Tarix : 2009 Jan 24
Kod 10107

AZƏRBAYCANDA İQTİDAR MÜXALİFƏTƏ QARŞI MÜHARİBƏ APARIR

Azərbaycanda qeyri-rəsmi fövqəladə vəziyyətdir
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Azərbaycanda qeyri-rəsmi fövqəladə vəziyyətdir
Narkotiklə tutulan müxaliflərə iki ay həbs verdilər; Pənah Hüseyn isə iddia edir ki, iqtidar və YAP müxalifətlə bacara bilmir .

Artıq üç gündür ki, 18 mart referendumu ilə bağlı imza toplayan müxalifət nümayəndələri bütün ölkə boyu total repressiyalara məruz qalmaqdadırlar. Ölkənin əksər rayonlarında qeyri-rəsmi fövqəladə vəziyyət hökm sürür. Bunu bölgələrdən gələn xəbərlər də sübut edir.
“18 martdan sonra səni kənddən sürgün etdirəcəyik”
Müsavat Partiyasının Xaçmaz rayon təşkilatının sədri Ramazan Əliyevdən aldığımız xəbərə görə, referendumla bağlı imza yığan müsavatçılar dünən yerli icra strukturlarının təzyiq və təqibləri ilə üzləşiblər. Ramazan bəyin dediyinə görə, dünən Xudat şəhər bələdiyyəsinin sədri Elman Allahyarov imza yığan müsavatçı Çingiz Kərimovu yanına çığıraraq ona hədə-qorxu gəlib. Bələdiyyə sədri Çingiz bəyə bildirib ki, imza vərəqəsini ona təhvil verməsə həbs ediləcək.
Elə həmin gün rayonun Mərəcan kənd icra nümayəndəsinin müavini Qalib Tarıverdiyev müsavatçı Heybət bəyin  evinə basqın edib. Bir neçə nəfərlə Heybət bəyin evinə gələn qoçular ondan imza toplanmasını dayandırmağı tələb ediblər. Ona açıq şəkildə bildiriblər ki, imza toplamağa davam etsə, referendumdan sonra onu kənddən sürgün edəcəklər.
Rayonun Qarabağlar kəndində imza yığan Bəhruz Mustafayev də yerli icra nümayəndəsi və bələdiyyə sədrinin təzyiqlərinə məruz qalıb.
Bu arada rayonun Gödəkli kəndində imza yığan Mehman İsmayılovu sahə müvəkkili Adil Məkiyev həbs edərək Xaçmaz Rayon Polis Şöbəsinə aparıb. Onun yığdığı imza vərəqəsini əlindən alıb cırıblar. Bundan başqa dünən yerli polis şöbəsinə siyasi mənsubiyyəti olmayan Eldar Çobanovu da gətiriblər. E.Çobanovun günahı o olub ki, imza vərəqəsinə imza atıbmış. Xaçmaz Rayon Polis Şöbəsinin Talıbov soyadlı növbətçisi ilə əlaqə saxladıqda, o bildirdi ki, şöbəyə heç kim gətirilməyib. Amma yerli müsavatçıların və saxlanılanların qohumlarının verdikləri məlumata görə, həm Çobanov, həm də İsmayılov polis şöbəsinin təcridxanasındadırlar.
Ramazan bəyin dediyinə görə, bütün bu təzyiq və təqiblərə baxmayaraq müsavatçılar böyük fədəkarlıq göstərərək imza toplanmasını davam etdirirlər: “Amma biz dəqiq məlumat əldə etmişik ki, yerli icra strukturlarına tapşırıq verilib ki, imza toplayanların vərəqələrini onların əlindən alıb korlasınlar, ya da cırıb yandırsınların”.
Dünən Xaçmaz rayonunda qeyri-rəsmi fəvqəladə vəziyyət hökm sürüb. Rayondakı mənbəmizin dediyinə görə, icra başçısı Şəmsəddin Xanbabayevin tapşırığı ilə kəndbəkənd düşən yerli məmurlar camaata hədə-qorxu gəliblər ki, müxalifət nümayəndələrinə imza verməsinlər.
Ş.Xanbabayev keçirdiyi müşavirədə tapşırığın Prezident Aparatından gəldiyini bildirib.
İcra başçısı deyib ki, hansı kənddən müxalifət imza yığsa, o, kəndin icra nümayəndəsi, bələdiyyə sədri vəzifəsindən çıxarılacaq.
Mənbəmizin dediyinə görə, rayonun kiçik bir kəndinin bələdiyyə sədri müsavatçılara yalvarıb ki, onun ərazisindən imza yığmasınlar. Sən demə, o, icra başçısı ilə danışıb, bu yaxınlarda yaxşı bir vəzifəyə getməlidir.
