Tarix : 2009 Jan 31
Kod 10267

DAVOS FATEHİ

Debat zamanı Türkiyə baş nazirinin sözünü kəsən aparıcı erməni imiş Ərdoğan Pereslə mübahisəsindən sonra bütün müsəlman dünyasının qəhrəmanına çevrilib
Türkiyə servisi /Aran Agentliyi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsveçrənin Davos şəhərində keçirilən ənənəvi illik iqtisadi forum zamanı keçirilən debatda İsrail prezidenti Şimon Pereslə kəskin mübahisədən sonra bütün ərəb və müsəlman dünyasında qəhrəmana çevrilib. Xəbər verildiyi kimi, İsrailin Qəzzada apardığı hərbi əməliyyatlara dair debatlar zamanı Ərdoğan aparıcının Peresə cavab vermək üçün ona imkan yaratmamasına qəzəblənib, daha sonra aparıcının əlini sərt formada kənara itələyərək söz alıb və İsrailin hərəkətlərini sərt ifadələrlə tənqid edib.
Ərdoğan bunun ardınca da debatı nümayişkaranə şəkildə tərk edib və Davos forumunda iştirakını yarımçıq saxlayaraq Ankaraya dönüb. Gecə yarısı olmasına baxmayaraq baş naziri Ankarada on minlərlə adam əllərindəki Türkiyə və Fələstin bayraqları ilə qarşılayıb.
Türkiyə baş nazirinin bu hərəkəti dünyada geniş əks-səda doğurub. Çünki indiyədək heç bir ölkənin baş naziri və prezidenti arasında canlı yayımda bu cür mübahisə yaranmamışdı. Lakin Ərdoğanın hərəkətlərinə ən güclü reaksiyalar Türkiyənin özündə və ərəb dünyasında, o cümlədən Fələstində müşahidə edilir. Ərdoğanın Pereslə necə sərt mübahisə etdiyini izləyən fələstinlilər küçələrə çıxaraq əllərində “Qəhrəman Ərdoğan” yazılmış plakatlar və Türkiyə bayraqları tutub.
Ərəb mətbuatı Ərdoğanın çıxışından geniş bəhs edib. “əl-Cəzirə” telekanalı onun çıxışını ərəb dilinə çevirərək təqdim edib. Birləşmiş Ərəb Əmirliklərindən yayımlanan “əl-Ərəbiyyə” telekanalı da Ərdoğanın çıxışını baş xəbər kimi canlı yayımda təqdim edib. Ərdoğan ərəb mətbuatının şərhlərində “qəhrəman”, “müsəlman dünyasının yeni lideri” kimi təqdim edilir. Fələstinin HƏMAS təşkilatı da Ərdoğanın addımını dəstəkləyib. Təşkilatın rəsmi nümayəndəsi Türkiyə baş nazirinin bu addımından məmnunluq duyduqlarını bildirib. Dünən isə Qəzzada HƏMAS-ın təşkilatçılığı ilə Ərdoğana dəstək üçün izdihamlı nümayişin keçiriləcəyi gözlənilirdi.
Müsəlman dünyasının yeni lideri
Baş nazirin hərəkətinə Türkiyədə də ciddi reaksiyalar var. Mətbuat yazır ki, artıq Ərdoğan müsəlman dünyasında əsl lider sayıla bilər. İndiyədək dəfələrlə İsraili yer üzündən silməklə hədələyən və yəhudi liderləri barədə təhqiramiz ifadələr səsləndirən İran prezidenti Mahmud Əhmədinejad da müsəlman dünyasında şöhrət baxımından Ərdoğana çata bilməz. Mətbuat artıq Ərdoğanı “Davos fatehi” də adlandırıb.
