Tarix : 2008 Jul 22
Kod 5978

Reketçilik, zəif iqtisadi vəziyyət və sosial çətinliklər Azərbaycan mətbuatının əsas problemləridir

Azərbaycan mətbuatı hazırda keçid mərhələsini yaşayır və bu mərhələdə olan jurnalistikada uğurlarla yanaşı problemlər də olmalıdır
Azerbaijan Servisi/Aran Agentliyi
«Azərbaycan hamı öz fikrini heç bir maneə olmadan ictimaiyyətə açıqlaya bilir». Bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan mətbuatının hazırkı vəziyyətini şərh edərkən deyib. O, ANS PRESS-ə müsahibəsində bildirib ki, indi hər kəs Ədliyyə Nazirliyinə müraciət etməklə KİV yarada bilir və bu, son illər ərzində Azərbaycan jurnalistikasının əldə etdiyi ən böyük nailiyyətdir.

Mətbuat Şurasının sədri onu da deyib ki, Azərbaycan mətbuatı hazırda keçid mərhələsini yaşayır və bu mərhələdə olan jurnalistikada uğurlarla yanaşı problemlər də olmalıdır. O, mətbuatın problemlərini üç istiqamətdə ümumiləşdirir. Birincisi, medianın iqtisadi durumunun aşağı olmasıdır. Əflatun Amaşovun fikrincə, mətbuatın digər problemləri də elə medianın aşağı iqtisadi durumu ilə birbaşa bağlıdır. Mətbuatın siyasiləşməsi, reket jurnalistikasının artan tempi, jurnalistlərin peşəkarlıq səviyyəsinin aşağı olması da iqtisadi vəziyyətdən asılıdır.

Əflatun Amaşovun fikrincə, problemlərin ikinci kateqoriyası media-ictimaiyyət münasibətlərinin formalaşması ilə bağlıdır. Mətbuat Şurası arzu edir ki, bu sahədə mövcud olan münaqişələr hüquq-mühafizə orqanlarında yox, birbaşa Mətbuat Şurada araşdırılsın.Üçüncü istiqamət isə jurnalistlərin sosial vəziyyəti ilə bağlıdır: «Bu gün Azərbaycan jurnalistlərinin sosial vəziyyəti ağırdır. Bunu aradan qaldırmaq üçün müəyyən işlərin görülməsi vacibdir».

«Azərbaycan mətbuatının durumunu normal qiymətləndirirəm» deyən «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da hesab edir ki, ölkədə söz və mətbuat azadlığı üçün heç bir məhdudiyyət yoxdur. İstənilən şəxs qəzet təsis etmək üçün bir ərizə ilə bu işi görə bilər. Baş redaktor deyir ki, Azərbaycanda mətbuat və söz azadlığının inkişafı üçün möhkəm qanun bazası yaradılıb: «Azərbaycan iqtidarı mətbuat azadlığının inkişafına daim qayğı və diqqət göstərir. Bu sahəyə mütəmadi olaraq yardımlar edilir».

Bununla belə, Bəxtiyar Sadıqovun fikrincə, mətbuatın problemləri də var. Qəzet redaktoru bu problemlər sırasında mətbuatın iqtisadi durumunu xüsusi olaraq qeyd edir: «Hazırda qəzetlər özlərini sərbəst şəkildə dolandırmaqda çox böyük çətinliklərlə üzləşiblər. Azərbaycan mətbuatının siyasiləşməsi problеmi mövcuddur. Bu isə oxucuların obyektiv, tərəfsiz və qərəzsiz informasiya ilə təmin olunmasına mane olur. Partiya qəzetləri adətən bütün məsələləri təmsil etdikləri siyasi qurumun nöqteyi-nəzərindən işıqlandırırlar. Mətbuatın peşəkarlıqla bağlı problemləri də var. Bir çox qeyri-peşəkar insanlar öz şəxsi maraqları üçün mətbuat sahəsinə axışırlar. Bu, reket jurnalistikasının yaranmasına səbəb olur. Bu sahədə çox işlər görülməlidir».
  • Yazılıb
  • da (də) 2008 Jul 22