Tarix : 2008 Sep 14
Kod 7262

Azərbaycan prezident seçkilərinə 7 namizədlə gedir

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib
Azərbaycan servisi/Aran Agentliyi
APA-nın məlumatına görə, MSK katibi Natiq Məmmədov prezidentliyə namizədliyini irəli sürən şəxslərin qeydə alınması ilə bağlı işçi qrupun məlumatlarını açıqlayıb.

Bundan sonra MSK Qulamhüseyn Əlibəyli, Fuad Əliyev və Əli İsa Ağaevlinin namizədliklərinin rəsmi qeydə alınması məsələsinə baxıb. MSK katibi Natiq Məmmədov Q. Əlibəyli üçün 41850 imza toplandığını, imzalardan 40476-nın etibarlı, qalanının isə etibarsız sayıldığını açıqlayıb. Q. Əlibəylinin MSK-ya təqdim etdiyi digər sənədlərin də qaydasında olduğu nəzərə alınaraq, onun namizədliyinin qeydə alınması barədə qərar qəbul olunub.

MSK Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyevin də namizədliyinin qeydə alınmasına qərar verib. N. Məmmədov F. Əliyev üçün toplanan 43 848 imzadan 40428-nin etibarlı sayıldığını qeyd edib.

Əli İsa Ağaevlinin namizədliyinin qeydə alınması ilə bağlı məsələnin müzakirəsi zamanı N. Məmmədov bildirib ki, həmin şəxs MSK-ya 44493 imza təqdim edib. İmzaların yoxlanması zamanı 7000 imza etibarsız çıxdığından, digər imzalar hətta hamısı etibarlı olacağı təqdirdə belə, lazım olan sayda (40 min) imza düzəlmədiyindən qalan imzaların yoxlanmasına ehtiyac duyulmayıb. Bundan başqa, Əli İsa Ağaevli əmlakı barədə məlumatları da düzgün göstərməyib. MSK bunları əsas gətirərək, onun namizədliyinin qeydə alınmasından imtina edib.

Sonra komissiya Müasir Müsavat Partiyası tərəfindən MSK-ya təyin edilən məşvərətçi səs hüquqlu üzvünü təsdiq edib. Bununla yanaşı, MSK prezident seçkilərində ödənişsiz əsaslarla ayrılan efir vaxtının bölgüsünün həyata keçirilməsi məqsədilə Püşkatma Komissiyasının yaradılmasını təsdiqləyib. Komissiyaya Azər Tağıyev, Almaz Qəhrəmanlı, Azər Sarıyev və Fuad Cavadov seçilib. Püşkatma Komissiyasının toplantısı sentyabrın 15-də keçiriləcək.

Qeyd edək ki, bununla prezidentliyə namizədlərin qeydə alınması prosesi başa çatıb. MSK ümumilikdə 7 nəfərin namizədliyini qeydə alıb. Bunlar hazırkı dövlət başçısı İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, BAXCP sədri Qüdrət Həsənquliyev, ALDP sədri Fuad Əliyev və namizədliyini müstəqil irəli sürmüş Qulamhüseyn Əlibəylidir.

Prezidentliyinə namizədlərin təbliğat-təşviqat kampaniyasına sentyabrın 17-də start veriləcək.
 
  • Yazılıb
  • da (də) 2008 Sep 14