Tarix : 2009 Feb 03
Kod 10345

AZƏRBAYCANIN MİLLİ MƏCLİSİN İLK İCLASI GƏRGİN KEÇDİ

YAP çoxluğu müxalifətçi deputatların ciddi arqumentləri qarşısında aciz qaldı PƏNAH HÜSEYN: “Azərbaycanı hara sürüklədiyinizi bilirsinizmi?”
Azerbaijan servisi /Aran Agentliyi
Dünən Milli Məclisin yaz sessiyasının ilk yığıncağı oldu. Spiker Oqtay Əsədovun sədrlik etdiyi iclas himnimizin oxunması ilə başladı. Giriş nitqində spiker bildirdi ki, yaz sessiyasında deputatları gərgin iş rejimi gözləyir. O.Əsədov sessiya müddətində hökumətin, Ombudsmanın, Hesablama Palatasının, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin hesabatlarının dinləniləcəyini söylədi: “May ayında isə 2009-cu ilin dövlət büdcəsinə yenidən baxılacaq”.
Spiker “Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin təşəbbüskarının Milli Məclis olduğunu xatırladaraq, parlamentarları bu proseslərdə aktiv iştiraka çağırdı. O. Əsədov bir qrup deputatın müraciətini nəzərə alaraq, Milli Məclisin Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah-sursat verməsi barədə məlumatlara da biganə qalmayacağını vurğuladı: “Bununla Xarici İşlər, Müdafiə nazirlikləri məşğul olur. Milli Məclisdə Rusiya-Azərbaycan parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir. Təklif var ki, həmin qrupun bir neçə üzvünü Rusiyaya ezamiyyətə göndərək, orada rusiyalı həmkarları ilə görüşüb, məsələni araşdırsınlar. Ondan sonra biz bu məsələni parlamentdə müzakirə edərik. Yəni tələsik qərar verməyə ehtiyac yoxdur”.
“Qarabağla bağlı bizdən nə istəyirlər?”
Cari məsələlərə ayrılan vaxt ərzində ilk olaraq deputat İqbal Ağazadə çıxış etdi. Bildirdi ki, müxtəlif dönəmlərdə “Siyasi partiyalar haqqında” qanunun müzakirəsi barədə təkliflər edilsə də, nədənsə məsələ müzakirəyə çıxarılmır: “Bu qanunun müzakirəyə çıxarılmasına mane olan nədir? Avropa Şurasının üzvü olan ölkələrin heç birində 1992-ci ildə qəbul olunan qanun mövcud deyil. Bu şəkildə davam etdikcə, siyasi partiyaların cəmiyyətdə önəmi azalır”. İ.Ağazadə Qarabağ müzakirələrinin keçirilməsini də təklif etdi: “8 il bundan əvvəl 23-24 fevral tarixində Qarabağ məsələsi müzakirə olunub. Bu 8 ildə Azərbaycan hakimiyyətinin nə iş gördüyünü biz indiyə qədər bilmirik. Səlahiyyət sahiblərinin hesabat verməsi ilə bilməliyik ki, problem niyə həll olunmur, danışıqlar hansı səviyyədədir, bizdən nə istəyirlər?”
Fazil Mustafa da həmkarının fikirlərini dəstəklədi: “”Siyasi partiyalar haqqında" qanuna yenidən baxış ona görə keçirilmir ki, siyasətin siyasi partiyalar vasitəsilə formalaşmasına maraq yoxdur. Siyasətin daha çox bürokratik mexanizmlərlə mövcudluğunu sürdürməsinə daha çox maraq var". F.Mustafa maliyyə böhranı ilə bağlı qapalı müzakirələrin aparılmasını təklif etdi: “Sanki Azərbaycan ayrıca bir adada, Madaqaskar adasında, ya İslandiyada yerləşir və ona heç nəyin təsiri yoxdur. Amma artıq iş yerləri ixtisara düşür, maaşlar azalır. Vətəndaşların obyektlərinə qeyri-qanuni hücumlar özünü göstərməkdədir. Ona görə də müvafiq orqanlar deputatlara heç olmasa qapalı iclasda böhrandan necə çıxacağımız barədə məlumat verməlidir”. Deputat Ermənistana silah verilməsi məsələsini Qarabağ müzakirələri çərçivəsində qapalı müzakirə etməyi də vacib saydı. F.Mustafa referendumla bağlı imza toplayan müxalifətçilərin həbsinə etiraz etdi: “Dövlət böyük miqyaslı tədbir keçirəndə belə epizodik, kiçik detallarla həmin tədbirə kölgə salmamalıdır. Mən onların həbsdən azad olunmasını təklif edirəm”.
