Tarix : 2009 Feb 04
Kod 10391

BİRLƏŞMİŞ MÜXALİFƏT OQTAY ƏSƏDOVA MÜRACİƏT ETDİ

Antireferendum hərəkatının rəhbərləri konstitusiya dəyişikliyinin dayandırılmasını tələb edir
Azərbaycan servisi/Aran Agentliyi
Antireferendum hərəkatının rəhbərləri Oqtay Əsədova müraciət göndəriblər Dünən Sülh və Demokratiya İnstitutunun ofisində Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan siyasi partiya və ictimai təşkilatların rəhbərlərinin toplantısı keçirilib. Hərəkatın koordinatoru, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun verdiyi məlumata görə, toplantıda referendumun konstitusiyaya zidd olması, referendumla əlaqədar imza toplanması kampaniyasında müxalifətçilərə qarşı yerli hakimiyyət strukturlarının həyata keçirdiyi təzyiqlər və digər qanun pozuntuları haqqında müzakirələr aparılıb.
Müzakirə edilən məsələlərlə əlaqədar bir sıra qərarlar qəbul edilib. Toplantıda Qarabağ və Respublika Uğrunda Hərəkatın yanvarın 30-da Demokratiya Uğrunda İttifaqa və AMİP-ə müraciət edərək həmin təşkilatların da hərəkatda birləşmək, hakimiyyətin antidemokratik referendum keçirməsinə qarşı birgə mübarizə aparmaq təklifi ilə bağlı hazırkı vəziyyət də müzakirə edilib. Bildirilib ki, təklifə hər iki qurumun birmənalı, aydın cavab verməməsi, 3 fevraldakı toplantıya dəvət edilmələrinə baxmayaraq, iştirak etməmələri təəssüf və təəccüblə qarşılanıb.
Hərəkatın növbəti toplantısı sabah saat 14.00-da Sülh və Demokratiya İnstitutunun ofisində keçiriləcək. Dünənki toplantıda Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ADP sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, ALP-nin sədr əvəzi Əvəz Temirxan və VİP sədri Əli Əliyevin imzası ilə Qarabağ və Respublika Uğrunda Hərəkatın adından Milli Məclisin sədri Oqtay Əsədova rəsmi müraciət göndərilib.
Müraciətdə bildirilir ki, “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” Referendum Aktı və referendum qeyri-qanunidir. Buna sübut kimi isə konstitusiyanın bir sıra maddələrinin tələbləri geniş şəkildə göstərilir. Bildirilir ki, təklif olunan dəyişikliklər Azərbaycan vətəndaşlarının, o cümlədən, imza müəlliflərinin konstitusiya və beynəlxalq huquqla qorunan hüquq və azadlıqlarını pozur:
“Hörmətli sədr!
Milli Məclisin referendumla bağlı qəbul etdiyi qərar Azərbaycan Konstitusiyasına və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq hüquq normalarına zidd olduğundan və həmin referendumun nəticələri qeyri-qanuni olacağından təklif edirik ki, Milli Məclisin “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair umumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında qərarı”na yenidən baxaraq onun ləğvi haqqında qərar qəbul edəsiniz".
Hərəkatın dünən keçirilən toplantısına qatılmamalarının səbəbini öyrənmək üçün Demokratiya Uğrunda İttifaqın sədri Mirmahmud Mirəlioğlu ilə əlaqə saxladıq. M.Mirəlioğlu hərəkatın adından Leyla Yunusun iki gün öncə ona şəxsən zəng edib dəvəti çatdırdığını bildirdi: “Təklif DUİ-nin rəhbərliyində müzakirə edilmədiyi və hələ qərar verilmədiyi üçün həmin toplantıda iştirakımız reallaşmayıb. Başqa heç bir səbəb yoxdur”.
DUİ-nin təklifə hələ də konkret cavab verməməsinə və dünənki toplantıya qatılmamasına hərəkatın üzvü olan Ümid Partiyasının sədri İqbal Ağazadənin münasibətini öyrəndik. İ.Ağazadə dedi ki, hərəkatın adından ADP sədri Sərdar Cəlaloğlu DUİ rəhbərliyinə rəsmi müraciət edib. Təklifə konkret cavab verməmələrinin və toplantıya qatılmamalarının arqumentini isə onların özləri izah edə bilərlər. Şəxsən mən istəyirəm ki, təklif qəbul olunsun. Bütün müxalifətin referendum məsələsində eyni yerdə olması vacibdir".
 
  • Yazılıb
  • da (də) 2009 Feb 04