Tarix : 2019 Jul 31
Kod 58586

Qardaşı: Əfqan deyir ki, həbsxanada vərəm xəstəliyi yayılır

Həbsdə olan jurnalist Əfqan Muxtarlı 16 saylı Cəzaçəkmə Müəssisəsində vərəm xəstəliyinin yayıldığını deyir.
Arannews-Bu barədə onunla görüşən qardaşı Ramazan Muxtarlı feysbukda məlumat yayıb. 
"Qardaşım Əfqan ilə görüşdüm. Bu dəfə tez buraxdılar. Bundan əvvəl kiçik qardaşım Elşən görüşə gedəndə cox ləngitmişdilər və 7 saat gözləməli olmuşdu", - o bildirib. 
O deyir ki, qardaşının vəziyyəti yaxşıdır: "Rəis dəyişib deyə içəridə "polojeniya" da dəyişib. Çox dəyib-dolaşan yoxdur. Kiçik şeylərlə Əfqanın əsəblərini pozmaq istəyirlər, amma alınmır".
Ramazan Muxtarlının sözlərinə görə, Əfqan Muxtarlı həbsxanada vərəm xəstəliyinin yayıldığını deyib: "Deyir vərəm yayılıb, maraqlanan da yoxdur. Artıq bir neçə dusdaq var ki, açıq vərəmdir və bir neçə nəfərə yoluxdurub. Yataqlar bir-birinə çox yaxındı, burun-buruna yatırıq".
 
O bildirir ki, vərəm yayılsa da, həkimlər dustaqlara baxmır: "Bu, məsələ doğrudan, ciddidir. Əfqana həkimin baxmasına icazə vermirlər, aydın məsələdir. Bəs o biri dustaqlarla niyə maraqlanmırlar? Əfqan tələb edir ki, vərəmli xəstələr "Tubzona" göndərilsin ki, digər dustaqlara vərəm yoluxmasın. Həkimlər də gəlib məhbusları müayinə etsin. Yalandan Respublikada əhalinin tibii müayinəsi aparılır, xəstəlik aşkar edilərsə, yerindəcə tədbir görülür deyirlər. Hamısı saxta, yalandır".
Jurnalist Ə.Muxtarlı 2017-ci ilin mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyib. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunub.
Ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıda rəsmi qurumlar onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyib. Rəsmi məlumata görə, bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı.
O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.
2017-ci il dekabrın 12-də Balakən rayon məhkəməsinin qərarı ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.
  • Yazılıb
  • da (də) 2019 Jul 31
  • Göndərən جهان کمالی