Müxalifətçi deputatlara qarşı ayrı-seçkilik siyasəti
Müsavat deputat qrupunun üzvü İltizam Əkbərli öncə parlament jurnalistlərinə təşəkkür etdi: “Parlament jurnalistləri mənim də fəaliyyətimi seçicilərin problemlərini parlamentdə daha çox qaldıran, daha çox seçici problemlərindən danışan deputatların siyahısında qiymətləndiriblər. Bəlkə də dövlət televiziyası digər deputatlar kimi bizim də, yəni müxalifət deputatlarının da parlamentdəki fəaliyyətini işıqlandırsaydı, mən parlament jurnalistlərinin bu ənənəvi tədbirinə xüsusi bir çıxış həsr etməzdim”
İ.Əkbərli “Milli Məclis” jurnalında bir qayda olaraq müxalifətçi deputatlar barədə məlumat verilmədiyini də vurğuladı. Deputat referendumla bağlı yerlərdə yaranmış acınacaqlı vəziyyətə də toxundu: “Etitaf edirəm ki, imza toplanması ilə əlaqədar yerlərdə yaradılmış indiki ağır vəziyyətə oxşar halı mən keçən 15 ilin müddətində ancaq 1995-ci ildə müşahidə etmişəm. O vaxt parlamentə namizəd olaraq topladığım və dairə seçki komissiyasında mənim iştirakımla yoxlanılaraq qeydə alınan vərəqələr hamının gözü qabağında cırılaraq atıldı. Təəssüflər olsun ki, oxşar hərəkətlər 14 il sonra yenidən təkrar edildi, referendumla bağlı təşəbbüs qruplarının yaradılması üçün imza toplanması mərhələsi çox ciddi qanun pozuntuları ilə başa çatdı. İnsanların imza vermələrinin qarşısını almaq üçün mətbuatda dəfələrlə səsləndirilmiş çox əcaib metodlardan istifadə edildi. Yerlərdə baş verənlər bir daha sübut etdi ki, müxtəlif səviyyəli icra orqanlarının seçki və yaxud referendum keçirilməsinə qanunsuz müdaxiləsinin qarşısını almaq üçün ölkədə ciddi islahatlar aparılmalı, xüsusilə də seçki komissiyaları iqtidarın nəzarətindən çıxarılmalı, iştirakçı tərəflərin etimad göstərdiyi tərkibdə təşkil edilməlidir”.
“Azərbaycan Türkiyəni tək qoymayacaq”
Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn böhranla bağlı mövcud durumu nəzərə alaraq rayonlarda elektrik enerjisinin qiymətinin iki dəfə aşağı salınması barədə seçicilərinin təklifini səsləndirdi. Millət vəkili bildirdi ki, Müsavat deputat qrupundakı müzakirələr zamanı bu məsələni ölkənin bütün vətəndaşlarına şamil etmək təşəbbüsü qaldırılıb. P.Hüseyn seçicilərinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın “Qarabağ məsələsində Türkiyə Azərbaycanı yalqız qoymayacaq” bəyanatını təqdirlə qarşıladığını da bildirdi. Həmçinin qeyd etdi ki, Davosdakı hadisə ilə bağlı hücumlarla üzləşən Türkiyəni Azərbaycanın tək qoymayacağı barədə bəyanatın parlamentdə səsləndirilməsini məhz seçiciləri ondan xahiş edib.
