«Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatı referendumun ləğvini istəyir. Hərəkat bununla bağlı müzakirələrə başlamaq qərarına gəlib
Azərbaycan servisi/Aran Agentliyi
«Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatı referendumun ləğvini istəyir. Hərəkat bununla bağlı müzakirələrə başlamaq qərarına gəlib.
Hərəkat hesab edir ki, referenduma çıxarılan əlavə və dəyişiklik təklifləri mövcud Konstitusiyanın 20-yə yaxın maddəsi ilə ziddiyyət təşkil edir. Ona görə də, ümumxalq səsverməsi ləğv olunmalıdır.
Buna baxmayaraq hərəkat yaratdığı iki təşviqat qrupunun Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçməsi üçün imzatoplama kampaniyasını da davam etdirir.
Hərəkatın yanvarın 26-da keçirdiyi tədbirdə o fikir də səslənib ki, müxalifətin imza vərəqələrinə imza atan vətəndaşlar polis təzyiqləri qarşısında artıq öz imzalarından imtina ilə bağlı MSK-ya teleqramlar göndərməyə başlayıblar.
«Azadlıq» blokuna daxil olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin dediyinə görə, artıq onlar bu səbəbdən topladıqları 100-ə yaxın imzanı etibarsız hesab ediblər.
Liberal Partiyanın lideri Lalə Şövkət Hacıyeva isə məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməyin lazımlılığını diqqətə çatdırıb.
«Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatına daxil olan partiyalar iki təşviqat qrupu yaradıb. Bunlar «Respublikaçılar» və «Qarabağ və Respublika Uğrunda» təşəbbüs qruplarıdır.
Hər iki qrup imzatoplama kampaniyasında bir sıra problemlərlə üzləşdiyini, rəsmi qurumların prosesə maneçilik yaratdığını iddia edirlər.
Hakim Yeni Azərbaycan Partiyasının yaratdığı «Yeni Azərbaycan» təşəbbüs qrupu isə artıq qeydiyyatdan keçib.
Bu il martın 18-də keçirilməsi nəzərdə tutulan referendumda Konstitusiyanın 20-dən çox maddəsinə əlavə və dəyişiklik təklif edilir.
Əlavə və dəyişikliklər təklifi hakim partiyadan gəlib.