Azerbaijan servisi /Aran Agentliyi
Onu ilk dəfə görəndə təəccübdən quruyub qalmışdım. Həm başına bağladığı yaylığı, həm satdığı kitablarının qəribə reklamı, həm də özünün barəsində dediyi ifadələrlə elə mənimtək çoxlarını təəccübləndirmişdi.
Alnınadək çəkdiyi ləçəyin üstünə “Qarabağ” yazılmış ağ kağız yapışdırması da diqqətçəkən məqam idi. Növbəti dəfə qəhrəmanımı “Şair xalqın qoyun oğluyam”, “Qeyrətli xalqın biqeyrət oğluyam” deyə-deyə vaqonda var-gəl edən görəndə onunla həmsöhbət olmaq istədim. İki manata satdığı kitabını almaq bəhanəsilə onu söhbətə çəkdim. Adamlardan uzaq, sakit bir guşəyə çəkilmək təklifimdən imtina eləmədi. Dərdli adam danışan olar deyiblər. Sanki dərdini bölüşməyə adam axtarırmış:
- Mən uşaqlıqdan ”bəli", “xeyr”dən başqa söz bilməmişəm. Məni niyə dəlixanaya basmalıydılar ki? Lənkəran dəlixanasından çıxıb Azərbaycan Dövlət Universitetinə girmişəm. Masallının Yeddioymaq kəndindənəm.
“Leninə məktub yazıb, qoyun istədim”
- 1976-cı ildə ilk şerim çıxanda mənim gözlərim açıldı. O vaxt ilahi tərəfindən mənə vergi verildi. Bir dəfə şeirlərimi apardım qəzetə. Dedilər pul gətir, kitabını buraxaq. “Pulum yoxdur” deyəndə bildirdilər ki, onda bir dənə qoyun gətir. Gedib bir kök qoyun tapıb, apardım. Ancaq razılaşmayıb dedilər ki, bir qoyun azdır, birini də tap. Onda mən götürüb Leninə yazdım ki, hörmətli Lenin qardaş, qurbanın olum, mənə 5-6 dənə qoyun göndər, şeirlərimi dərc etdirim. Demə, məktub 18 gündən sonra Azərbaycana qaytarılıbmış. Bir də gördüm kənd soveti deyir ki, səni Masallı rayon prokuroru çağırır. Gəldim. Prokuror soruşdu ki, Lenin sağdır? Dedim, bəli, sağdır. Qayıtdı ki, qoyunu neynirdin? Dedim redaksiyaya verəcəkdim. Prokuror dedi ifadə ver ki, əsəbiləşib yazıbsan. Bildirdim ki, yox, əsəbiləşməmişəm, bir qoyunu verdim, başqasını da istədilər. Ona görə Lenindən qoyun istədim. Məni Lənkəran dəlixanasına basdılar. Əl-ayağım bağlı dəlixanaya apardılar. Sağ olsun dəlixananın baş həkimi Mirismayılı, dedi, Bəşir, səndə dəlilik yoxdur, aşıq, şair istedadı var...
B. Kəsərli deyir ki, Bakıya gəlib şin zavodunda işə düzəlib: “Elə onda da sənədlərimi verib universitetin jurnalistikasına girdim. Özü də “5”lə girdim.
“Rəis erməniyə 140, mənə 40 manat yazırdı”
- Ömrüm boyu şin zavodunda süpürgəçi işləmişəm. Bizim sexin rəisi Oqtay Bayramov Roza adlı erməni süpürgəçiyə 140 manat, mənə isə 40 manat yazırdı. Dedim, Oqtay müəllim, gərək mən erməni arvad olaydım ki, sən mənə də 140 manat yazaydın?
Özünün dediyinə görə, bir neçə təhsil müəssisəsini bitirib və həm də Konservatoriyanın vokal sinfində oxuyub: “Konservatoriyaya məni Tofiq Quliyevlə Vasif Adıgözəlov düzəltdi. Dedilər, Bəşir, səndə fitri istedad var, gir oxu. Axşamdan-axşama gedib oxuyurdum. 52 yaşımda universitetə girmişəm, 60 yaşımda isə konservatoriyaya daxil oldum. Tofiq Quliyev mənim xətrimi çox istəyirdi. Onunla bir yerdə oturub-dururdum. (Doğrusu onun bu cür iddialarını yoxlamaq imkanlarımız olmadığı üçün onlara inanıb-inanmamağı oxuculara buraxırıq - red.)
- Bu qədər təhsiliniz, istedadınız olduğu halda nədən ixtisasınız üzrə işləməyibsiniz?
- İş verməyiblər də. Ömrüm boyu süpürgəçi işləmişəm. Mənim 100 kitablıq əsərim var. İstəyirsən bir poemanı bir oturuma yazım. 12 kitabım var. Birini satıb o birisini çıxartdırıram.
İlk kitabını necə nəşr etdirməsindən danışır: “O vaxt şin zavodunda süpürgəçi işləyirdim. Zavodun ətrafındakı butulkaları yığıb mağazaya verdim. Onun pulu ilə ilk kitabımı - ”Gəz məni"ni “Gənclik” nəşriyyatında çıxartdım. 12-ci kitabım nəşrdədir. Mənim kitablarımın tirajı mindən aşağı olmur. Sonuncu kitabım 10 min çıxacaq. Bu kitabları ancaq özüm satıram. Kitabın pulu ancaq yeni kitabın nəşrinə gedir. Dolanmaqdan ötrü pensiya pulundan istifadə edirik. Elə olur ki, metroda kimsə 1 manat verir, ancaq kitabımı götürmür. Mən o pulu döş cibimə yığıram və gətirib yoldaşıma verirəm. Həmin pullar evdə bir qutuya yığılıb. Axı mən şəxsiyyətəm, vicdanıma sığışdırmaram ki, o pulu yeyəm. O pullar hansısa dilənçiyə, əlilə-çolağa getməlidir. O gün yoldaşım Ucara gedirdi, mən həmin pula “pesok” aldım, yetim-yesirə paylasın.