Sonra deputat referendum həbslərindən danışdı: “Çox təəssüf ki, elə imzatoplama kampaniyası referendumun Azərbaycanda demokratiyaya yox, antidemokratiyaya və avtoritarizmə xidmət edəcəyi barədə söylədiklərimizi anındaca doğrultdu. 1990-cı ildən sonra Azərbaycandakı siyasi situasiya, repressiv vəziyyət heç vaxt bu şəkildə olmayıb. Deputat seçildiyim dairədə imzatoplama kampaniyası zamanı iki nəfərin cibinə narkotik maddə atılaraq heç bir şübhə doğurmayan bir şəraitdə həbs edilib. Son 20 ildə Sabirabadda ikinci dəfədir ki, belə hal baş verir. Sabirabada son üç ildə üç yüksək vəzifəli şəxs gəlib: icra başçısı, polis rəisi, bir də mən deputat seçilmişəm. Bu hadisənin təşkili zamanı məlum oldu ki, Sabirabadda narkotiklə bağlı vəziyyət həqiqətən pisləşib. Mən burdan bəyan edirəm: bu vəziyyətin pisləşməsi üçün ya icra başçısı Heydər Abbasov məsuliyyət daşıyır, ya polis rəisi bu narkomafiyanın başında durur, ya deputat Pənah Hüseyn. Mən müvafiq orqanlardan, prokurorluqdan, təhlükəsizlik orqanlarından xahiş edirəm ki,
ciddi şəkildə bu məsələləri araşdırsınlar”.
Qüdrət Həsənquliyev də “Siyasi partiyalar haqqında” qanunun müzakirəsini istədi. Həmçinin o, MSK-nın tam formalaşdırılmasını, boş qalan iki yerin tutulmasını istədi. Deputat maliyyə böhranının müzakirə edilməsini də zəruri saydı: “Gözləməməliyik ki, vəziyyət kritik həddə çatsın”.
Parlament Rəsulzadəni anmadı
Zahid Oruc isə referenduma qarşı tənqidlərə qarşı çıxdı. O, “Qarabağ və Respublika Uğrunda” təşkilatın adına da toxundu. Bildirdi ki, bununla müxalifət Qarabağ Respublikası (?-red.) yaratmağa işarə vurur.
Əli Əhmədov referendumla bağlı kiminsə hədələnməsi barədə deyilənləri təkzib etdi. Həmçinin referendum əleyhdarlarını təxribatda suçladı: “İnsanlar referendumu dəstəkləyirlər. Başqa cinayət edib tutulanları bu işlə bağlamaq düzgün deyil”.
Müsavatçı deputat İkram İsrafil Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 125-ci ildönümünün Milli Məclis tərəfindən qeyd olunmadığını xatırlatdı. O, parlamentin heç olmasa, böyük öndərin xatirəsini sayğı duruşu ilə anmağa çağırdı. Lakin spiker bu təklifi nəzərə almadı.
Deputat Aydın Həsənov mətbuatda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə barədə yazılanlara etiraz etdi: “Şeyxin bütün Qafqazda nüfuzu var, o, böyük din xadimdir. Niyə mətbuat onun ünvanına böhtanlar yazır”. Spiker isə “mən görməmişəm ki, ermənilər öz katolikoslarına qarşı bu cür münasibət göstərsinlər. Bu, bizim özümüzdən asılıdır”-deyə reaksiya verdi.
Millət vəkili Qənirə Paşayeva çıxışında şəhid övladlarının 18 yaşına çatana kimi onlar üçün nəzərdə tutulan imtiyazlardan məhrum olduqlarını söyləməklə yanaşı təklif etdi ki, bununla bağlı qanunvericiliyə düzəliş olunmalıdır. Deputat onların imtiyazlarının ömürlük qüvvədə qalmasını təklif etdi.
