudilərin qədim torpaqlarda yəhudi dövləti qurmaq ideyası yenidən bölgədə sabitliyin pozulmasına, qarşıdurmaya, müharibələrə, illərlə davam edən münaqişəyə gətirib çıxarıb.

20-ci əsrin əvvəllərində, daha dəqiqi, 1918-ci ildə Birinci Dünya Mühairbəsinin başa çatması, Osmanlı imperiyasının dağılması ilə yəhudilər öz planlarını həyata keçirmək üçün daha da fəallaşdılar. Britaniya imperiyasının işğalı altına düşdükdən sonra Fələstin ərazilərinin yəhudiləşdirilməsi prosesinə başlanıldı. Silaha sarılan yəhudilər fələstinliləri öz torpaqlarından qovmağa başladırlar. İkinci Dünya Müharibəsinin başlanması ilə Yaxın Şərqə diqqət azaldı və bundan yaralnan yəhudilər Fələstində daha da möhkəmləndilər.

Nəhayət, onlar öz məqsədlərinə nail ola bildilər. Belə ki, 1947-ci il noyabrın 29-da BMT Fələstin ərazilərində İsrail və Fələstin dövlətlərinin yaradılması ilə bağlı qərar qəbul etdi. BMT qətnaməsinə əsasən, bölgədə iki dövlət yaradılmalı, Qüds şəhəri isə 3 dinin müqəddəs şəhəri olaraq neytral, beynəlxalq statuslu şəhər olmalı idi.

BMT-nin qərarından sonra İsrail dövləti yaradılsa da, fələstinlilər o zaman öz dövlətini yarada bilmədilər. 1948-ci ildə İsrail Qüdsün qərb hissəsini, 1967-ci ildəki 6 günlük savaşda isə bütövlükdə şəhəri işğal edir. 1968-ci il oktyabrın 10-da Ayətullah Xomeyni Fələstinin "Əl-Fəth" təşkilatının nümayəndələri ilə görüşdükdən sonra şəri zəkat vergisinin bir hissəsini Fələstin mücahidlərinə ayırması barədə fətva verir. Bu hadisə Fələstin münaqişəsinin dini çalarını daha da gücləndirir. Artıq bu münaqişə müsəlmanlar üçün ilk qiblənin işğalı hadisəsi idi, onun azadlığı uğrunda mübarizə isə bir növ müqəddəs vəzifəyə çevrilir.

Qüdsün statusu bu gün də mübahisə predmeti olaraq qamaqda davam edir. Həm İsrail, həm də Fələstin Muxtariyyəti Qüdsü öz paytaxtı sayır, lakin fələstinlilərin əksəriyyəti de-fakto buraya getmək hüququndan məhrumdur. İsrailin Şərqi Qüds üzərində suverenliyi isə BMT və dünyanın əksər dövlətləri tərəfindən tanınmayıb.

Bu gün tərəfləri yenidən danışıqlar masası arxasında əyləşdirməyə və 70 ilə yaxındır davam edən münaqişəni çözməyə yönələn səylər davam etdirilir. Lakin son vaxtlar ABŞ və İsrail tərəfindən sülh prosesinə qarşı yönələn səylər güclənib. Belə ki, Qüdsü İsrailin paytaxtı olaraq tanıyacağı barədə ABŞ prezidenti Donald Trampın bəyanatı fələstinlilər, eləcə də beynəlxalq ictimaiyyət tərəfindən narazılıqla qarşılanmaqdadır.

Fələstin rəsmiləri hesab edirlər ki, Qüdsə dair ABŞ siyasətinin dəyişməsi "iki dövlət" prinsipinə son qoyamaq və "müharibə elanı" deməkdir. İsrail isə ciddi-cəhdlə dünyanı Qüdsü İsrailin paytaxtı olaraq tanımağa səsləyir.

Qüdsün statusu İsrail-Fələstin münaqişəsinin əsas problemlərindən biridir. 1967-ci ildə Altıgünlük müharibədən sonra İsrail Şərqi Qüdsü işğal etmişdisə, 1980-ci ildə təsdiqlənən qanunla isə şəhəri İsrailin "bölünməz paytaxtı" elan etdi. Ərəblər də Şərqi Qüdsü gələcəkdə qurulacaq Fələstin dövlətinin paytaxtı hesab edirlər. Hazırda İsrail parlamenti, prezident administrasiyası və rəsmi hökumət qurumları Qüdsdə yerləşir.Lakin mübahisəli şəhərdə heç bir xarici səfirlik yoxdur.

1967-ci ildən etibarən İsrail bölgədə salınmış ən azı 10 məskənə təqribən 200 min yəhudi sakin köçürüb.
Hazırda Qüdsün 850 minə yaxın əhalisi var. Sakinlərin 37 faizi ərəb, 61 faizi isə yəhudidir. Qüdsdəki yəhudi məskənləri beynəlxalq hüquq baxımından qanunsuz sayılır. Ancaq İsrail bunu qəbul etmir.

Bu günə qədər heç bir ölkə Qüdsü İsrailin paytaxtı kimi tanımayıb. 1993-cü ildə imzalanmış Oslo sülh müqaviləsinə görə isə Qüdsün yekun statusu sülh danışıqlarının gələcək mərhələlərində müzakirə olunmalıdır.

