Tarix : 2019 Sep 07
Kod 58795

İmam Sadiq (ə) kimi maariflə məşğul olmağı bəhanə edib zalıma susanlar əzadarlar

Bəzi dindarlarımız, ruhanilərimiz var ki, İmam Hüseynin (ə) mübarizəsinə, zalım qarşısında müqavimət göstərməsinə alternativ olaraq İmam Sadiqin (ə) qiyam etməməsini, elm-maariflə məşğul olmasını misal gətirirlər. Onlara deyəndə ki, niyə ölkədə baş verən haqsızlıqlar haqqında danışmırsınız? Niyə Cümə xütbələrində xaricdə baş verən haqsızlıqlardan danışırsınız, amma ölkədaxili nahaqlara səsiniz çıxmır? Nə üçün Şeyx Zəkzaki barəsində alovlu çıxışlar edirsiniz, Şeyx Baqir Nimri məlun vəhhabi höküməti edam edəndə etiraz etdiniz, amma Hacı Talenin, Hacı Mövsümün, Hacı Abgülün, Şeyx Sərdarın, Seyyid Fəramizin həbsinə göz yumursunuz? Bu səpgili söhbətlərdən “üzüağ” çıxmaq üçün bəziləri İmam Sadiqin (ə) zalım əleyhinə qiyam qaldırmayıb ancaq elmlə məşğul olmasını misal gətirirlər. Sonra da deyirlər ki, zəmanəmiz İmam Sadiq (ə) zəmanəsidir.
Bir neçə məsələyə toxunmaq istərdik. Əvvəla zəmanəmizin – hər zamanın olduğu kimi imamı vardır. Bu imam isə zalımlarla mübarizə edib ədalət hökümət quracaq İmam Mehdidir (ə.f). İmam Məhdi (ə.f) zəmanəsi isə İmam Hüseyn (ə), İmam Sadiq (ə) zəmanəsidir. Yəni onlar bir nurdurlar. Əgər ilahi maarifin təbliği vacibdirsə bu işdə İmam Hüseyn (ə) də məşğul olub. Əgər zalım əleyhinə qiyam qaldırmaq zərurəti meydana çıxıbsa İmam Sadiqi (ə) bu işdə fəal görərsiniz. Zatən İmam Hüseynin (ə) qiyam qaldırarkən qəsdi Quranı, Peyğəmbər (s) sünnəsini diriltmək deyildimi? Bundan böyük maarif ola bilərmi? Məgər İmam Sadiq (ə) ilahi maarifi yayərkən ədaləti təbliğ edib zülmü, zalımı məhkum etmirdimi? Zalıma qarşı bundan böyük qiyam qaldırmaq olarmı? İmam Sadiqin (ə) ilahi maarifin təbliğiylə məşğul olması Abbasilərlə Əməvilərin müharibəsinə qarışmamasını heç kim inkar etmir. Amma bu, Həzrətin (ə) zalım əleyhinə qiyam qaldırmaması mənasına gəlməməlidir. Hətta özlərini İmam Sadiqin (ə) dövründə “hiss edənlər” belə bir taktika da özlərinə seçiblər ki, bugünkü iqtidar Əməvilərdisə müxalifət də Abbasilərdir. Biz isə bu iki zümrənin dövrnüdə - İmam Sadiqin (ə) əsrində yaşayırıq və siyasi məsələlərə qarışmırıq.
İmam Sadiqin (ə) lazımi həddə ardıcılları, ardıcıllarının (bir çoxunun) tələb olunan həddə etibarı, vəfası olmadığı üçün qılınca sarılmadı. Amma açın Həzrətin (ə) həyatına, heç olmasa ömrünün sonlarına nəzər salın. Axı, sizlər hər il İmam Sadiqin (ə) şəhadətini qeyd edirsiniz. “Şəhadət” yəni zalım tərəfindən qətlə yetirilmək. Həzrət (ə) Əməvi xəlifəsi məlun Hişam tərəfindən təzyiqlərə məruz qalmışdı. Bir dəfə onun əliylə sürgün edilib. Daha sonra Abbasilərin hakimiyyəti dövründə Səffah və Mənsurun (Allah hər birinə lənət etsin) əliylə iki dəfə sürgün edilib. Nəhayət 65 yaşında məlun Mənsurun əliylə zəhərləndirilərək şəhid edilmişdir. Hamıya məlumdur ki, məsum imamları şəhid etmək ən çox şəhid edən məlun rəhbərlərin zərərinə idi. Bəs niyə şəhid etdilər? Çünki öz hakimiyyətləri üçün təhlükə və nigarançılıq vəd edilirdi. Deməli, hətta İmam Sadiq (ə) elə yaşayırdı ki, dini, ilahi maarifi elə təbliğ edirdi ki, zalımlar narahat və nigarançılıq içində yaşayırdılar.
İmam Sadiqin (ə) maarifini İmam Hüseynin (ə) qiyamıyla üz-üzə qoyanlar unutmasın ki, hazırda İmam Sadiq (ə) hövzəsində (təhsil mərkəzinsə) ilahi maarif öyrənib camaata öyrədənlər arasında bir çox insanlar hazırda Azərbaycan həbsxanalarında çürüdülürlər. Hardadır İmam Sadiqin (ə) elmindən dəm vuran dindarlar? Niyə çıxıb Hacı Taleni, Hacı Mövsümü, Hacı Abgülü, Şeyx Sərdarı, Seyyid Fəramizi müdafiə etmirlər. Axı, onlar və digər həbs edilən ruhanilər İmam Sadiq (ə) məktəbinin yetirmələridirlər. Nə üçün bu gün Yezidin adının çəkilib lənətlənməsi rahat olduğu bir halda onu min dəfə lənətləyən yığıncaqlarda, məclislərdə, məscidlərdə Hacı Talenin adının çəkilməsi qorxulu olub?
Heç kimdən əlinə qılınc götürüb qanlı qiyam etməsini istənilmir. Heç dinc aksiya, toplaşmaq da müzakirə mövzusu deyil. Heç olmasa dillə də olsa bircə dəfə həbs edilən ruhaniləri müdafiə edin, həbs edən insanların zalım olduğunu dilə gətirin.
  • Yazılıb
  • da (də) 2019 Sep 07
  • Göndərən جهان کمالی