Tarix : 2009 Jan 23
Kod 10103

BAKI İLƏ MOSKVA ARASINDA SU MÜHARİBƏSİ

Kremlin “kəmərə qarşı kanal” planı
Azərbaycan servisi/Aran Agentliyi
Dövlət Dumasının sədri Boris Qrızlov Samur çayından götürdüyümüz suya görə ölkəmizdən dünya qiymətləri ilə pul tələb edir

“Azərbaycan tərəfi Samur çayının suyunun yalnız 6 faizindən istifadə edə bilər. Yerdə qalan suyun həcmi üçün isə mütləq pul ödənilməlidir. Özü də dünya qiymətləri ilə”. Bu barədə Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov akvaekspert.ru saytının müxbiri ilə söhbətində bildirib. B.Qrızlov onu da deyib ki, hazırda Azərbaycan yeni su kəməri çəkilişini həyata keçirir. “Bu kəmər Bakının su ilə təchiz edilməsini nəzərdə tutub. Güman edirəm ki, Azərbaycan bundan sonra Samurun suyunu daşıyıb aparmayacaq”- deyə B.Qrızov əlavə edib.
Xatırladaq ki, Rusiya ilə Azərbaycan arasında ilk baxışda nəzərə çarpmayan problemlərdən biri də Samur kanalının suyunun istifadəsi ilə bağlıdır. Hələ bir müddət öncə Rusiyanın kənd təsərrüfatı naziri Dağıstana səfəri əsnasında Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunun əhalisi ilə görüşərkən yerli sakinlər bu məsələni onun diqqətinə çatdırmışdılar. Dağıstan prezidenti Muxu Əliyev də ötən il Azərbaycana səfəri zamanı problemin həlli ilə bağlı rəsmi Bakının da mövqeyini öyrənəcəyini, bundan sonra məsələnin güzəşt yolu ilə həll olunacağını bildirmişdi.
Lakin məsələnin həlli ilə bağlı hər iki dövlət arasında hələ heç bir danışıq aparılmayıb. Rusiya mətbuatı isə bu problemi hələ də gündəmdə saxlayır. Məsələn, “Nezavisimaya qazeta”nın yazdığına görə, Azərbaycan Samur su qovşağında tikinti işləri aparır və suyun 80 faizini özünə götürür, bununla da Cənubi Dağıstanda torpaqdan istifadə edən insanların hüquqlarını pozur: “Belə ki, Samurun 90 faizi Dağıstanın ərazisindədir, 213 kilometrindən yalnız 38 kilometri qonşu respublikanın sərhədindən axır. Rəsmi Bakı müvafiq olaraq kanalın 6 faizindən istifadə etmək hüququna malikdir. Yerdə qalanlarından isə danışıqlar yolu ilə əldə olunan nəticələrə əsasən məbləğ ödəməlidir”.
Buna baxmayaraq, Rusiya Bakı və Sumqayıtın suya tələbatını və Xəzərin ekoloji vəziyyətini nəzərə alır. Qeyd edək ki, hələ 1998-ci ildə Rusiyanın “Press-panorama” qəzeti Bakının Samur kanalının 75 faizinə sahib olduğunu yazmışdı. Yazıda bildirilirdi ki, bu məsələ Azərbaycanla Dağıstan arasında növbəti münaqişənin yaranmasına səbəb ola bilər. Rəsmi Moskva Azərbaycanın indi maddi cəhətdən korluq çəkmədiyini bildirir. Rusiya belə qənaətdədir ki, Azərbaycan MDB-də iqtisadi göstəricilərinə görə digər ölkələri geridə qoyur. Son 5 ildə Azərbaycanın dövlət büdcəsi 10 dəfə artıb: “Görünür, burada başqa məqamlar var. Azərbaycan sadəcə pul vermək istəmir”.
Bu arada Rusiya mətbuatı Samur çayının axın istiqamətini dəyişmək məqsədilə tezliklə yeni kanalların tikintisinə başlanılmasının vacibliyini qeyd edib. Belə olan halda isə Azərbaycan ciddi su qıtlığı ilə üzləşə bilər. Çünki Azərbaycanın ən böyük kanallarından olan Samur-Abşeron məhz adıçəkilən çaydan qidalanır. Bundan əlavə, o da məlum olub ki, 1998-ci ildə Məhərrəmkənd rayonuna məxsus 160 hektar torpaq Samur-Abşeron kanalının tikintisinə ayrılıb. Bu rayonun əhalisi su qovşağının aşağı hissəsində qalaraq bütün imtiyazlardan məhrum olub. Onlara heç bir kompensasiya ödənilməyib.
Ekspertlərin fikrincə, Bakı ilə Moskva arasında 160 hektar ərazi nə vaxtsa danışıqlar predmeti ola bilər. Rusiyalı ekspert Şıxsəfi Səfixanov “Press-panorama”ya açıqlamasında bildirib ki, Azərbaycan hər il 5 milyard rubl (təxminən 170 milyon dollar) dəyərində pulsuz su işlədir: “Bu isə su üçün nəzərdə tutulan qiymətdən 0,20 dollar aşağıdır. Dünya bazarlarında isə 1 kubmetr suyun qiyməti 60 sentə çatıb. Əgər Moskva bu məsələdə Bakı ilə danışıqlara getsə, qiymətləri də nəzərə almalıdır”.
Xatırladaq ki, indi dünyada kəskin su problemi yaşanır. Hətta bəzi analitiklər üçüncü dünya müharibəsinin başlamasına da məhz su probleminin səbəb olacağını proqnozlaşdırır.
Yerli ekspertlər isə Rusiyanın su məsələsini ortaya atıb bundan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmasının arxasında iri geopolitik oyunların olduğunu düşünür. Onların qənaətincə, su məsələsinin Azərbaycan qazını Qərb bazarlarına daşıyacaq “Nabucco” qaz kəməri layihəsinin reallaşması ərəfəsində ortaya atılması təsadüfi deyil. Xatırladaq ki, Rusiya “Nabucco” layihəsinə sərt şəkildə etiraz edir və bu kəməri özünün bütün Avropada şəriksiz qaz hegemonluğu ambisiyalarına ən real təhlükə sayır. Mövzuya qayıdacağıq.
  • Yazılıb
  • da (də) 2009 Jan 23