Tarix : 2019 Jul 19
Kod 58522

Azəri rəsmi: Gürcüstan sərhədçiləri məsuliyyət daşıyırlar

Xələf Xələfov: "Gürcüstan sərhədçiləri təxribatçıların və cinayət ünsürlərinin Azərbaycan Respublikası ərazisinə buraxılmasına görə məsuliyyət daşıyırlar".

Arannews-Azərbaycan Respublikası prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov Gürcüstanda bir qrup şəxs tərəfindən Azərbaycan Respublikası sərhədçilərinə qarşı törədilmiş insidentlə bağlı müsahibə verib.

Bildirib ki, Gürcüstan sərhədçiləri öz hərəkətsizliyi ilə bu təxribatçıların və cinayət ünsürlərinin Azərbaycan Respublikası ərazisinə buraxılmasına görə məsuliyyət daşıyırlar. Sözsüz ki, bu kimi təxribatlar və insidentlər iki ölkə arasında təşəkkül tapmış dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurur. Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və qanunların tələbinə uyğun cəzalanmalıdırlar.

Onun sözlərinə görə, Keşikçidağ mağaralar kompleksini əhatə edən sahə bütün mövcud hüquqi sənədlər, faktiki istifadə vəziyyətinə görə hər zaman Azərbaycan Respublikası ərazilərinə aid olub.

Xatırladaq ki, iyulun 14-də bir qrup Gürcüstan vətəndaşının Azərbaycan Respublikası sərhədçilərinin əlindən silah almasına dair videogörüntülər yayılıb. İnsident Azərbaycanın “Keşikçidağ”, Gürcüstanın “David Qareji” adlandırdığı məbədlə bağlı baş verib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bunu “iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat” kimi qiymətləndirib.

  • Yazılıb
  • da (də) 2019 Jul 19
  • Göndərən جهان کمالی