Tarix : 2009 Jan 27
Kod 10196

BU GÜN ƏLİYEVLƏ SƏRKİSYAN SÜRİXDƏ GÖRÜŞÜR

Dünən isə xarici işlər nazirləri danışıqlar aparıblar
Azerbaijan servisi /Aran Agentliyi
Bu gün İsveçrənin Sürix şəhərində Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar olacaq. Xəbər verildiyi kimi, bu görüş Minsk Qrupu həmsədrlərinin İrəvana və Bakıya son səfərləri zamanı razılaşdırılıb. Prezidentlər İlham Əliyev və Serj Sərkisyan İsveçrənin Davos şəhərində keçirilən ənənəvi illik iqtisadi forumda iştirak etmək üçün bu gün həmin ölkəyə səfər edcəklər. Görüşün formatının əvvəlki kimi qalacağı, əvvəlcə xarici işlər nazirləri və həmsədlərin iştirakı ilə müzakirələr aparılacağı, daha sonra təkbətək görüş olacağı gözlənilir.
Dünən isə Sürixdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşü hazırlamaq üçün bir araya gəliblər. Bakı vaxtı ilə axşam saatlarına təsadüf edən müzakirələr haqda informasiya yox idi. Ancaq əvvəlcədən məlum idi ki, Elmar Məmmədyarovla Edvard Nalbəndyan əvvəlcə ayrı-ayrılıqda həmsədrlərlə görüşəcəklər.Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin sözlərinə görə, nazirlərin görüşündə həmsədrlərin regiona son səfərinin nəticələri müzakirə olunacaq.
Nazirlik rəsmisi ANS-ə açıqlamasında bu il münaqişənin həll ili olacağına ümid etdiyini bildirib. O, fikrini beynəlxalq ictimaiyyət qarşısında Ermənistanın mövqeyinin getdikcə zəifləməsi və bu ölkənin bir çox beynəlxalq layihələrdən kənarda qalması ilə əsaslandırıb. Onun fikrincə, rəsmi İrəvan hazırkı vəziyyəti nəzərə alaraq danışıqlar prosesində dönüş yaratmalıdır. Qeyd edək ki, nizamlama Madrid prinsipləri adlanan sənəd üzərində aparılır.
  • Yazılıb
  • da (də) 2009 Jan 27