Tarix : 2009 Feb 01
Kod 10319

BAKIDA NEFT DAŞIYAN QATAR AŞIB

“Azpetrol” şirkətinə məxsus 35 vaqondan ibarət qatarın 4 vaqonu relsdən çıxıb, 2 vaqon aşıb
Azərbaycan servisi/Aran Agentliyi
Bakıdan Batumiyə xam neft aparan qatar Hacıqabul rayonu ərazisində aşıb. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, qəza bu gün saat 5.00 radələrində Hacıqabul dəmiryolu stansiyasının ərazisində baş verib.

“Azpetrol” şirkətinə məxsus 35 vaqondan ibarət qatarın 4 vaqonu relsdən çıxıb, 2 vaqon aşıb. Aşan vaqonlardan birindən ətrafa təxminən 4-5 ton xam neft axıb. Hazırda ətrafa dağılmış xam neft sorularaq, digər vaqonlara vurulur.

Hacıqabul dəmiryolu stansiyasının rəisi Rafiq Qafarov APA-nın yerli bürosuna bildirib ki, qəzanın nəticələri aradan qaldırılır, artıq 2 vaqon relsə qoyulub, qalan 2 vaqonun da qoyulması üçün lazımi tədbirlər görülür. Stansiya rəisi qəzanın baş verdiyi yolda hərəkətin dayandırıldığını, bununla belə, sərnişin, eləcə də yük qatarlarının ehtiyat yoldan istifadə etdiyini bildirib: “Ərazidə qatarların hərəkəti dayanmayıb, qəzanın nəticələrinin aradan qaldırılacağı müddətdə ehtiyat yoldan istifadə olunacaq”.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Qəzanın səbəbləri araşdırılır.
  • Yazılıb
  • da (də) 2009 Feb 01