Tarix : 2009 Jan 26
Kod 10163

MƏŞƏDİ NATİQ KƏRİMOV:''KƏNDİMİZLƏ HÖKÜMƏTİ ÜZ-ÜZƏ QOYMAQ İSTƏYƏN QÜVVƏLƏR VAR''

Nardaran camaatı kənd ağsaqqalının həbsinə etiraz olara kütləvi aksiyalara hazırlaşır
Azərbaycan servisi/Aran Agentliyi
Srağagün bir qrup Nardaran sakininin həbs olunması ilə yekunlaşan əməliyyat barədə dünənki sayımızda məlumat vermişdik. Bu əməliyyat səhər saatlarında Nərimanov rayonunda aparılıb.

Kənd ağsaqqalları Məşədi Natiq Kərimov, Hacı Əli Hüseynov, Hacı Fəyyaz Nəbizadə və onun oğlu Ürfan Nəbizadə İslam dininə həsr olunmuş konfransa gedərkən tutulmuş və naməlum istiqamətə aparılmışdı. Ancaq N.Kərimov, F.Nəbizadə və Ü.Nəbizadə elə srağagün axşam da azad edilib, Əli Hüseynov barədə isə cinayət işi açılıb.

O, hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanır. Azadlığa buraxılan Məşədi Natiq əməkdaşımızla söhbətində bildirib ki, onları həbs edərkən başlarına çuval (torba) keçiriblər.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı bəyan edib ki, Ə.Hüseynov yanvarın 9-da Nardarandakı “İmam Hüseyn” meydanında keçirilən anti-İsrail mitinqində millət vəkili Sabir Rüstəmxanlının ölümünə fitva verdiyi üçün saxlanılıb və onun barəsində Sabunçu Rayon Prokurorluğunda CM-in 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərbə vurmaqla hədələmə) maddəsi ilə cinayət işi açılıb. Kənd camaatı isə buna etiraz olaraq yenidən “İmam Hüseyn” meydanına yığışıb.

Kənddəki durumla bağlı son məlumatı almaq üçün dünən Məşədi Natiq Kərimovla əlaqə saxladıq. N.Kərimov dedi ki, kənddə Hacı Əlinin həbsi ilə bağlı ciddi narazılıq var: “Kənd demək olar ki, qaynayır. Camaat Hacı Əlinin həbsinə etiraz əlaməti olaraq kütləvi aksiyalara hazırlaşır. Amma hələlik aksiyaları dayandırmağı onlardan xahiş etmişəm. Dünən (srağagün-red.) gecə başımıza açılmış oyunlarla bağlı 14-cü polis bölməsinin rəisi ilə telefonla danışdıq. Rəis dedi ki, bu məsələdən xəbəri yoxdur. O, məsələni araşdırmaq üçün bizdən bir gün vaxt istəyib. Çox güman ki, bu gün bölmə rəisi ilə birlikdə Sabunçu Rayon Polis İdarəsinə gedəcəyik. Dəqiq bilirəm ki, Hacı Əli barədə cinayət işi öncə Sabunçu RPİ-də açılıb. Amma bizi nə üçün ”bandotdel" həbs edib - bunu başa düşə bilmirəm".

Hacı Əlinin xəstə və yaşlı insan olduğunu söyləyən N.Kərimov onun günahsız olduğunu deyir: “Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dedim ki, Hacı Əli heç bir səlahiyyət yiyəsi deyil. Burada səlahiyyətli mənəm. Nə sözünüz varsa, mənə deyə bilərsiniz”.

N.Kərimovun sözlərinə görə, məsələ ilə bağlı millət vəkili S.Rüstəmxanlı ilə də əlaqə saxlayıblar: “O, indi Moskvadadır, onunla telefonla danışmışıq. Sabir Rüstəmxanlı ilə heç bir problemimiz yoxdur. Bir sözdür deyilib və danışılıb qurtarıb. Amma elə qüvvələr var ki, nardaranlılarla hökuməti üz-üzə qoymaq istəyir. İndi referendum ərəfəsidir. Belə şeylər lazım deyil. Hər şey danışıqla həllini tapmalıdır. Ancaq məsələ bu yolla həll edilməsə, onda biz kənddə kütləvi aksiya keçirəcəyik. Mitinqi heç kəs bizə qadağan edə bilməz”.

Məşədi Natiq Hacı Əliyə vəkil tutacağını da dedi: “Qanuna görə, Hacı Əli ”bandotdel"də üç gün saxlanıla bilər. Bu müddətdə vəkili onunla əlaqə saxlayacaq. Mən qarşıdurmanın tam əleyhinəyəm. Amma məcbur olsaq, kənddə böyük mitinq keçiriləcək".
  • Yazılıb
  • da (də) 2009 Jan 26