Tarix : 2008 Sep 12
Kod 7216

HACI QAMƏTİN ADAMLARI HƏBS EDİLDİ

Dindarlara qarşı repressiyalar şiddətlənir Saxlanılanlar arasında Əbu-Bəkr məscidinin imamının müavini də olub
Azərbaycan servisi/Aran Agentliyi
Dünən Zaqatalada Əbu-Bəkr məscidinin imam-camaatı Hacı Qamət Süleymanın müavini Adil Rəcəbov polis tərəfindən saxlanıb. Bu barədə redaksiyamıza məlumat verən mənbə A.Rəcəbovla birgə digər bir şəxsin də həbs edildiyini bildirib. Mənbənin sözlərinə görə, əslən Zaqatala rayonundan olan A.Rəcəbov ata evində həbs edilib. Onunla birgə rayona gələn qonaq da polis şöbəsinə aparılıb. Mənbə eyni zamanda Zaqatalada vəhhabi kimi tanınan şəxslərin həbsinin davam etdirildiyini söylədi. Hazırda Zaqatala polis şöbəsində 4-dən artıq inanclı şəxsin saxlandığını bildirən mənbə, onların 15 sutka müddətinə azadlıqdan məhrum edildiyini bildirib.
Polis şöbəsinə dəvət olunan dindarlara sonradan “polisə müqavimət” maddəsi ilə cinayət işi qaldırılır. Daha sonra məhkəməyə aparılan dindarlara 15 sutka həbs cəzası verilir.
Hazırda Zaqatala Rayon Polis Şöbəsində Ramazan Dinbazov, Xəlil Dinbazov, Qurban Orucov və digər şəxslər saxlanılır. Həbs edilənlərin saqqalları zorla qırxdırılıb və onlar küçə söyüşləri ilə təhqir olunublar. Zaqataladakı mənbələrimiz eyni zamanda həbs edilən şəxslərin müvəqqəti saxlanma məntəqəsində alçaldıcı işlər görməyə məcbur edildiyini bildirdilər.
Dünən məsələ ilə bağlı Əbu-Bəkr məscidinin imam-camaatı Hacı Qamət Süleymanla əlaqə saxladıq. Qamət Süleyman Zaqatalada saxlanılan müavininin sərbəst buraxıldığını dedi: “Biz polisə dəvət olunmağın əleyhinə deyilik. Hər bir vətəndaş kimi bizə ünvanlanan suallara cavab verməyə hazırıq. Bizi narahat edən əsas məsələ polisdə saxlandıqdan sonra baş verən hadisələrdir. Dindarların saqqallarının qırxılması, onların təhqir olunması faktları var. Yaxşı olardı ki, belə hallara yol verilməsin".
Q.Süleyman eyni zamanda Əbu-Bəkr məscidinin yerində yaşayış massivinin tikilməsi barədə söylənilənlərə də münasibət bildirdi: “Ola bilər ki, orada bina tikmək istəsinlər. Çünki biz ətrafda olan insanlarla təmasda olmuşuq. Həmin insanların əksəriyyəti dövlət başçısına ünvanlanan müraciətdən xəbərsizdirlər. Ola bilsin ki, müəyyən şəxslər baş vermiş hadisədən istifadə edrək ərazidə evlər tikməyə  çalışsınlar". Q.Süleyman Əbu-Bəkr məscidinin ramazan ayının sonunacan açılacağına ümid etdiyini bildirdi: "İnşallah, bayram namazını Əbu-Bəkr məscidində qılarıq".
Bir sıra məscidlərdə namaza məhdudiyyətlər qoyulmasının səbəbinə aydınlıq gətirən Q.Süleyman bunu Əbu-Bəkr məscidinin bağlanması ilə əlaqələndirdi: "Digər məscidlərdə insanların sayının çoxalması Əbu-Bəkr məscidinin bağlanması ilə əlaqədardır. Əbu-Bəkr bağlandıqdan sonra dindarlar digər məscidlərə üz tutmağa məcbur olurlar. İnşallah, Əbu-Bəkr işə düşəndən sonra bu problem aradan qalxacaq".
Qamət Süleyman APA-ya açıqlamasında isə bildirib ki, rəhbərlik etdiyi icmanın fəaliyyəti dayanıb: “Əbu-Bəkr məscidinin bağlanması ilə icmamızın fəaliyyəti də dayanıb. Halbuki Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qeydiyyatdan keçmə şərtlərini heç vaxt pozmamışıq”.
O, rəhbərlik etdiyi dini icmanın 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçdiyini və hüquqi fəaliyyət göstərdiyini deyib.
Q.Süleymanov icmanın heç bir siyasətə qarışmadığını da diqqətə çatdırıb: “Dini icmamızın fəaliyyətinə cəmiyyətimizdə mənəvi dəyərlərin zənginləşdirilməsi, gənclərdə vətənə, dövlətə sədaqət aşılanması kimi dəyərlər də daxildir. Məhz bu kimi səbəblərdən radikal qrupların hədəf mərkəzinə çevrilmişik”.
  • Yazılıb
  • da (də) 2008 Sep 12