Tarix : 2008 Sep 01
Kod 6946

Bakı Taksi sürücüləri ona görə baha işləyirlər ki, rüşvət verirlər

Monitorinq göstərdi ki, həmin plandakı məsələlər kompleks formada həyata keçirilsə, Bakıda nəqliyyatla bağlı problemlərin hamısı öz həllini tapardı
Azərbaycan servisi/Aran Agentliyi
«Taksi sürücüləri ona görə baha işləyirlər ki, fərqlənmə nişanı və müxtəlif rüsumlara cəlb olunmaqla yanaşı, həm də müəyyən formada rüşvət də ödəyirlər».

Nəqliyyatçı Hüquqlarının Müdafiəsi İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov «Can Bakı»ya belə deyir. Rüstəmov bildirir ki, 2006-2007-ci illərdə Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı prezidentin imzaladığı sənədin monitorinqini aparıblar:

«Monitorinq göstərdi ki, həmin plandakı məsələlər kompleks formada həyata keçirilsə, Bakıda nəqliyyatla bağlı problemlərin hamısı öz həllini tapardı».

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov da nəqliyyat sahəsində bəzi problemlərin olduğunu etiraf edir:

«Amma kənardan baxıb irad bildirmək çox rahatdır. Bakıda cəmi 1500 km yol nazirliyin balansındadır, biz yalnız bu yollara baxırıq. Avtobuslara gəlincə, bu yaxınlarda Bakıya 400 iri həcmli avtobus gətirilib, ilin sonuna qədər isə 300-ü gətiriləcək».

N.Həsənov deyir ki, standartlara uyğun avtobuslar xəttə buraxılandan sonra sürücülər üçün də vahid forma tətbiq ediləcək:

«Zövqsüz musiqilərdən tutumuş, dayanacaqlarda dayanmağa qədər hər şey nəzərə alınacaq».

Həsənov Bakıda tıxac probleminə də toxunub:

«Ən əvvəl insanların təfəkkürünü dəyişmək lazımdır. Çində tək günlər nömrəsi tək rəqəmlə bitən maşınların, cüt günlər isə cüt nömrəli maşınların küçələrə çıxmasına icazə verilir. Bizdə belə qayda tətbiq edilsəydi, inandırım sizi, hər kəs iki maşın alardı».
 
  • Yazılıb
  • da (də) 2008 Sep 01