Azerbaijan servisi /Aran Agentliyi
"Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupundan istefa vermək fikrindəyəm". Dünən bu barədə Milli Məclisin deputatı, bitərəf Lalə Abbasova "Yeni Müsavat"a açıqlamasında deyib. Deputatın sözlərinə görə, artıq öz mövqeyini qrupun rəhbəri Yevda Abramova da ifadə edib: "O dedi ki, siz Ərdoğanın yolu ilə gedirsiniz. Mən isə demək istəyirəm ki, bizim öz ağlımız var. Mən parlament qrupundan çıxarkən yəhudilərə qarşı etirazımı bildirmirəm. Azərbaycanlılar tolerant xalqdır.
Sadəcə, mən bu yolla İsrail hökumətinin siyasətinə etiraz edirəm. Biz XXI əsrdə yaşayırıq. Heç bir ölkənin ixtiyarı yoxdur ki, hətta öz hüquqlarını qoruyarkən hansısa xalqın uşaqlarını gözüyaşlı qoysun, dinc əhalini məhv eləsin". L.Abbasova dedi ki, "HƏMAS" İsrailə qarşı ayrı-ayrı vaxtlarda hücumlar edibsə, buna qarşı genişmiqyaslı əməliyyatlar keçirib dinc əhalini məhv etmək yolverilməzdir: "İsrail hökuməti dünya müharibəsi istəyir? Bunlar dünya ictimaiyyətini hara aparmaq istəyirlər? Mən inanmıram ki, İsrailin dinc sakinləri müharibə istəyir. Bunlar siyasi oyunlardır. Mən həyatda bir şeyi bilirəm ki, hər bir qəddarlıq qarşılığında qəddarlıq törənir. Hər bir hökumət bilir ki, ədalət var və o, gec-tez qələbə çalacaq". Deputat İsrail hökumətinə mesaj da verdi: "Ya bu hökumət ağlını başına yığmalıdır və sivil yolla problemi həll etməlidir. Əks təqdirdə, onlar özlərini məğlubiyyətə aparıb çıxaracaqlar".
L.Abbasova Ərdoğan hökumətinin atdığı addımların bumeranqa çevrilib Türkiyəyə zərbə vuracağı barədə Y.Abramovun fikirlərini isə bölüşmədi: "Mən buna inanmıram. Bu gün Ərdoğanın öz etiraz sözünü deməsi o demək deyil ki, Türkiyənin baş naziri müharibəyə çağırış edib. Ərdoğan azad insan kimi öz fikrini deyir. Mənə elə gəlir ki, dünyanın çox ölkələri onu dəstəkləyər".
L.Abbasova qərarını yaxın günlərdə rəsmiləşdirəcəyini də vurğuladı: "Mən sabah (bu gün-E.) qrupdan çıxmaqla bağlı mövqeyimi yazılı surətdə parlament sədrinə təqdim edəcəyəm". O, qrupun digər üzvlərinin anoloji addım atıb-atmayacağı barədə konkret fikir bildirmədi: "Bu barədə bir söz deyə bilmərəm. Mən öz fikrimi ifadə etdim. Mən fələstinli körpələrin əzablarını, göz yaşlarını görəndə bu qərara gəlmişəm".
Qeyd edək ki, yəhudi əsilli deputat Yevda Abramovun rəhbərlik etdiyi qrupda L.Abbasovadan başqa, Bəxtiyar Əliyev, Vaqif Səmədoğlu, Səfər Məmmədov və Tahir Süleymanov da təmsil olunur. Hələlik, digər şəxslərin mövqeyi bəlli deyil.