- Metroda kitab satmağına mane olurlar?
- Polis dostum var, məni tapşırıb ki, kim Bəşirə bir söz desə, onun poqonunu çıxardaram. Ona görə də dəymirlər. Amma Tağı Əhmədov yaxşı adam deyil. O mənim kitabımı alıb cırdı. Metroda kitab satdığım yerdə üstümə cumdu, apartdırdı “28 May” metrosuna, polislərə dedi aparın bölməyə. Bölməyə aparanda polislərdən biri dedi ə, bu, Bəşir Kəsərlidir, niyə gətiribsiniz bura.
- Başına yaylıq bağlamağının səbəbi nədir?
- Mənim papaq qoymağa haqqım yoxdur. Bizim ana-bacımız, torpağımız erməni əlindədir. Ona görə də yaylıq bağlamışam. Nə qədər ki, Qarabağ alınmayıb, mən yaylıqla gəzəcəyəm.
- Bəs, evdə nə deyirlər?
- Yoldaşıma deyəndə bildirdi ki, ağıllı iş görürsən. Kişinin namusu, qeyrəti erməninin tapdağında olmaz. Mən Xocalıda olmuşam. Onda “Milli Birlik” qəzetində işləyirdim. Oturan yerdə donmuş ananın qucağından uşağı götürəndə gördük salamatdır. Rayonlara gedəndə yoldaşım deyir ki, yolda sənə gülürlər. Ona görə də deyir heç olmasa yolda yaylığı aç, getdiyin yerdə bağla.
- Bu geyimdə sizə sataşan olurmu?
- Çox olur. Amma ruslar deyir insanı geyimi ilə qəbul elə, ağlı ilə yola sal. (Rusca söyləyir-E.P.) Ona görə mənimçün fərqi yoxdur. Nadanlar var da. Bir dəfə metroda kitabımı satan yerdə birisi sol tərəfimdən vurdu. İndi Oqtay adlı həmin dəyyus axtarışdadır. Bir dəfə Heydər Əliyevin əksi olan nişanı sinəmdən çıxardılar. Çox dedilər çıxar, çıxarmadım. Bunu mənə Mübariz Rəcəbov vermişdi, Nərimanov rayonunun icra başçısı. Mübarizlə mənim aram çox yaxşı idi. Heydər Əliyevi ən çox sevən o idi. Onu çıxarıb başqa birisini təyin etdilər.
“Hacıbala məni adam saymır”
Ev şəraitinin ağır olmasından danışır. Güzəranı barədə Bakı merinə şikayət edib-etmədiyini soruşanda əsəbiləşir: “Hacıbala məni adam hesab eləmir e. Atatürk Universitetində məndən müdafiə ediblər. Hələ mənə göndərilən kitabı Axundov Kitabxanasına bağışlamışam. Ancaq bunlar məni adam saymır. Bu ölkədə itin hörməti var, mənim yox. Mənim müraciət etmədiyim yer yoxdur. 75 yaşım var. Daha kimə müraciət etməmişəm. Haqq-ədalət olmayan ölkədir. İlham yaxşı insandır. Ancaq təkdir. İlhamın xarici siyasəti kimi siyasət yoxdur. O, dovşanı araba ilə tutur. Gərək İlhamın yanındakılar da onun kimi işləsinlər. Məni dar ağacından assalar da, sözümdən dönmərəm. Mənim İlhamdan o vaxt xoşum gəldi ki, Moskvada atasının deyə bilmədiyi sözü dedi. Onda ürəyim açıldı ki, İlham kişi adamdır”.
Bəşirin Şuşa arzusu
- Şair, torpaqların qayıdacağına inanırsan?
- 2004-cü ildə bir yuxu gördüm. Guya mən Şuşadan keçib Laçına gedirmişəm. Şuşaya girəndə mənə dedilər ki, bir sağ tərəfə bax. Baxanda gördüm İlhamın heykəli Şah İsmayıl Xətainin heykəli kimi qoyulub. İnanıram ki, o gün gələcək.
- Hansısa partiyanın üzvü olmusan?
- Mən vicdanımın partiyasındayam. O vaxt YAP-a üzv olmaq istədim, dedilər dəlisən, get. Dünyaya gəldiyimə peşimanam ki, anam məni bu millətə verib. Amma içində yaxşı oğlanlar da var ki, mən onların əlinə yox, ayağına su tökməyə yaramıram. Mən qatığa qara deyə bilmərəm. Vicdanım buna yol verməz. Əgər mənim bütün yaradıcılığımda bir dənə şablon söz varsa, xalqıma, özümə xəyanətimdir. Mən sözü bişirmədən qələmə almıram.
- Kitablarını alan var?
- Gündə 5-6-sını satıram. Amma metroda hamı telefon oynatmaqla məşğuldur, kitab oxuyan azdır. Mən bu millətə telefon xalq, saqqallı uşaq deyirəm. Biz millət yox, bioloji varlığıq.
Ayrılarkən dedi ki, ən böyük arzusu Şuşanı azad görməkdir: “Kaş bir gün ola, Şuşada deyəsiniz ki, bay, Bəşir, sən hara, Şuşa hara?” Doğrusu, onun bu sözündən mütəəssir oldum. Hamının dəli kimi tanıdığı bir insanın ülvi arzusuna baxın.
Allah arzuna çatdırsın, Bəşir kişi. Sənə bir gün yaylığı başından açıb fəxarətlə papaq qoymağı arzulayıram...