Prezident Abdullah Gül də baş nazirin hərəkətinə dəstək verib. O, deyib ki, debat zamanı aparıcının əl hərəkəti ilə Ərdoğanın sözünü kəsməyə cəhd göstərməsi cavabsız qalacaq hərəkət deyildi və ona görə də baş nazir bu cür əsəbi reaksiya verməkdə haqlıdır. Xarici işlər naziri Əli Babacanın isə dünən Ərdoğanın ardınca Davosu tərk etdiyi bildirilir.
Lakin Türkiyə Silahlı Qüvvələrinin Ərdoğanın Pereslə mübahisəsinə reaksiyası soyuqqanlı olub. Silahlı Qüvvələrin Baş Qərargahında təşkil edilən ənənəvi həftəlik brifinq zamanı bu qurumun ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general Mətin Gürak bəyan edib ki, hər şeydən əvvəl milli maraqlara uyğun hərəkət etmək lazımdır. General Türkiyənin İsraildən almağı planlaşdırdığı “Heron” pilotsuz kəşfiyyat təyyarələri ilə bağlı müqavilənin də qüvvədə olduğunu və baş nazirin Pereslə mübahisəsindən sonra bu anlaşmanın təhlükəyə girməyəcəyini deyib.
Peres qarşıdurma istəmir, yəhudi lobbisi isə qəzəblidir
İsrail tərəfinin reaksiyaları isə qarışıqdır. Belə ki, mübahisədən sonra Peres Ərdoğana zəng vurub. Türkiyə mətbuatı xəbər yayıb ki, İsrail prezidenti debatda baş verənlərə görə Ərdoğandan üzr istəyib. Ancaq daha sonra İsrail tərəfi telefon danışığı zamanı üzr istəməkdən söhbət getmədiyini açıqlayıb. Peres özü isə dünən yaydığı açıqlamada bildirib ki, mübahisəyə baxmayaraq onun ölkəsi Türkiyə ilə qarşıdurmada maraqlı deyil. İsrail prezidenti etiraf edib ki, debat zamanı səs tonunu qaldırıb və əsəbi olub, ancaq bu, heç də Ərdoğanla şəxsi problemlərdən qaynaqlanmırdı: “Bu, bizimlə Ərdoğan arasında şəxsi məsələ deyil. İsrailin problemi fələstinlilərlədir, Türkiyə ilə yox. Biz Türkiyənin vasitəçilik missiyasını davam etdirməsini istəyirik”.
Ərdoğana bundan əvvəl cəsarət medalı verən Amerika Yəhudi Komitəsi isə Peres kimi təmkinli deyil. Bu təşkilat Ərdoğanın hərəkəti ilə bağlı çox sərt açıqlama verib. Təşkilat hesab edir ki, Ərdoğanın sözləri yəhudilərə qarşı yeni zorakılıqlara yol aça bilər və qəbuledilməz ölçüdə kobudluqdur. “Rəcəb Tayyib Ərdoğan Nobel sülh mükafatı almış İsrail prezidentinə ”siz öldürməyi yaxşı bilirsiniz" deyə sözlü hücum edib. Onun bu sözləri və İsrail prezidentinə qarşı hörmətsizliyi yəhudilərə qarşı Türkiyədə artmaqda olan nifrəti qızışdırır"- deyə təşkilatın rəhbəri David Harris bəyan edib.
Bu arada ABŞ prezidenti Barak Obamanın Yaxın Şərq üzrə xüsusi səlahiyyətli nümayəndəsi Corc Mitçell Türkiyəyə nəzərdə tutulan səfərini təxirə salıb. Mitçell İsrail-Fələstin münaqişəsini və bölgədə davamlı atəşkəsi müzakirə etmək üçün region ölkələrində səfərdədir. ABŞ-ın Türkiyədəki  səfirliyi Mitçellin “texniki səbəblərlə bağlı” Ankaraya gələ bilməyəcəyini açıqlayıb. Lakin belə görünür ki, ABŞ administrasiyası Ərdoğanın Pereslə mübahisəsindən sonra Mitçelli Ankara yolundan İsrailə dəstək olaraq döndərib. İsrail müxalifətinin isə Türkiyə ilə münasibətlərə yenidən baxmağa çağırdığı bildirilir.
