Tarix : 2009 Feb 03
Kod 10368

DAHA BİR NARDARAN SAKİNİ HƏBS EDİLDİ

Hacı Hikmət dünən axşam saatlarında Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsinin 15-dən çox əməkdaşı tərəfindən saxlanılıb
Azərbaycan servisi/Aran Agentliyi
Natiq Kərimov bir daha qeyd etdi ki, nardaranda keçirilən mitinq və aksiyalar İsrail əleyhinə keçirilmiş və dövlət əleyhinə heç bir şüarlar səsləndirilməyib
 
“Qanunsuz və vəhşi kimi Hacı Hikməti həyətdə sürüyü-sürüyə özləri ilə aparıblar. Həyət bütün qan içindədir. Heç bir sanksiya və order göstərilmədən axşam namazına yaxın dəstəmaz aldığı yerdə Hacı Hikməti zorakı şəkildə tutublar”

 

 


Dünənləri axşam saatlarında Nardaran kənd ağsaqqallarında biri Hacı Hikmətin evinə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsinin 15-dən çox əməkdaşı basqın edib və Hacı Hikməti qanunsuz şəkildə özləri ilə aparıblar.

Bu barədə “Birlik-Azərbaycan” İA-ya Həzrəti Rəhimə Xanım adına Milli-Mənəvi Dəyərlərin Qorunmasına Yardım Fondunun rəhbəri Hacı Natiq Kərimov məlumat verib. “Qanunsuz və vəhşi kimi Hacı Hikməti həyətdə sürüyü-sürüyə özləri ilə aparıblar. Həyət bütün qan içindədir. Heç bir sanksiya və order göstərilmədən axşam namazına yaxın dəstəmaz aldığı yerdə Hacı Hikməti zorakı şəkildə tutublar. Azərbaycan vətəndaşına qarşı belə bir hərəkət heç bir halda yol veriləsi deyil. Ən pisi odur ki evdəki 5 balaca uşağın yanında silah çıxardaraq onları qorxuzan Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin adamları bütün qanun normalarını aşaraq hərəkət ediblər” deyə Məşədi Natiq Kərimov bildirib.

“Qanunin aliliyinin qorunmadığını görən kənd camaatı sabah saat 2-yə mitinq elan ediblər. Bütün kənd artıq bu qeyri-qanuni əməliyyatlara etiraz edir. Nardaran kəndi belə hadisələri bir dəfə görüb. Ona görə biz hərvasitə ilə, danışıqlara getmək yolu ilə aranı düzəltməyə və vəziyyəti sakitləşdirməyə çalışırıq, ancaq görünür dövlətin daxilində bəzi qüvvələrin naradaranlılar ilə höküməti yenə də üz-üzə qoymaq istəyən qüvvələr var” deyə o bildirib. Natiq Kərimov bir daha qeyd etdi ki, nardaranda keçirilən mitinq və aksiyalar İsrail əleyhinə keçirilmiş və dövlət əleyhinə heç bir şüarlar səsləndirilməyib. Ayrı-ayrı şəxslər emosional çıxışlar ediblər ki, biz də öz növbəmizdə bu çıxışlara mətbuatda öz mövqeyimizi bildirmişik.

Qeyd edək ki, Hacı Hikmət 4 uşaq atasıdır. Hələlik onun hansı səbəb tutulduğu bəlli deyil. Kənd camaatı sabah onun üçün vəkil tutacaqlarını və onun tutulma səbəblərinin araşdırılacağını bildirir.

  • Yazılıb
  • da (də) 2009 Feb 03