Tarix : 2019 Jul 01
Kod 58418

MBH bəyanat yaydı

Müsəlman Birliyi Hərəkatı Ermənistanda keçirilən tədbirdə Tale Bağırzadə və Azərbaycan suverenliyi əleyhinə səsləndirilən fikirlər, bəzi mətbuat orqanlarında gedən xəbərlər barəsində bəyanat yayıb.

Arannews-MBH-nin mətbuat xidmətindən daxil olan bəyanatı olduğu kimi təqdim edirik:

“Əziz həmvətənlər! Bu günlərdə İrəvanda bir qrup separatçı tərəfindən keçirilən dəyirmi masada ölkəmizə qarşı yönələn təxribat xarakterli çağırışlar, eyni zamanda həmin tədbirdə Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin də adının çəkilməsi hər kəs kimi bizi də olduqca narahat etməkdədir. Dünyaya zülməti hakim etmək istəyənlərin hər növ iyrənc üsullara əl atmaq kimi alçaq xislətlərinin olması haqpərvər insanların nə qədər ayıq sayıq olmasının lazımlığını bir daha ortaya qoymaqdadır. Azərbaycanı gözü götürməyən xarici qüvvələr, ölkə daxilində həmin qüvvələrin əlaltısına çevrilənlər öz mənfur xislətlərini ortaya qoymaqdadırlar. Məlumdur ki, orada toplananların heç biri Azərbaycanı sevmir və hər an bizim yıxılmağımızı dörd gözlə gözləyirlər. Bu istiqamətdə hər növ təxribata əl atmaqdan belə çəkinmirlər.

Bizi İrəvanda baş verən məlum hadisədən daha çox narahat edən bu tədbiri "ermənilər Tale Bağırzadəyə dəstək verdi " başlığı ilə manşet edən bəzi xəbər saytlarının təxribatçı fəaliyyətidir. Görünən budur ki, Haqdan, ədalətdən uzaq düşənlər, millət və vətən sevgisindən də uzaqdırlar. Çünki işğalçı Ermənistan da çox gözəl anlayır ki, Qarabağı işğaldan azad edə biləcək potensial güc Hüseyni əqidədə olanların gücüdür. Elə ona görədə aprel döyüşləri zamanında birbaşa ermənistanın o vaxtki rəhbərinə zindandan təhdid dolu məktub yazaraq ölkəmizin işğal olunmuş torpaqlarından çıxmasını tələb edən Tale Bağırzadənin adını dilə gətirməklə onun nüfuzuna xələl gətirmək istəyirlər. Bəzi daxili satqınlar da buna dəstək verirlər. Amma hər zaman olduğu kimi, Allaha güvənənlərin yardımı Ondandır. İzzəti Allahdan olanın məqamı hər zaman ucadır. Bizlərə "terrorçu", "ekstremist" deyib bir şeyə nail ola bilməyənlər "ermənipərəst" deyib nəyəsə nail olacaqlarını düşünməsinlər.

Eyni zamanda bildiririk ki, o yığıncaqda olanlar talışların adından danışır və ölkəmizdə həm də milli zəmində təxribat çağırışları edirlər. Birinci Qarabağ müharibəsi zamanında vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə xeyli şəhid vermiş talışlar Azərbaycanın ayrılmaz hissəsidir. Bu təxribat planında Tale Bağırzadəylə yanaşı talış camaatının da adının çəkilməsi ölkəmizə qarşı məkrli bir oyunun göstəricisidir.

Belə ki, biz MBH olaraq bu tədbiri separatçı qüvvələrin Azərbaycan Respublikasına qarşı növbəti təxribatı kimi qiymətləndiririk və bu xəbəri yayanları da separatizmə dəstək verənlər kimi görürük. MBH olaraq açıq - aşkar bəyan edirik ki, Azərbaycanın müstəqilliyi, bütövlüyü müzakirə mövzusu ola bilməz, işğal altında olan torpaqlarımız düşmən tapdağından tez bir zamanda azad olunmalı, haqq-ədalət ölkəmizdə öz yerin tutmalıdır.

  • Yazılıb
  • da (də) 2019 Jul 01
  • Göndərən جهان کمالی