prosesdə Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin qeydiyyat üzrə bölük inspektoru Zöhrab Teymurov şahid qismində ifadə verib
Azərbaycan servisi/Aran Agentliyi
Günün ikinci yarısında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim İslam Nemanovun sədrliyi ilə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. ANS PRESS-in məlumatına görə, prosesdə Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin qeydiyyat üzrə bölük inspektoru Zöhrab Teymurov şahid qismində ifadə verib. O, təqsirləndirilən Bəxtiyar Orucovun 2007-ci ildə şərti cəzası ilə bağlı onun işlədiyi müəssisədə qeydiyyatda olduğunu və ayda 1 dəfə müəssisəyə gələrək qeydiyyatdan keçdiyini deyib.
Daha sonra səhhəti ilə bağlı prosesə gəlməməsi barədə məhkəməyə müraciət edən Nərimanov rayon Dindarları Dini İcmasını sədr müavini olmuş Əlixan Musayevin ibtidai istintaqda verdiyi ifadə elan olunub. Onun ifadəsində “Əbu Bəkr” məscidinin küveytli iş adamı Məhəmməd Ubudeyr tərəfindən tikildiyi göstərilib.
Məhkəmə K. Əsədovun xidmət etdiyi korpusun komandiri Çingiz Şəfiyevin istintaqa verdiyi ifadənin qapalı prosesdə elan olunması ilə bağlı qərar qəbul edib və proses qapalı məhkəmə iclasında davam etdirilib.
Prosesdə Kamran Əsədovun dostları Mahir Muxtarov və Mikayıl Həsənov şahid qismində ifadə veriblər.
Qeyd edək ki, prosesdə təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyevin cinayət işinə baxılır. Onlar dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.