“İmzanı geri götürməsən, universitetdən qovacağıq”
İmza toplamayla bağlı ən gərgin vəziyyət həm də Sumqayıtda yaşanır.
Yanvarın 22-si yerli polis Müsavatın Sumqayıt şəhər təşkilatının sədr müavini Fəxrəddin Abbaslını və başqa bir müsavatçı Azər Nağıyevi saxlayıblar.
F.Abbaslının “Azadlıq” radiosuna dediyinə görə, Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə Sumqayıtdakı Tağıyev qəsəbəsində imza toplayırmış: “Axşam 8-in yarısında qərargaha qayıdarkən polislər məni avtobusdan düşürüb Sumqayıt şəhər Polis İdarəsinin 2-ci bölməsinə gətirdilər.
Məlum oldu ki, məni saxlamaq üçün az qala bütün DYP-ni ayağa qaldırıblar. Rəis müavini mənə dedi ki, sən imza toplamaq üçün camaatı aldatmısan. Əlimdəki imza vərəqlərini aldılar. Bir vərəqdə 31, o birində 5 seçicinin adı vardı. Dedim ki, mənə seçicilərdən gələn şikayət ərizəsini göstərin. Amma əllərində rəsmi müraciət yox idi. Polis iddia edir ki, guya mən imza almaq üçün deputat köməkçisi kimi onların tikdiyi qanunsuz gecəqonduların sənədləşdirilməsinə kömək edəcəyimizi demişəm. Guya başqa birinə demişəm ki, İlham Əliyevin üçüncü dəfə seçilməsini istəyirik və vərəqə imza atın. İmza atanlardan biri də guya polisə deyib ki, özü evdə olmayıb, əvəzinə atası qol çəkib. Polisdə dedilər ki, qadınları gətirib ifadə alacağıq. Amma mən polisdə seçicilərdən ikisini görmüşəm. Məni gecə evə buraxanda Vəli və Xasməmməd adlı iki seçici hələ ordaydılar. Göstəriş veriblər ki, mənim necə imza toplamağımla bağlı yerlərdə araşdırma aparsınlar”.
Fəxrəddin bəyin dediyinə görə, onu evə buraxanda  seçki vərəqələrini geri qaytarmayıblar.
Sədr müavini onu da deyib ki, saxlanılan digər müsavatçı Azər Nağıyev bütün gecəni Sumqayıt Şəhər Polis Şöbəsinin 1 saylı bölməsində keçirib. Sən demə, Azər bəyi də eyni ittihamla saxlayıb, seçiciləri aldatmaqda günahlandırırlar: “Təşviqat qrupunun üzvlərinə MSK-nın möhürü olan imza vərəqələri veriblər. Sənədin başında yazılıb ki, respublikaçılar referendum qrupu. Amma mənə çatan məlumata görə, Azər bəyə qarşı ittiham sürülüb ki, guya ağ vərəqə imza atdırırmış. Bu mümkün deyil, biz rəsmi sənədə imza atdırırıq”.
Sumqayıt şəhər təşkilatının sədr müavini F.Abbaslı bizimlə söhbətində onu da bildirdi ki, o, dünən yenidən saat 11-də polis idarəsinə çağırılıb. İdarənin 2-ci bölməsində dindirildikdən və izahat alındıqdan sonra Fəxrəddin bəy sərbəst buraxılıb.
Həmsöhbətimizin dediyinə görə, imza vərəqələrində adı olan bütün şəxslərə təzyiqlər davam edir. Dünən universitet tələbəsi olan qıza hədə-qorxu gəliblər ki, imza atdığına görə onu ali məktəbdən xaric edəcəklər. Tələbə qız isə imzasının arxasında durduğunu bildirib.
Tovuzda müsavatçılara rüşvət təklif edirlər
Ölkənin Qərb zonasında da vəziyyət ürəkaçan deyil. Müsavat Partiyası Tovuz rayon təşkilatının sədri İlham Məmmədov verdiyi məlumata görə, referendumla bağlı imza verən şəxsləri işdən çıxarılacaqları ilə hədələyirlər. Rayonda bir repressiya ab-havası höküm sürür: “ Müsavatın təşkilat katibi Elçin Məmmədovun özünü və bütün qohumlarını sıxışdırırlar. İmza vərəqəsinə qol çəkən sakinlərin evlərinə gedib, onları qorxudurlar və tələb edirlər ki, bizdəki vərəqələrdə adlarını pozsunlar. Bütün kəndlərdəki icra nümayəndərinə tapşırılıb ki, müxalifətdən imza toplamağa gələnlərə imkan verməsinlər. Elçin Məmmədova qeyri-rəsmi şəkildə 3 min manat rüşvət təklif ediblər. O, bunun qarşılığında imza vərəqələrini yerli hakimiyyətə təhvil verməlidir. Bütün bunlara baxmayaraq dözürük və imzaları toplayıb, vərəqələri YAP-ın yox, Müsavatın mərkəzi qərərgahına çatdırmağa çalışırıq”.
