Tarix : 2009 Feb 02
Kod 10321

ŞEYXƏ QARŞI KAMPANİYA PREZİDENT APARATINDA MÜZAKİRƏ OLUNUB ?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə barəsində təhqiramiz məqalələr yazdıran şəxslərin kimliyinin cəmiyyətə açıqlanacağını deyib
Azerbaijan servisi /Aran Agentliyi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə barəsində təhqiramiz məqalələr yazdıran şəxslərin kimliyinin cəmiyyətə açıqlanacağını deyib. Qeyd edək ki, QMİ sədri bir neçə gün öncə “qoyun cildinə girmiş canavarların dərisi soyulacaq” deyə bildirmişdi. Qarşı tərəf isə dolayısı ilə bunu fitva kimi qiymətləndirmişdi. Allahşükür Paşazadə buna aydınlıq gətirərək deyib ki, o, sadəcə, “qoyun cildinə girmiş canavar” zərb-məsəlini xatırladıb.
Şeyxin onun haqqında sifarişli məqalələr yazdıranları tapıb üzə çıxaracağını əminliklə söyləməsi heç də təsadüfi deyil. Redaksiyamıza etibarlı mənbədən verilən informasiyaya görə, QMİ sədri haqqında yazılanlarla bağlı ötən ayın sonlarında ölkə başçısı İlham Əliyevlə görüşüb. O, həmin məqalələrin arxasında kimlərin dura biləcəyini də prezidentə açıqlayıb. Onun şikayətindən sonra şeyxin şübhələndiyi yüksək rütbəli məmurlar ölkə başçısının qəbuluna çağırılıb və Allahşükür Paşazadənin iştirakı ilə onlarla söhbət edilib. Təbii ki, buna görə məsuliyyət daşıyan, yəni yazıların sifarişini verən şəxslər bunu boynuna almayıb. Buna baxmayaraq, dövlət başçısında həmin yazıların kim tərəfindən yazdırılması barədə dəqiq məlumatlar var. Xəbərə görə, həmin adamlar özləri etdiklərini boyunlarına almasalar da, dövlət başçısı məsuliyyət daşıyan şəxsin üzə çıxarılması üçün lazımi tədbirlər görülməsini tapşırıb. Şeyx əmindir ki, həmin adamların sırasında birinci olmasa da, onun əlaltılarından biri məhkəmədə ifşa ediləcək. Bu səbəbdən də tam arxayınlıqla həmin şəxsləri məhkəmə vasitəsi ilə ictimaiyyətə tanıdacağını deyib. Çünki onun əlində artıq kifayət qədər məlumatlar var.
Məlumatı verən mənbə söylədi ki, QMİ rəhbərinə qarşı kampaniyanın başında duran adamın dərhal ifşa edilməməsi onun nazir səviyyəsində bir şəxs olması ilə bağlıdır. Amma ölkə başçısının “kimliyindən asılı olmayaraq, həmin adam cəzalandırılacaq” deməsindən sonra şeyx bu məsələnin üzərinə daha ciddi şəkildə gedir.
Bəzi media vasitələrində gəzən xəbərlərə görə isə, kampaniyanın aparıcı simalarından biri də deputat Əhəd Abıyevdir. Lakin Abıyevin özü bu məlumatı qəzetimizin müxbirinə qətiyyətlə təkzib etmişdi.
  • Yazılıb
  • da (də) 2009 Feb 02