Tarix : 2019 Aug 05
Kod 58613

Ermənilər "əyilərək" DQ-da seçki keçirir, Elman Nəsirov hakimiyyəti başıaşağı edir

Əslində Elman Nəsirovun təmsil etdiyi hakimiyyətə Qarabağın işğalda qalması sərf edir.
Arannews-YAP deputatı Elman Nəsirov demişkən, ermənilər artıq Dağlıq Qarabağda qondarma seçkilərini "əyilə-əyilə" keçirirlər, işğal olunmuş ərazilərdə əyilərək asfalt çəkəndən sonra Paşinyan da əyilərək İrəvandan DQ-a qədər gəlib seçkilərlə bağlı fəaliyyətə başlayıb. DQ-da seçki isə o deməkdir ki, Ermənistan Qarabağı nəinki qaytarmaq fikrində deyil, əksinə Paşinyan ordakı seçkilərdə iştirak edən adamlarına dəstək olmaq fikrinə düşüb. Rus rəsmiləri də ordan hayqırır ki, Rusiya Qarabağda müharibənin başlamasına icazə verməyəcək. Güya lap elə müharibə edən var idi. Biz əlimizi əlimizin üstünə qoyub oturmuşuq. Yazıq Dugindir ki, səhər-axşam Qarabağı işğal edənlərin siyasətinin pis olduğunu, yaxşı nəticə verməyəcəyini deyir. O yazığa yazıb demək lazımdır ki, hörmətli Dugin, vallah boğazını nahaq yırtırsan. Bildik, anladıq, təqdir etdik ki, siz bu müharibədə Azərbaycan tərəfindəsiniz. Amma biz Azərbaycanda nə edirik? Bizim konsertlərimizi Zara öz gəlişiylə "bəzəyir", camaatımız, öz kasıb qonşusuna əl tutmağa ərinən insanlarımız pul verib bilet alıb yəhudi Eminin gətirdiyi erməni Zaraya, rusiyalı pozğun müğənnilərə tamaşa edirlər. 
Hə, ermənilərin əyilərək iş görməsini Elman Nəsirov adlı deputatımız özünün doktorluq dissertasiyasında kəşf eləmişdi. Ermənilər Qarabağda başlarını əyərək gəzdikləri halda Elman Nəsirov da burada, Azərbaycanda iqtidarın da, xalqın da başını aşağı edir.

Deməli, ağıl dəryası olan deputat keçən dəfə debatda deyirdi və dedikcə də batırdı... Deyirdi ki, Azərbaycan müharibəyə başlasa Rusiya tez ermənilərə deyəcək ki, tez olun parlamenti toplayın, Qarabağı sizə verirəm. Sonra da ermənilərə kömək edib Azərbaycanı təkləyəcəklər. Deməli, bu adam açıq-aşkar AZTV-nin əsrlərdir çəkdiyi zəhmətləri yerə vurur, deyir ki, Azərbaycan iqtidarı heç də müstəqil deyil, birbaşa Rusiyaya tabedir. Onda belə bir fikir yaranır ki, Azərbaycan iqtidarının müstəqil siyasət yürütməməsi cəhənnəmə, üstəlik, xarici siyasəti XİN başçısı Elmar Məmmədyarovun Azərbaycan dilində danışmasından da daha pis gündədir. Çünki yaxşı olsaydı indi Rusiya, BMT, ABŞ, ümumiyyətlə bütün dünya təkcə sənədlər, kağızlar, qətnamələr üzərində deyil, tanklar, toplar üzərində Azərbaycana arxa-dayaq olardı. 
Əslində Elman Nəsirovun təmsil etdiyi hakimiyyətə Qarabağın işğalda qalması sərf edir. Birincisi müxalifət mövzusuna görə, ikincisi də xalq barəsində. Müxalifət mövzusu odur ki, iqtidar nə qədər ki, Qarabağ işğaldadır, Əli Kərimlini, Cəmil Həsənlini, İlqar Məmmədovu, Avropadakı mühacirləri "erməni" çıxara bilir. Deyir ki, biz Qarabağ problemini həll etmək istəyirik, müxalifət isə ermənilərə işləyir. Xalq da nə vaxtsa bezib haqqını tələb etmək istəyəndə iqtidar onun zəif damarını tutur, deyir ki, Qarabağın işğaldan azad olunmasına çox az bir müddət qalıb. Bununla da gündəm dəyişir. Bir neçə yetim, kasıb balasını da erməninin gülləsinin qabağına atıb öldürür, sonra çəlimsiz, arıq, cılız, pulsuz, parasız atasına verib deyirlər ki, vətən sağ olsun. Xalqın beləcə bir neç aylıq da başı qatılır bu cür şeylərə. Bizim iqtidara bu cümlə həmişə, hər mənada kömək olur: Azərbaycan Qarabağın işğalına heç zaman barışmayacaq. Qaragüruhçuların qara günə qalmalarının açıq-aşkar dəlili budur.
  • Yazılıb
  • da (də) 2019 Aug 05
  • Göndərən جهان کمالی