Tarix : 2019 Jul 03
Kod 58433

Fuad Abbasov: Mənim deportasiya olunmağım sifarişli idi

Rusiya Federasiyasında saxlanılaraq Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov bu gün mətbuat konfransı keçirib.

Arannews-Rakurs.tv-nin məlumatına görə, konfransda çıxış edən Fuad Abbasov bildirib ki, Rusiyada onun başına gələnlər, saxlanılmağı, məhkəməyə aparılmağı və deportasiya olunmağı sifarişli olub:

"Mayın 16-da saat 11-də gözlənilmədən yaşadığım binada üç mülki şəxsin hücumuna məruz qaldım. Onlar qollarımı qandalladılar. Məni əllərim qandallı boynumu aşağı əyib maşının içərisinə saldılar. Mülki geyimlilər sonradan mənə hüquq-mühafizə orqanlarının əməkdaşları olduğunu söylədilər. Məni Ximki Şəhər Məhkəməsinə gətirdilər. Məhkəmədə katibin iştirakı olmadan protokol tərtib etdilər, məni vəkillə təmin etmədilər. Hakim 15 dəqiqə ərzində hökm çıxardı. Mənə telefonla danışıq haqqı belə vermədilər. Bütün bunlardan sonra mənə aydın oldu ki, bu, kimlərinsə sifariş olub".

"Azərbaycanın Rusiyadakı səfirliyinin konsulluq şöbəsinin əməkdaşları təcridxanada onunla görüşüblər. İyunun 7-də aeroporta gedərkən heç bir səbəb olmadan məni yenidən təcridxanaya qaytardılar. Beləliklə, naməlum şəxsin göstərişi ilə orada qalası oldum. Biz ölkəyə qayıtmaq üçün hətta iki dəfə bilet almışdıq", - deyə Fuad Abbasov bildirib.

Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F. Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib. F. Abbasov iyunun 25-də Azərbaycana deportasiya edilib

  • Yazılıb
  • da (də) 2019 Jul 03
  • Göndərən جهان کمالی