Yerli müxalifət Ərdoğanı HƏMAS sözçüsü sayır
Türkiyə müxalifəti də Ərdoğanın hərəkətlərini bəyənməyib. Ana müxalifət partiyası CHP-dən olan millət vəkili Atilla Kart deyib ki, o, İsrailin addımlarına sərt reaksiyanı başa düşür: “Bəs Ərdoğan Türkiyənin milli təhlükəsizliyini, kəşfiyyatını və milli maraqlarını niyə İsrailə təslim edib?”
CHP başqan yardımçısı Onur Öymen isə hesab edir ki, Ərdoğanın hərəkətindən sonra Türkiyə beynəlxalq arenada nüfuzdan düşüb. Onun sözlərinə görə, fələstinlilərin haqq mövqeyini bu şəkildə müdafiə etmək düzgün deyil: “Ərdoğan Davos və mədəni dünya üçün bitib, Türkiyəni də öz arxasınca aparıb. Ərdoğan HƏMAS-ın sözçüsünə çevrilib zorakılıq yolunu seçən təşkilatı müdafiə edir. HƏMAS Avropanın terror siyahısında PKK ilə eyni sıradadır”.
Ərdoğanın sözünü kəsərək Peresin daha çox danışmasına imkan yaradan və bununla da debatda gərginliyə səbəb olan aparıcının da kimliyi ilə bağlı maraqlı faktlar var. Türkiyə mətbuatının xəbərlərinə görə, moderator funksiyasını həyata keçirən “Washington Post” qəzetinin yazarı David İqnatius əslində Ərdoğanı çox yaxından tanıyır, onunla dəfələrlə görüşüb, müsahibələr alıb. İqnatius Yaxın Şərq məsələsində İsrailin mövqeyini dəstəkləyir. Eyni zamanda Türkiyənin bölgədəki təşəbbüslərinə qarşıdır. Məsələn, o, son yazılarının birində Türkiyənin bölgə diplomatiyasını domino daşları ilə müqayisə edib. İqnatius həm də ermənidir. O, 1920-ci ildə Ermənistandan ABŞ-a mühacirət edən ailədə anadan olub. ABŞ-dakı erməni lobbisi ilə sıx əlaqələri var.
Növbəti emosionallıq, yoxsa məqsədli siyasət?
Ərdoğan Pereslə mübahisə etməklə ərəb və müsəlman dünyasında özünə rəğbət qazana bilib. O, yaxınlaşan bələdiyyə seçkilərində partiyasının səslərini artırmasına da nail ola bilər. Çünki Türkiyə cəmiyyətində son vaxtlar anti-Amerika ovqatı və yəhudi əleyhdarlığı güclənib. Qəzza əməliyyatlarına etiraz olaraq ən izdihamlı nümayişlərin keçirildiyi və İsrail bayraqlarının yandırıldığı ölkələrin başında Türkiyə gəlirdi. İndi isə Ərdoğan göstərir ki, o və hökuməti əzabkeş fələstinlilərin ən qatı müdafiəçisidir.
