Tarix : 2019 Jun 18
Kod 58342

Gürcüstandan sığınacaq istəyən və dünən həbs olunan azərbaycanlı fəal ekstradisiya olunacaqmı

2017- ci ildən Gürcüstandan sığınacaq istəyən və orada yaşayan ictimai fəal Avtandil Məmmədov yerli polis tərəfindən saxlanılıb.

Arannews-Turan xəbər verir ki, Gürcüstanda saxlanılan azərbaycanlı fəal Avtandil Məmmədovu Marneuli rayon polis şöbəsinə aparıblar.

O, Azərbaycan tərəfin ekstradisiya barədə sorğusu əsasında saxlanılıb. Bunu Turan-a hüquq müdafiəçisi Oqtay Gülalıyev fəalın ailə üzvlərinə istinadən bildirib.

A.Məmmədov cinayət məsuliyyətinə cəlb olunub və Quba rayon polis şöbəsi tərəfindən barəsində axtarış elan edilib. Lakin konkret nədə ittiham olunduğu aydın deyil.

O. Gülalıyevin sözlərinə görə, A.Məmmədov Azərbaycanın şimal bölgəsində hüquq-müdafiə işilə fəal məşğul olub. Buna görə cinayət təqibinə məruz qalıb.

Bununla əlaqədar 2017-ci ildə Azərbaycanı tərk edərək Gürcüstana gedib.

Tbilisi hakimiyyəti ona siyasi sığınacaq verməkdən imtina edib və hazırda iş baxılmaq üçün Apellyasiya Məhkəməsindədir.

O.Gülalıyev qeyd edib ki, A.Məmmədov sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini kəskin tənqid edib.

Gürcüstanda oğurlanaraq Azərbaycanda mühakimə olunmuş jurnalist Əfqan Muxtarlının hüquqlarının müdafiəsilə bağlı mayın 29-da Tbilisidə keçirilən mitinqdə o kəskin çıxış edib.

Hüquq müdafiəçisi güman edir ki, Bakının A.Məmmədovun saxlanmasını tələb etməsinin səbəbi həmin çıxış və A.Məmmədovun son günlər Facebook-da kəskin tənqidi statusları ola bilər.

O.Gülalıyev deyib ki, məhkəmə 72 saat ərzində A.Məmmədovun ekstradisiyası məsələsinə baxmalıdır.

"Biz güman edirik ki, Avtandil Məmmədovu qeyri-obyektiv istintaq, isğəncə, ədalətsiz məhkəmə gözləyə bilər. Biz beynəlxalq hüquq-müdafiə təşkilatlarını məsələyə müdaxilə etməyə çağırırıq. Gürcüstanda müdafiəyə vəkil cəlb edilib. Gürcüstan QHT-ləri məsələdən xəbərdardır və Avtandil Məmmədovun azadlığa buraxılması və onun ekstradisiyasının qarşısının alınması üçün addımlar atırlar", - O.Gülalıyev bildirib.

Mühacirətdə olan Daşqın Ağalarlı Amerikanın Səsinə bildirib ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Gürcüstan Daxili İşlər Nazirliyinə göndərdiyi iki məktub əsasında Avtandil Məmmədov barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib. O, 72 saatdan sonra məhkəmə qarşısına çıxarılacaq. 

“Gürcüstan polisi bu gün, iyunun 17-də Tbilisi vaxtı ilə saat 11 radələrində onun Marneuli rayonunda yaşadığı evə gələrək həbs olunduğunu bildirb və qoluna qandal keçirərək Kvemo-Kartli Polis İdarəsinə aparıb. Hazıra orada polisdə saxlanılır. Avtandil Məmmədov həbs edilərkən polis ona bildirib ki, Azərbaycan Daxili İşlər Nazirliyinin birinci məktubu onun barəsində Azərbaycanda qaldırılmış cinayət işi barəsindədir. İkinci məktubda isə iki ölkə arasında mövcud olan hüquqi yardım haqqında müqaviləyə əsasən onun ekstradsiya olunması xahiş edilir,” Daşqın Ağalarlı qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan hüquq-müdafiə təşkilatları artıq Avtandil Məmmədovun hüquqlarının müdafiəsinə qoşulub.

  • Yazılıb
  • da (də) 2019 Jun 18
  • Göndərən مدير سايت Aran News