Tarix : 2009 Jan 25
Kod 10148

HƏBSLƏR NARDARANDA NARAZILIQ YARADIB

Camaat aksiyaya hazırlaşır, tutulub-buraxılanlar isə polis rəisindən izahat istəyir
Azərbaycan servisi/Aran Agentliyi
Xəbər verdiyimiz kimi, srağagün bir qrup Nardaran sakininin həbs olunması ilə yekunlaşan əməliyyat keçirib. Məlumata görə, əməliyyat səhər saatlarında Nərimanov rayon ərazisində aparılıb. Ancaq axşam saatlarında həbs edilənlərdən Natiq Kərimov, Fəyyaz Nəbizadə və onun oğlu Urfan Nəbizadə azadlığa buraxılsa da, Hacı Əli Hüseynov barəsində cinayət işi qaldırılıb və hazırda onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığı söylənilir. Qeyd edək ki, hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı açıqlamalarına görə, Ə.Hüseynov yanvarın 9-da Nardarandakı “İmam Hüseyn” meydanında keçirilən anti-İsrail mitinqində millət vəkili Sabir Rüstəmxanlının ölümünə fitva verdiyi üçün saxlanılıb. Məlumatda o da vurğulanıb ki, Hacı Əli Hüseynov barədə Sabunçu Rayon Prokurorluğunda CM-nin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərbə vurmaqla hədələmə) maddəsi ilə cinayyət işi açılıb.
Son məlumatları almaq üçün dünən kənd ağsaqqalı Məşədi Natiq Kərimovla əlaqə saxladıq. N.Kərimov bizimlə söhbətində bildirdi ki, Hacı Əlinin həbsi ilə əlaqədar kənddə ciddi narazılıq var: “Demək olar ki, kənd qaynayır. Camaat Hacı Əlinin həbsinə etiraz əlaməti olaraq kütləvi aksiyalara hazırlaşır. Amma hələlik onlardan aksiyaları dayandırmağa xahiş etmişəm. Dünən gecə başımıza açılmış oyunlarla bağlı 14-cü polis bölməsinin rəisi ilə telefon əlaqəsi saxladıq. Rəis bizimlə söhbətində bildirdi ki, bu məsələdən xəbəri yoxdur. O, məsələni araşdırmaq üçün bizdən bir gün vaxt istəyib. Çox güman ki, bu gün biz bölmə rəisi ilə birlikdə Sabunçu Polis İdarəsinə gedəcəyik. Mən dəqiq bilirəm ki, Hacı Əli barəsində cinayət işi ilk olaraq Sabunçu Polis İdarəsində açılıb. Amma bizi nə üçün ”bandotdel"in əməliyyatçıları həbs ediblər, onu başa düşə bilmirəm".
  • Yazılıb
  • da (də) 2009 Jan 25