Eyni vəziyyət Qazax rayonunda da hökm sürür. Müsavat Partiyası rayon təşkilatının sədri İlqar Mustafayevdən aldığımız məlumata görə, imza toplanması ilə bağlı hədələyici ismarıclar alırlar.
Referendumla bağlı imza atanları da hədələyirlər
Müsavatın Saatlı rayon təşkilatından aldığımız məlumata görə, burda da imza toplayanlara qarşı təzyiqlər var. Təşkilatın sədri Miri Ağayevin verdiyi məlumata görə, nəinki imza yığanları, imza atanları da işdən çıxarmaqla hədələyirlər.
Bu arada Müsavat Partiyası Zaqatala rayon təşkilatının fəalı Qüdrət Mamayev də polis tərəfindən saxlanılıb. Onun imza vərəqələri əlindən alınıb. Həmin imza vərəqələrində “Respublikaçılar” təşviqat qrupunun lehinə imza atmış 12 seçici polis şöbəsinə çağırılıb. Onlar şöbədə təzyiqlərlə üzləşiblər.
Dünən Müsavat Partiyası İsmayıllı rayon təşkilatının sədri polis şöbəsinə çağırılıb. Ona xəbərdarlıq ediblər ki, imza toplanmağını dayandırmasalar, cəzalandırılacaqlar.
Neftçala rayonunda texniki peşə məktəbində mühəndis işləyən Hilal Cəfərov isə “Respublikaçılar” təşviqat qrupu üçün imza toplandığına görə işdən çıxarılıb.
Dünən AXCP-nin Mingəçevir şəhər təşkilatının sədri Süleyman Kərimov da polis idarəsinə çağırılıb. Ondan imza toplamağa son qoyulması tələb edilib.
“Tapşırıq Prezident Aparatından verilib”
Sabirabad rayonunda referendumla bağlı imza topladığı üçün həbs edilən AXCP üzvləri Mövsüm Əsgərov və Rasim Sadıqov isə hələ də polis şöbəsində saxlanılır.
Adıçəkilən rayondan millət vəkili seçilmiş Pənah Hüseyndən aldığımız məlumata görə, srağagün Sabirabadda olub və baş verənlərlə bağlı kifayət qədər fakta malikdir: “Rayonda olarkən məlumat aldım ki, bir qədər əvvəl Sabirabad İcra Hakimiyyətində kənd icra nümayəndələrini iştirakı ilə toplantı keçirilib. Toplantıda qərara alınıb ki, müxalifətin referendumla bağlı imza toplanmasına maksimum mane olunsun. Hətta bəzi fəal müxalifətçilərin qohumlarına, yaxınlarına mesaj da göndəriblər ki, bu işdən əl çəkməsələr, onları həbs gözləyir. Mən güman etmirəm ki, Sabirabaddakı həbslər yerli polisin özfəaliyyətidir. Əslində istər Sabirabadda, istərsə də digər rayonlarda baş verən repressiv müdaxilələr birbaşa Prezident Aparatından verilən tapşırıqdır. Belə görünür ki, yaxın ətrafı İlham Əliyevi inandıra bilib ki, referendum, ona hazırlıq, müqavimətsiz və sakit keçəcək. Amma müxalifətin bu cür fəallığı və aktivlik nümayiş etdirməsi həmin adamları pis vəziyyətdə qoyub”.
Pənah bəyin dediyinə görə, həbs edilən hər iki müxalifət nümayəndəsini yaxşı tanıyır: “Hər ikisi AXCP üzvləridir. Bu adamlar 20 ildən çoxdur ki, mübarizədədirlər, sıravi müxalifətçi kimi fədəkar insanlardır. Yüzə-yüz ona da əminəm ki, onların heç biri narkotikdən istifadə etmir. Mənə ağır gələn odur ki, həbs olunan hər iki şəxs, necə deyərlər, əlsiz-ayaqsızlardır. Rasim bəy kiçik bir dükanda işləyir. Himayəsində 4 nəfər əlil şəxs var. Mövsüm bəy də çox ağır şəraitdə yaşayır. Sabirabadda yerli hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşdüm. Onlar məni inandırmaq istəyirlər ki, guya bu həbslər referendumla bağlı deyil. Amma fakt faktlığında qalır”.
