Tarix : 2009 Jan 24
Kod 10130

NARDARANDA HƏBSLƏR BAŞLADI

Həbs olunanların harada saxlandığı hələlik məlum deyil
Azərbaycan servisi/Aran Agentliyi
Bu gün Nardaran kəndindən olan şəxslər həbs olunub. Əldə etdiyimiz məlumata görə, əməliyyat səhər saatlarında Nərimanov rayonunun ərazisində keçirilib. Həbs edilənlərdən Məşədi Natiq Kərimovun oğlu Nasir Kərimov əməkdaşımızla söhbətində bildirib ki, onun atası Məşədi Natiq, kənd ağsaqqallarından Hacı Əli Hüseynov, Hacı Fəyyaz Nəbizadə və onun oğlu Ürfan Nəbizadə Bakıda keçirilən islami konfransda iştirak edən zaman içəri 10-15 nəfər mülki geyimli şəxs daxil olub və adları yuxarıda çəkilən şəxsləri həbs edərək naməlum istiqamətə aparıblar. Zaldakılar tutulanların aparılmasına mane olmağa çalışsalar da, buna nail ola bilməyiblər.
N.Kərimovun sözlərinə görə, bu barədə ona hadisənin şahidlərindən biri xəbər verib: “Biz tutulanların hansı polis bölməsində saxlanması ilə bağlı ayrı-ayrı polis idarələrinə müraciət etdik, ancaq heç yerdən bizə mzlumat vermədilər və hazırda bilmirik ki, onları harda saxlayırlar.
Qeyd edək ki, bəzi məlumatlı mənbələr həbs olunan nardaranlıların Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsində saxlanıldığını söyləsələr də, bölmədən bildirildi ki, əməliyyatı onlar həyata keçirməyiblər: “Əgər belə bir əməliyyat keçirilibsə, onu yuxarı orqanlar keçirib”. 
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirib ki, hazırda nardaranlıların həbsinin səbəbləri dəqiqləşdirilir və bu barədə ətraflı məlumat veriləcək.
Başqa bir qaynağımızın verdiyi məlumata görə, əməliyyatı Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları keçiriblər, həbs olunan şəxslər isə fəallıqları ilə seçilən adamlardır və son günlər Nardaranda təşkil olunan anti-İsrail şüarlı mitinqlərin təşkilatçılarındandırlar.
Bu barədə daha təfsilatlı materialı “Yeni Müsavat”ın sabahkı sayında oxuya biləcəksiniz.
  • Yazılıb
  • da (də) 2009 Jan 24