hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Yaşar Məhərrəmov barəsində açılan cinayət işinin bu işdən ayrılması barədə vəsatət qaldırıb
Azərbaycan servisi/Aran Agentliyi
APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Yaşar Məhərrəmov barəsində açılan cinayət işinin bu işdən ayrılması barədə vəsatət qaldırıb. Prokuror vəsatəti əsassız sayıb. Məhkəmə vəsatəti təmin etməyib. Şahid qismində prosesə çağrılan Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin magistratura şöbəsinin dekanı Şəkər Məmmədova ifadə verib. O, təqsirləndirilən Rövşən Əbdüləliyevi, Elşən Məmmədovu tanıdığını, onlara dərs dediyini bildirib. Şahid ibtidai istintaqda verdiyi ifadəni təsdiqləyib.
Daha sonra hakim İslam Neymanov deyib ki, şahid qismində prosesə çağrılan Nərimanov rayon Dindarları Dini İcmasının sədri Hacı Qamət Süleymanov və onun müavini Əlixan Musayev məhkəməyə gəlməyiblər. Hakim deyib ki, onların prosesə gətirilməsi üçün əlavə tədbirlər görüləcək. Prosesdə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatdan sonra saxlanılan Kamran Əsədovun, Bəxtiyar Orucovun və Fərid Cabbarovun ibtidai istintaqa verdikləri ifadənin video görüntüsü nümayiş olunub.
Video görüntüdəki ifadələrində K. Əsədov. F. Cabbarov və B. Orucov onlara qarşı irəli sürülən ittihamda qeyd olunan məqamları bildiriblər.
K. Əsədov ifadəsində deyib ki, hərbi xidmətdə olanda silahdan Allah yolunda istifadə etməyin lazımlılığını hiss edib və ilkin olaraq ABŞ-ın Azərbaycandakı səfirliyinə hücum etməyin zəruri olduğunu anlayıb.
B. Orucov da silah oğurlanmasında iştirak etdiyini və məqsədinin ABŞ səfirliyinə hücum olduğunu deyib: “Bizim fikrimiz həm də başda İlkin İsmayılov olmaqla digər din qardaşlarımız həbsdən azad etmək olub. İlkin İsmayılov bizim din qardaşımızdır. Onu azad etmək üçün Qobustan həbsxanasına hücum etməyi də düşünürdük. Bu fikir Kamran Əsədovla İlkin İsmayılov arasında həbsxanada görüş zamanı razılaşdırılıb”.
B. Orucov onu da deyib ki, K. Əsədov və F. Cabbarov MTN tərəfindən tutulandan sonra silahları İsmayıllıda gizlədib: “İki qumbaranı özümlə götürüb Bakıya gəldim. Onu gətirməkdə məqsədim tutulan zaman özümü partlatmaq idi”.
Proses yanvarın 29-da davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.