Ötən ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatının inkişafı əlverişsiz xarici mühit şəraitində davam edib
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
“Ötən ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatının inkişafı əlverişsiz xarici mühit şəraitində davam edib”. Bunu Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, ötən il üzrə Azərbaycanda ÜDM-in artım səviyyəsi ikirəqəmli olsa da, son iki ay ərzində iqtisadi artım tempinin azalması səbəbindən hesabat ilinin ortasında proqnozlaşdırıldığından aşağı olub.
Nazir onu da əlavə edib ki, qlobal tələbatın azalması səbəbindən dünya əmtəə bazarlarında kəskin qiymət ucuzlaşması baş verib. Bu baxımdan ötən müddət ərzində neftin qiyməti 4, əlvan və qara metalların və digər əmtəə mallarının qiyməti isə 2-2,5 dəfə ucuzlaşıb. S.Şərifov dünyada baş verən maliyyə böhranının Azərbaycan iqtisadiyyatını da ciddi sınaqlarla üz-üzə qoyduğunu söyləyib: “2008-ci ildə qlobal böhranın fəsadları Azərbaycan iqtisadiyyatına sirayət etsə də, həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində böhranın mənfi təsirləri ölkə iqtisadiyyatında hiss olunmayıb. Bununla belə, son təhlillər göstərir ki, artıq bütün dünya ölkələrinin üzləşdiyi maliyyə və iqtisadi böhran ehtimal edildiyindən daha dərin, sarsıdıcı və uzunmüddətli olacaq. Ən optimal ssenarilərə əsasən, böhranın yalnız 2010-cu ilin sonu, 2011-ci ilin əvvəlində başa çatacağı gözlənilir. Bu isə 2009-cu ildə böhranın ölkə iqtisadiyyatına təsirinin daha qabarıq olacağı ehtimalını gücləndirir”.