Tarix : 2009 Jan 28
Kod 10220

XOCALI, QƏZZA, FƏLƏSTİN - MAHİYYƏTCƏ EYNİ FAKTLARDIR, HƏR BİRİ SOYQIRIM HƏRƏKƏTİDİR

Xocalı, Qəzza, Fələstin - mahiyyətcə eyni faktlardır, eyni hadisələrdir, çünki bir toplumun digər bir topluma dini inancına və soy kökünə görə yönəlmiş bir hərəkətdir
Beynəlxalq Servisi/Aran Agentliyi
İçərişəhər «Cümə» məscidi dini icmasının və DEVAMM-ın təşkil etdiyi «Şəhidlər günü» adlı sərgidə Azərbaycan xalqının erməni daşnaklığından çəkdiyi müsibətlərlə yanaşı, sionist canilərinin Livan və Fələstin xalqına, o cümlədən Qəzza əhalisinə qarşı bəşəri cinayətləri də öz əksini tapmışdı. "Yeni Musavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu sərgi barədə təəssüratlarını «Dəyərlər»lə bölüşdü:

Rauf Arifoğlu, "Yeni Musavat" qəzetinin baş redaktoru:

- Bu gün Azərbaycan üçün həm şərəf tarixidir, həm də çox ağır bir gündür. Bu günün yükü də, miissiyası da ağırdır. Bu çox yaxşıdır ki, 20 yanvar günü Azərbaycan bütün şəhidlərini yad edir və bu şəhidlərin timsalında torpaq, millət və Allah yolunda şəhid olmuş bütün övladlarımızı anır. Bu gün də belə bir gündür. Çox yaxşıdır ki, DEVAMM belə bir sərgi təşkil edib. Allah əcr versin, Allah səbir versin millətimizə. Və gələcəyimizə baxaq, gələcəyimiz xeyirli-uğurlu olsun. Şəhid verməyən toplum olü bir toplumdur, onun gələcəyi olmaz. Bizim gələcəyimiz var, çünki bizim böyük şəhidlərimiz var.

Xocalı, Qəzza, Fələstin - mahiyyətcə eyni faktlardır, eyni hadisələrdir, çünki bir toplumun digər bir topluma dini inancına və soy kökünə görə yönəlmiş bir hərəkətdir. Bu soyqırım hərəkətidir və hər birinə də münasibət, əlbəttə ki, olduqca pisdir, nifrət bəslənilməlidir. Hər üç faciə bizimkidir. Ona görə ki, bu faciələr bizi bir tərəfdən din xətti ilə bağlayır, hər iki tərəf müsəlman xalqlarıdır. Digər tərəfdən isə qan, soyqırım xəttilə bizi bir edən hadisələrdir. Ona görə də bu kimi hadisələrin hamısı, o cümlədən, Balkanlarda müsəlmanlara qarşı törədilmiş hadisələrin, Çində türk müsəlmanlara qarşı törədilmiş hadisələrin hamısı dünya tarixi və bu hadisələri həyata keçirən ölkələr üçün ləkəli hadisələrdir. Bizim üçün də gələcəyimizə bir baxış, mübarizəmizə bir baxış, millətimizə, birliyimizə, dinimizə bir baxış imkanı yaradan bir hadisədir.
  • Yazılıb
  • da (də) 2009 Jan 28