Tarix : 2009 Feb 04
Kod 10390

DEPUTAT İSTEFA QƏRARINI PARLAMENTƏ TƏQDİM ETDİ

Deputat Lalə Abbasova Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupundan istefa barədə müraciətini dünən parlament rəhbərliyinə təqdim edib
Azərbaycan servisi/Aran Agentliyi
Deputat Lalə Abbasova Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupundan istefa barədə müraciətini dünən parlament rəhbərliyinə təqdim edib. Bu barədə deputat qəzetimizə açıqlaması zamanı bildirdi. Onun sözlərinə görə, dostluq qrupundan çıxmaqla bağlı məktubunu ümumi şöbəyə verib.
L.Abbasova bu məsələ ilə bağlı komissiyanın sədri Yevda Abramovdan hər hansı reaksiyanın gəlmədiyini vurğuladı: “Ancaq bu xəbər sizin qəzetdə çıxandan sonra bir xanım, bir kişi deputat həmkarım zəng edərək mövqeyimi dəstəklədi”. L.Abbasova həmin deputatların adını açıqlamadı. Əlavə etdi ki, işçi qrupunun digər üzvlərinin isə reaksiyası yoxdur: “Mən onların mövqeyini bilmirəm. Sadəcə, özümə cavabdehəm”.
Yevda Abramov isə qəzetimizə açıqlaması zamanı L.Abbasovanın son qərarından xəbərsiz olduğunu bildirdi. Amma həmkarının qabaqcadan ona bu haqda fikrini açıqladığını təsdiqlədi: “Milli Məclisin pilləkənlərini çıxarkən Lalə xanım yaxınlaşıb dedi ki, mən İsrailin bu hərəkətlərindən və Ərdoğanın addımından sonra Azərbaycan-İsrail dostluq qrupunu tərk etmək istəyirəm. Dedim, xanım, bu, mənim səlahiyyətlərimə daxil deyil. Çıxmaq istəyirsinizsə, çıxın. Deyir gələrsən, qadan allam, gedərsən, yola sallam. Mən dostluq qrupunun sədriyəm də, parlament sədri deyiləm ki”. Y.Abramov L.Abbasovanın qərarına hörmətlə yanaşdığını vurğuladı: “İnsanlar sərbəstdir. Mən kimi məcbur edə bilərəm ki, Azərbaycan-İsrail dostluq qrupunda qal? Çıxır çıxsın. Nə deyə bilərəm? İşçi qrupunu parlament təsdiq edib, parlament də yenisini seçəcək. Qrup məgər mənim xahişim və təklifimlə yaranmışdı?” Y.Abramov qrupun digər üzvlərindən hər hansı reaksiyanın gəlmədiyini bildirdi.
Qeyd edək ki, sözügedən qrupda L.Abbasovadan əlavə, Bəxtiyar Əliyev, Vaqif Səmədoğlu, Səfər Məmmədov və Tahir Süleymanov təmsil olunur. Dünən onların da mövqeyini öyrənmək istədik, lakin cəhdlərimiz nəticə vermədi.
 
  • Yazılıb
  • da (də) 2009 Feb 04