 “Azərbaycan iqtidarını təbrik edirəm”
Gündəliyin müzakirəsi zamanı çıxış edən Pənah Hüseyn öncə spikerə etiraz bildirdi. O, seçicilərinin cibinə narkotik atılması ilə bağlı öz adını çəkərkən sədrin “çox şübhəli danışırsan” replikasına reaksiya verdi: “Yəni burdan-bura parlamentin sədri deputatı az qala şərləyir. Onda rayon polisinin hansısa əməkdaşı orda hansısa müxalifətçini şərləyəndə biz niyə təəccüblənək?” Millət vəkili AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun dediklərini də cavablandırdı: “Niyə öz əlimizlə həmin siyasi məhbusları yaradaq - hal-hazırda Sabirabadda iki nəfər buna namizəddir - sonra da başlayaq ki, Ermənistanda vəziyyət belədir, Gürcüstanda elə? Siz məni məcbur edirsiniz ki, faktları aydın deyim. Çağırırlar insanın atasını, deyirlər oğlun imza toplasa, gəl ərizəni ver! Ata ilə oğulu, qardaşla qardaşı üz-üzə qoyurlar. Dəhşətli bir faktdır! Azərbaycanda pis-yaxşı nəsə formalaşıb. Səlahiyyəti keçmişdə olduğu kimi, dağ-dərəni idarə edən kəndxudaların, siyasi mədəniyyəti aşağı olan, siyasi rəqabətə dözməyən, bəzən hətta səmimi qəlbdən orta əsr dəyərləri ilə yaşayan adamların öhdəsinə vermisiniz, sonra deyirsiniz ki, danışmayın. İçəridə iki redaktor yatır, bir jurnalist narkotiklə tutulub. Deyirsiniz biz bu məsələləri qaldırmayaq? O gün də İqbal Ağazadənin qərargahında bir jurnalistin baş-gözünü əzdilər, qanını tökdülər. Danışmayaq bundan? Siz yerlərdəki vəziyyəti doğrudan bilmirsiniz?”
Pənah Hüseyn dedi ki, o da Azərbaycanın düşmənlərinin olduğunu bilir: “Niyə parlament, hökumət, yerlərdəki səlahiyyətlilər bu bəhanələri ermənilərin və onların havadarlarının əlinə verirlər? Mən Azərbaycan iqtidarını təbrik edirəm; həqiqətən də imzatoplama kampaniyası göstərdi ki, təxminən Naxçıvanda olan situasiyanı artıq burda yaradıblar. Bəli, həqiqətən insanlar qorxur. Bəli, üzərinə getdiyimiz şəxslərin bəziləri imza vermək istəmir. Deyirlər işimi itirmək, ya oğlumun gələcəyini təhlükə altına qoymaq istəmirəm. Həqiqətən bəzi imza vermiş şəxslər sonra zəng edərək deyirlər ”başınıza dönüm, mən həmin imzamdan imtina edirəm". Bəli, siz bu vəziyyəti yaratmısınız. Amma bu vəziyyət nə qədər çəkəcək? Biz bu vəziyyəti sovet hökuməti dövründə görmüşük. Bu vəziyyəti görən bir çox ölkələrin taleyi, məntiqi sonluğu da məlumdur. Özünüz də içində olduğunuz Azərbaycanı hara sürüklədiyinizi bilirsinizmi?"
Daha sonra millət vəkili parlamentə təqdim olunan Xocalı soyqırımı, neft və qaz, müxalifətçilik fəaliyyəti və sair qanun layihələrinin yaz sessiyasının gündəliyinə salınmamasının səbəbini də soruşdu. Ona görə də sessiyanın iş planının əleyhinə səs verəcəyini bəyan etdi. O, hökumətin tənqidlərə reaksiya verməməsinə də toxundu: “Birinci şəxsə o qədər arxayındırlar ki, heç dediklərimizi təkzib də eləmirlər. Qulaqlarını tıxadıqları üçün xalqın sözünü eşitmirlər”.