Dünən millət vəkili Sabirabaddakı həbslərlə bağlı daxili işlər naziri Ramil Usubovla da telefonla əlaqə saxlayıb və məsələni şəxsi nəzarətinə götürməyi xahiş edib: “Mənim məqsədim həbs olunanların tezliklə həbsdən çıxmalarına nail olmaqdır. Və bunun üçün var gücümlə səy göstərəcəm”.
Təəssüf ki, yerli müxalifətçilərin cəzası daha da ağırlaşdırılıb. Dünən günün sonunda aldığımız xəbərə görə, M.Əsgərov və R.Sadıqovun barələrində iki ay müddətinə həbs-qəti imkan tədbiri seçilib.
Pənah bəy daha sonra bildirdi ki, son iki gün ərzində 12 rayonda və şəhərdə 40-a yaxın şəxsin imza toplanmasına total maneçilik, polis zorakılığı, həbslər müxalifətin gücünə və hakimiyyətin narahatlığına sübutdur:
“Əslində müxalifət qarşısına qoyduğu məqsədin yarısına nail olub. Bir  daha sübut olundu ki, iqtidar və YAP müxalifətlə bacara bilmir və buna hazır deyil”.
“Hakimiyyət təşvişə düşüb”
Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə “Azadlıq” radiosuna deyib ki, imza toplayan müxalifətçilərin həbsləri hakimiyyətin təlaşından irəli gəlir: “Hakimiyyət müxalifətin təşkilatlanmasından ciddi narahat olmağa başlayıb”.
İ.Ağazadənin sözlərinə görə, yerlərdə müxalifət həmişə birliyə üstünlük verib: “Elə bu da hakimiyyəti təşvişə salıb. İndisə mərkəzdə birləşmə regionlara da psixoloji üstünlük verib, onlar görünməmiş aktivlik nümayiş etdiriblər. Hakimiyyətsə bu aktivliyi boğmaq istəyir”.
Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli isə “Respublikaçılar” təşəbbüs qrupu üçün imza toplayan şəxslərə təzyiq edilməsi ilə bağlı daxili işlər naziri Ramil Usubova, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova və Prezident Aparatının ərazi idarəetmə şöbəsinin müdiri Zeynal Nağdəliyevə müraciət edib. Bu barədə APA-ya məlumat verən A.Səmədbəyli adı çəkilən şəxslərlə telefon əlaqəsi yaratdığını və baş verən qanun pozuntularını onların diqqətinə çatdırdığını deyib: “Onlar mənə bildirdilər ki, guya yerlərdə əhalini aldadıb imza atdırırlar. Mən isə cavab verdim ki, yerlərdə müsavatçıları hamı tanıyır. Əgər seçici istəsə, onlara imza verəcək, istəməsə yox. Daxili işlər naziri də, digərləri də konkret faktlarla maraqlanacaqlarını və ölçü götürəcəklərini söylədilər”.
Avropa Şurasının Venesiya Komissiyasının seçki və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov da “Azadlıq” radiosuna deyib ki, müxalifətçilərin həbsindən məlumatsızdır.
Azərbaycanda keçiriləcək referendumla bağlı onlara dəvət gəlməsə də, ümumilikdə cənab Kuznetsov prezidentlik müddətinin ləğvilə bağlı Konstitusiyaya nəzərdə tutulan dəyişikliyi “qeyri-adi” adlandırıb: “Mənim bildiyimə görə, Avropanın elə bir ölkəsi yoxdur ki, orda prezidentlik müddətinə məhdudiyyət olmasın. Normal olaraq, güclü dövlət başçısı olan Avropa ölkələrində onun yenidən seçilmə şanslarını məhdudlaşdırmaq təcrübəsi var”.
Qəzet çapa hazırlanarkən bölgələrdəki demokratik düşərgə təmsilçiləri qəzetimizi arayaraq həyəcanlı xəbərlər verməkda davam edirdilər. Ölkə boyunca siyasi mənsubiyyətcə müxalifətçi olanları total şəkildə sıxışdırır, həbs edir və onlara təhdidli xəbərdarlıqlar verirlər. Bəzi ekspertlərin fikrincə, iqtidar nəyin bahasına olursa olsun, müxalifətçilərin qeydiyyatdan keçmək üçün lazım olan miqdarda imza toplamasını əngəlləmək istəyir. Baş verən proseslər 2005-ci ildən sonra düşərgələr arasında müşahidə olunan ən böyük toqquşmadır. Qəribə burasındadır ki, bir neçə ay öncə keçirilən prezident seçkilərində müxalifətin bu qədər fəallığı müşahidə olunmamışdı.
  • Yazılıb
  • da (də) 2009 Jan 24