Tarix : 2009 Jan 23
Kod 10096

ZƏRDÜŞT ƏLİZADƏ OĞLUNUN HƏBSİNDƏN DANIŞDI

.Sadıqov S.Əlizadənin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində tutulduğunu desə də, təfərrüatlara varmaq istəmədi
Azərbaycan servisi/Aran Agentliyi
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları politoloq Zərdüşt Əlizadənin oğlu 29 yaşlı Salur Əlizadəni tutublar. DİN-in saytında da bu barədə rəsmi məlumat yerləşdirilib. Həmin məlumatda həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Bakı şəhər sakini Salur Əlizadədən 1,043 qram heroin götürüldüyü qeyd edilib. Oğlunun həbsini ANS-ə şərh edən politoloq bunu özünə qarşı tələ adlandırıb.
“Bu, bir tələdir. Bakı qornizonunun polisi hər gün 50 nəfəri həbs edir. Bir nəfəri də 50-100 qram narkotik maddə ilə tutmurlar. Mən Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanovla çəkişməmdə də demişdim. Məni ona görə məhkəməyə vermişdilər. Demişdim ki, bunlar özləri narkomaniyanın yayılması şəbəkəsinin başında dururlar. Buna görə də məhkəmə məni 1000 manat dəyərində cərimə elədi. Mən yenidən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişəm”.
S.Əlizadə barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanıb, onun barəsində həbs-qətimkan tədbiri seçilib. Z.Əlizadə bildirib ki, oğlu ilə bağlı qapalı məhkəmə iclası yanvarın 21-də keçirilib. Və iki ay həbs-qətimkan tədbiri seçilib. Politoloqun sözlərinə görə, bu gün onun vəkilləri məhkəmənin qərarından apelyasiya şikayəti verəcəklər. Xatırladaq ki, “Azadlıq” qəzetinin 29 iyun 2006-cı il tarixli sayında dərc olunan “Mirzə Sakitə çox çirkin oyunlar qurulub” sərlövhəli yazı Daxili İşlər Nazirliyi Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanovun narazılığına səbəb olub. Məqalə müəllifinin rəy soruşduğu Zərdüşt Əlizadə deyib ki, Azərbaycanda həqiqətən də narkoticarət şəbəkəsi var. Bu şəbəkənin başında Azərbaycanın yüksək rütbəli rəsmiləri durur. Narkodilerlərin də əksəriyyəti elə Daxili İşlər Nazirliyinin narkobiznesə qarşı mübarizə idarəsinin işçiləridir.
DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi H.Aslanov bu ifadələrin onun və çalışdığı idarənin işgüzar nüfuzunu, şərəf və ləyaqətini aşağıladığını iddia edərək politoloq və “Azadlıq” qəzetinə qarşı iddia qaldıraraq onları cərimələtdirmişdi.
Qeyd edək ki, Z.Əlizadənin oğlu 29 yaşlı Salur Əlizadə rəngsaz işləyirmiş.
Onun vəkillərindən biri Elçin Sadıqovun qəzetmizə verdiyi açıqlamaya görə bu gün 1 saylı İstintaq Təcridxanasında hüquqlarını müdafiə etdiyi şəxslə görüşəcək: “Həmin görüşdən sonra konkret nəsə demək mümkün olacaq”. E.Sadıqov S.Əlizadənin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində tutulduğunu desə də, təfərrüatlara varmaq istəmədi.
 
  • Yazılıb
  • da (də) 2009 Jan 23