Türkiyə baş nazirinin bu cür emosionallığı əslində yeni deyil. O, müntəzəm olaraq ölkə daxilində belə emosional çıxışlar edir. Türkiyə əlində mikrofon tutaraq tribunada emosional şəkildə o yan-bu yana gedən, ucadan qışqıraraq danışan, əsəbiləşən və bəzən küçə jarqonlarında ifadələr işlədən Ərdoğan obrazına alışıb. Sadəlövh toplumlar bir qayda olaraq bu cür siyasətçiləri xoşlayır və onlar qısa zamanda populyarlaşa bilir. Lakin Ərdoğanın Davosdakı emosionallığı təkcə onun siyasətçi xarakteri ilə bağlı olmaya da bilər. Məsələ ondadır ki, Türkiyədə hakimiyyətdə olan AKP son illər sistemli olaraq ölkədə mülayim İslama söykənən rejim qurmaq yönündə fəaliyyət göstərir. AKP-nin ötən parlament seçkilərində səslərin az qala yarısını qazanmasından sonra bu fəaliyyət daha da güclənib. Davam etməkdə olan “Ergenekon” istintaqı da bu siyasətin bir hissəsi kimi görülür. Yəni Atatürk cümhuriyyətinin qatı müdafiəçiləri sistemli şəkildə sıradan çıxarılır, dünyəvi dövlətin konstitusion qarantı olan Silahlı Qüvvələr nüfuzdan salınır, etnik kürd separatizmi siyasi mərhələyə keçərək güclənir.
Paralel olaraq Ərdoğanın və onun iqtidarının ərəb-müsəlman dünyası ilə münasibətləri yeni çalarlar qazanır. Açıq-aşkar görünür ki, Türkiyənin İslam dünyasında model və lider statusunu əldə etməyə yönələn siyasət yeridilir. Bu baxımdan İsrailin Qəzzada apardığı qanlı əməliyyatlar, yüzlərlə uşağın öldürülməsi Türkiyəni İslam xilafətinin lideri rolunda görənlər üçün əsl fürsət oldu. Ərdoğan bu fürsətdən mümkün qədər çox istifadə etmək əzmindədir. Çünki İsrailin hərəkətlərini nə qədər sərt pisləsə, o qədər haqlı görünəcək, eyni zamanda ərəb dünyasında şöhrətini artıracaq. İndi Türkiyə ərəb-müsəlman dünyasına mesaj verir ki, onun maraqlarını İrandan daha güclü şəkildə müdafiə edir.
Baş nazir şöhrət qazandı. Bəs Türkiyə nə itirəcək?
Lakin Ərdoğanın ona populyarlıq qazandıran emosionallığı Türkiyə üçün ciddi problemlər də yarada bilər. Məsələn, qlobal böhranın təsirlərini hiss etməyə başlayan Türkiyə Beynəlxalq Valyuta Fondundan (BVF) 15 milyard dollarlıq təcili kredit almaq üçün quruma müraciət edib. Ancaq BVF ilə Türkiyə hökuməti arasındakı danışıqlar Ankaranın İsrailə qarşı sərt mövqeyindən sonra çətinləşib. Ərdoğan özü də etiraf edib ki, BVF krediti ayırmaq üçün hər gün yeni və daha ağır şərtlər irəli sürür. Baş nazir elə Davosa yola düşərkən də BVF-nin bu mövqeyini emosional şəkildə sərt tənqid etmişdi. Şübhə yoxdur ki, BVF kimi beynəlxalq maliyyə qurumlarında yəhudilərin təsiri güclüdür. Ona görə də Ərdoğan hökuməti kredit ala bilməyərək tezliklə lirənin kəskin devalvasiyası və iqtisadiyyatın çökməsi ilə qarşılaşa bilər.
ABŞ Konqresində “erməni soyqırımı” məsələsinin qaldırılması zamanı da problem yaşana bilər. Əvvəllər Türkiyəni müdafiə edən güclü yəhudi lobbisi artıq bu dəstəyi çəkmək niyyətində olduğunu bildirib. Doğrudur, müsəlman dünyasında Türkiyə kimi ölkə ilə yaxşı münasibətlər saxlamaq İsrailin özü üçün də son dərəcədə önəmlidir. Ancaq İsrailin və yəhudi lobbisinin Türkiyəyə təsir etmək üçün görünən və görünməyən təsir rıçaqları da var.
Dünən bir sıra ərəb ölkələrində Ərdoğanı dəstəkləyən aksiyalar keçirilib.
  • Yazılıb
  • da (də) 2009 Jan 31
Açar sözlər