Tarix : 2008 Aug 16
Kod 6577

AZƏRBAYCAN ŞİRKƏTİNİN ERMƏNİSTANLA ƏLAQƏSİ AŞKARLANDI

Azərbaycanın üçüncü mobil şirkəti olan “Azərfon” Ermənistanın mobil rabitə şirkətlərindən biri ilə rəsmi əməkdaşlıq edir
Azərbaijan Servisi/Aran Agentliyi
Redaksiyamızın elektron poçtuna ABŞ-da yaşayan Eldar Zeynalov adlı bir azərbaycanlıdan məktub daxil olub. Məktub müəllifi Amerikanın “T-Mobile” şirkətində çalışdığını bildirir. E.Zeynalov bizə ünvanladığı məktubunda maraqlı bir məsələyə toxunur. Azərbaycanın üçüncü mobil şirkəti olan “Azərfon” Ermənistanın mobil rabitə şirkətlərindən biri ilə rəsmi əməkdaşlıq edir. Həmin məktubu kiçik ixtisarla dərc edirik:
“Bugünlərdə işimlə əlaqədar dünya mobil rabitə operatorlarının birliyi olan GSM Assosiasiyasının London ofisindəki görüş zamani maraqlı bir faktın üstünü açdım. GSM Assosiasiyasının rəhbər şəxslərindən biri ilə söhbət zamanı mənə bildirdilər ki, bu yaxınlarda Azərbaycanın yeni mobil rabitə operatoru olan ”Azərfon" şirkəti Ermənistanın “Armentel” mobil rabitə şirkəti ilə beynəlxalq rouminq müqaviləsinə dair saziş imzalayıb. Bu saziş əsasında ermənilər Azərbaycana gələn zaman öz “Armentel” nömrələri ilə, azərbaycanlılar isə “Azərfon” və ya “NarMobilE” nömrələri ilə danışa biləcəklər. Mən bu məlumatı eşidəndə şok oldum və qulaqlarıma inanmadım. Çünki bildiyim qədər müharibədən sonra Ermənistanla bütün rabitə əlaqələri kəsilmiş və indi Azərbaycandan Ermənistana və əksinə zəng etmək mümkün deyil.
Bu faktı yoxlamaq üçün GSM Assosiasiyasının rəsmi saytına daxil oldum və orada həqiqətən də “Azərfon”un adını “Armentel”in rouminq partnyorları sırasında gördüm. İnanmırsınızsa özünüz də aşağıda göstərilən link vasitəsilə dediklərimi yoxlaya bilərsiniz":
http://www.gsmworld.com/roaming/gsminfo/roa_ama3.shtml”
Müəllif daha sonra yazır: “Biz Sezən Aksunu erməni bəstəkarı ilə əməkdaşlıq etdiyinə görə boykot edirik, Filip Kirkorov İrəvanda oxuduğuna görə Bakıya buraxmırıq, ancaq bizim ölkədə çalışan, bizim pullarımız hesabına varlanan ”Azərfon" və ya “NarMobile” şirkəti Azərbaycanın torpaqlarının 20 %-ni işğal edən, Xocalı soyqrımını törədən ermənilərin rəsmi şirkəti ilə əməkdaşlıq edir və bununla da bizi bütün dünyada biabır edir".
Dünən “Azərfon” Məhdud Məsuliyyətli Cəmiyyəti (“NarMobile” ticarət nişanı) məsələ ilə bağlı təkzib məlumatı yayıb.
“Azərfon”dan “APA-ECONOMICS”ə verilən məlumata görə, www.gsmworld.com internet saytında Ermənistanın mobil operatorlarından birinin “NarMobile” ilə rouminq razılaşması əldə etdiyi barədə saxta məlumatlar yayılıb. “Azərfon” şirkəti artıq “GSMworld” təşkilatının ABŞ və Böyük Britaniyada yerləşən ofislərinə rəsmi şikayət məktubu göndərib. Saytın rəhbərliyi cavab olaraq bildirib ki, yanlış məlumat qısa müddət ərzində aradan qaldırılacaq.
Məlumat gec yayıldığından əlavə araşdırma aparmaq imkanımız olmadı. Mövzunu davam etdirəcəyik.
 
  • Yazılıb
  • da (də) 2008 Aug 16