Trampın Qüdsün İsrailin paytaxtı olaraq tanınması barədə bəyanat dünya ölkələri tərəfindən də tənqidlə qarşılanıb. Türkiyə isə İsraillə diplomatik əlaqələrini kəsəcəyini deyib. Avropa Birliyindən tutmuş BMT-yə qədər əksər beynəlxalq təşkilatlar, Almaniya, Fransa, Böyük Britaniya kimi ölkələr Trampın son qərarına etiraz ifadə ediblər.

Fələstinlilərin Həmas hərəkatının lideri İsmayıl Haniyə Qüdsün tanınmasının "təhlükəli eskalasiyaya" səbəb olacağını bildirir.

Siyasi müşahidəçilərin fikrincə, Trampın məlum bəyanatı beynəlxalq hüququ, Fələstin xalqının haqlarını pozmaq, müsəlman dünyasının ləyaqətini alçaltmaq cəhdidir. Onlarən fikrincə, bu bəyanat ABŞ-ın Yaxın Şərq siyasətində vasitəçi rolunu heçə endirdi, müsəlman dünyasının, beynəlxalq hüquq sistemi və dünyada ədalətin düşməni olduğunu ortaya qoydu. Ortodoks ifrat yəhudi dinçilərinin israrına görə Qüdsün İsrailin vahid və toxunulmaz paytaxtı elan edilməsi onun azad şəhər kimi statusunun üzərinən xətt çəkir. İkincisi, münaqişəni daha çıxılmaz vəziyyətə, ölüm-dirim səviyyəsinə çatdırır.

Trampın bəyanatı müsəlman dünyası, beynəlxalq təşkilatlar, hətta Avropa dövlətləri tərəfindən sərt tənqid olunsa və böyük narazılıq yaratsa da, Qüdsün İsrailin paytaxtı kimi tanınması yönündə cəhdlər davam etdirilir. Özü də bu məsələdə Donald Trampın kürәkәni vә müşaviri Cered Kuşnerin canfəşanlığı diqqətdən yayınmır. Az öncə İsrail-Fәlәstin sülh planı haqqında danışarkən Cered Kuşner bildirib ki, bu plan problemlәrin siyasi yolla hәll edilmәsi üçün yaxşı bir başlanğıcdır: "Donald Tramp İsrail ilә Fәlәstin arasındakı problemin hәll yolunu tapmaq üçün mәnә tapşırıq verib. Qüdsün İsrailin paytaxtı vә Qolan tәpәlәrinin dә İsrailin torpağı olduğu hәqiqәtini görmәliyik"’.

Onu da qeyd edək ki, Trampın Yaxın Şərq üzrə müşavirlərinin başında kürəkəni Cared Kuşner durur. Yəhudi olan Kuşner ortodoksal iudaizmə bağlılığı ilə məşhurdur. Onun bu bağlılığı o qədər böyükdür ki, Trampın qızı İvanka onunla ailə həyatı qurmaq üçün iudaizmi qəbul edib. Fikrimizcə, burada əlavə şərhə ehtiyac yoxdur.

"ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını heç bir siyasi bacarığı olmayan dar çərçivəli şəxslərin güclü təsiri altında qəbul edib". Bu sözlərin müəllifi olan Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun rəhbəri Vitali Naumkin hesab edir ki, bu qərar son dərəcə xoşagəlməz, o cümlədən ABŞ-ın özü üçün yaxşı olmayan nəticələrə səbəb olacaq

Naumkinin fikrincə, Trampın ətrafında onun Yaxın Şərq siyasətini müəyyən edən bacarıqsız adamlar var: "Onların adı da, onların marağı da hamıya məlumdur. Onlardan ən azı 3 nəfəri İsraildə qatı sağçıların tərəfdarıdır".

İctimai rəyin öyrənilməsi isə göstərib ki, amerikalıların 81 faizi Trapmın qərar qəbul edən zaman bacarıqsız ailə üzvləri və şəxsi hüquqşünaslarına deyil, Yaxın Şərq üzrə mütəxəssislərlə məsləhətləşməsini istəyir.

Siyasi ekspertlərin fikrincə, Trampın belə bir addım atamasının əsas səbəblərindən biri seçki kampaniyasında verdiyi vədlərin çoxunu həyata keçirə bilməməsidir. ABŞ prezidentini belə addım atmağa məcbur edən ikinci səbəb Trampın daxili siyasətdə kursu liberal yəhudilərlə, başqa sözlə, Amerikadakı hakim yəhudilərlə dostluq axtarmaqdan ortodoks-yəhidlərə və xristian sionistlərə doğru dəyişməsidir. Bir çox politoloqlar hesab edirlər ki, Trampın bu addımı ABŞ xarici siyasəti üçün öz qapısına güclü zərbədir.

Beləliklə, son illər Avropa ölkələrinin Fələstin dövlətinin tanınması istiqamətində addımlar atmasına rəğmən, Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıyacağı vədi sülhə inamı tamamilə öldürüb. Faktiki olaraq, sülh planı adı altında münaqişənin eskalasiyasına rəvac verilir. Bu siyasət Fələstin xalqının taleyini sual altında qoyur. Siyasi, mədəni hüquqları məhdudlaşdırılan, ağır blokada və təzyiq altında yaşayan fələstinlilər indi bütün bunlardan daha ağır bir sınaq qarşısındadırlar. Dünya bu haqsızlığa səssiz qalmamalı, ən qədim “dinlər şəhəri” ilə bağlı məslənin dinlərin savaş səbəbi olmasının qarşısı alınmalıdır.

Müəllif: Zahid

Mənbə: Teleqraf.com

  • Yazılıb
  • da (də) 2019 Jun 08
  • Göndərən مدير سايت Aran News