“Güc strukturları hesabat versin”
İqbal Ağazadə isə beşinci iclasda hökumətin hesabatının dinləniləcəyini xatırladıb güc strukturlarının da Milli Məclis qarşısında hökumət tərkibində hesabat verməsini tələb etdi. O, yaz sessiyasında “Diffamasiya haqqında” qanunun qəbulunu da zəruri saydı: “Bu gün üç jurnalistin həbsdə olması Azərbaycana çox ciddi problem yaradıb. Nədən Eynulla Fətullayev, Mirzə Sakit, Qənimət Zahid həbsdən azad olunmamalıdır? Nədən ölkədə ”Diffamasiya haqqında" qanun qəbul olunub nəhayət, söz və mətbuat azadlığının dövlət tərəfindən təmin olunmasına təminat verilməməlidir?" İ.Ağazadə referendumla bağlı qanunsuzluqlardan da danışdı: “Milli Məclis özünün təşəbbüskar olduğu bir məsələ ilə bağlı yerlərdəki qanunsuzluqlara heç bir reaksiya vermir. Əksinə, qanunsuzluqları müdafiə edir”.   
“Rəsulzadənin YAP-a nə pisliyi keçib?”
Nəsib Nəsibli isə Məhəmməd Əmin Rəsulzadənin 125 illiyi ilə bağlı kifayət qədər təsirli nitq söylədi. Öncə yubiley münasibətilə özünü milli və demokrat ruhlu vətəndaş hesab edən hər kəsi təbrik etdi: “Müxalifət partiyaları gücü çatdığı qədər bu hadisəni qeyd etdi. Xaricdəki kültür dərnəkləri də həmçinin. Amma hakimiyyətdən səs çıxmadı. Doğrusu, bir Azərbaycan vətəndaşı kimi mənimçün çox təəccüblüdür. Çünki həqiqətən də rəhmətlik Məhəmməd Əmin Rəsulzadə bu ölkənin siyasi həyatında iki-üç nəfər yubileyi keçirilməli olan dövlət adamından biridir. Azərbaycan Milli Şurası bir dəfə yaranıb və onun bircə sədri olub. Bu da Məhəmməd Əmin bəy Rəsulzadədir. Hər halda, Azərbaycan dövlətinin, bu bayrağın olmasında bu insanın çox böyük xidmətləri var. Çox nəhəng bir dövlət adamıdır. İran Senatının sədri olmuş və Məşrutə inqilabında çox böyük rolu olan Seyid Həsən Tağızadənin bir sözü var, məncə, Məhəmməd Əminin tarixi rolu ilə bağlı ən dəqiq qiyməti o verib. Deyib ki, bizim müsəlman Şərqində tayı-bərabəri olmayan insanlardan birisidir. Yaxşı, Azərbaycan Milli Şurasını qəbul etmirsiniz, onun sədrliyini, bu parlamentin, milli dövlətçiliyin yaranmasında rolunu qəbul etmirsiniz, heç olmasa, onun nəhəng ideoloq olmasını qəbul etmək məcburiyyətindəsiniz. Bu da keçməsə, heç olmasa, 125 illiyində onun Azərbaycan jurnalistikasına verdiyi töhvəni qeyd eləməyə dəyərdi”.
N.Nəsibli elə zalda oturanların bir çoxunun bu həqiqəti bildiyini və Rəsulzadəni sevdiyini vurğuladı: “Çünki sevməmək mümkün deyil. Bu adamın ölkəyə, hakim partiyaya nə pisliyi keçib?” Millət vəkili dedi ki, üç dəfə “Azərbaycan” deyərək əbədiyyətə qovuşan bir insanın yubileyinin keçirilməməsi ən böyük yanlışlıqlardan biridir. Ancaq əlavə etdi ki, il ərzində bu yanlışlığı düzəltmək olar: “Təklif edirəm ki, Milli Məclis Məhəmməd Əmin Rəsulzadənin adının əbədiləşdirilməsi haqqında bir qərar hazırlasın və onu qəbul etsin”.
N.Nəsibli soyadlar məsələsi ilə bağlı da qərara ehtiyac olduğunu dedi və soyadlarını milliləşdirməklə müstəmləkə dövrünün atributlarından imtina edərək ortaya nümunə qoyan Gültəkin Hacıbəyli ilə Məlahət İbrahimqızına təşəkkür etdi.
  • Yazılıb
  • da (də) 2009 Feb 03