Tarix : 2019 Jul 31
Kod 58585

Ruhullah Novruzzadə: Artıq 4 il idi ki

"Həqiqətən, biz Allahdanıq və Ona tərəf də geri dönəcəyik".

Artıq 4 il idi ki, bizə də bəlli olmayan səbəblərə görə vətənə geri dönməyimə məhdudiyyət qoyulmuş və atamı görməkdən məhrum edilmişdim. Ən lazımlı vaxtlarda əziz atamın yanında ola bilməmək və xidmətində dura bilməməyim məni ən çox narahat edən məsələlərdən idi. Onun mənə olan ehtiyacının təmin olunmaması mənə öz çətinliklərimi unutdurmuşdu. Belə ki, onun məni yaxından görməsi həyatdakı hədəflərimdən birinə çevrilmişdi. Bütün təhlükələrə və deyilən "getmə"lərə baxmayaraq, mart ayında atamın istəyinə uyğun hava yolu nəqliyyatı ilə Bakıya gəldim. Lakin 18 saat gözlədildikdən sonra təhsil aldığım İran İslam Respublikasına geri qaytarıldım. Bu vəziyyət elə bir hala çevrilmişdir ki, bu barədəki bütün qərarlarımı atamın öhdəsinə buraxmışdım və elə onun öz istəyi ilə qalıb haqqımı tələb etməyi deyil, geri dönməyi seçdim.

Artıq onu itirməyimizdən 4 gün ötür. Son anlarında heç kimin səsinə reaksiya vermədiyi halda, mənimlə danışarkən öz hislərini gizlətmirdi. Bu hal mənə "Oğlum, sənə ehtiyacım var", kimi təlqin olunurdu. Nəhayət, çox rahat bir formada canını ölüm mələyinə təslim etdi. Allah ona və bizə öz rəhmətini şamil etsin!

Ölüm xəbərini aldıqdan sonra isə müxtəlif mövzular barədə narahatlıqlar məni rahat buraxmırdı. Onlardan biri dəfn mərasiminin yükünü mənim əvəzimə başqa əzizlərin çəkməsi idi. Amma onların bunu yük olaraq deyil, ömrünü xalqa həsr edən bir şəxsə qarşı son vəzifələrini icra etmək kimi qələmə vermələrini eşidəndə və bunu bariz şəkildə görəndə narahatlığım nisbətən azaldı. Fürsətdən istifadə edib atamın cənazəsini və bu ağır yükü çiyinlərində daşıyan əzizlərin hər birinə öz təşəkkürümü bildirir və Allahdan onların çiyinlərindən yük götürməyi də mənə qismət etməsini rica edirəm. Dəfndə və yas mərasimlərində iştirak edən əziz ruhani qardaşlarımın əllərindən öpür və Allahdan onlara müvəffəqiyyət diləyirəm. Atamın mənə vəsiyyət edərək tapşırdığı vəzifəni öhdəsinə götürərək cənazə namazını qıldığı üçün məxsusən, "Azərbaycan Ruhanilər Məclisi"-nin üzvü olan Höccətül-İslam vəlmüslimin Əli Beheştiyə, Hacı Mir Mehdi Dərrafərin, Seyid Şəhadət Heydərov və Cavid Pənahlıya isə göstərdikləri əvəzsiz diqqət və zəhmətə görə xüsusi olaraq təşəkkür etməyi şəxsim və mərhumun adından özümə borc bilirəm.

Allah hamımıza xeyirli aqibət qismət etsin.

Ruhullah Novruzzadə
28.07.2019

İslamazeri.com

  • Yazılıb
  • da (də) 2019 Jul 31
  • Göndərən جهان کمالی