Tarix : 2009 Feb 04
Kod 10392

QLOBAL BÖHRAN “AZƏRKİMYA”NI VURUB

Etilen-politen zavodunun 1500-dək işçisi maaş ala bilmir
Azərbaycan servisi/Aran Agentliyi
“Azərkimya” dövlət şirkətinin müəssisələri böhran burulğanında boğulmaqdadır. Şirkətin zavodlarında fəhlə və qulluqçuların məvaciblərini ödəmək müşkülə çevrilib. Bu barədə “Yeni Müsavat”a millət vəkili İkram İsrafilin köməkçisi Fəxrəddin Abbas məlumat verib. Onun sözlərinə görə, Məcid Kərimovun prezidenti olduğu şirkətin Etilen-politen zavodu ilin əvvəlindən fəaliyyətini dayandırıb və təxminən 1500 nəfər işçi hələ də ötən ilin dekabr ayının maaşını ala bilməyib.
Bu günlərdə zavodun direktoru Əhmədağa Əhmədovun yanında şirkətin məsul nümayəndəsinin iştirakı ilə keçirilən müşavirədə sex və şöbə rəislərinə tapşırılıb ki, işçiləri başlarına yığıb səssiz-səmirsiz dayansınlar. Əks təqdirdə, hansı sexdən kənara informasiya sızsa, həmin sex rəisi və şikayətçi dərhal işdən azad ediləcək”.
F.Abbasın bildirdiyinə görə, işdən qovulmaq təhlükəsilə üzləşməkdən ehtiyatlanan və adlarının çəkilməsini istəməyən fəhlə və qulluqçular verilən əmrə tabe olmaqdan başqa çarə görmürlər: “Zavodun işçilərinə hələlik evlərindəki ehtiyatlardan istifadə etməyi məsləhət görürlər. İşçilərin isə  belə ehtiyatları da yoxdur. Onlar bildirirlər ki, zavodda istehsalı davam etdirmək üçün kifayət qədər NKF adlanan neft məhsulu var. Lakin həmin məhsul maliyyə böhranından əvvəl baha qiymətə görə də, istehsal rentabelli olmayacaq. O da bildirilir ki, anbarlar ağzına kimi polimer, ağır qətran, BDF və prokondensant ilə doludur. Həmin məhsullar əsasən Türkiyə, İran, Gürcüstana ixrac edilirdi. Alış qiymətlərinin aşağı düşməsi səbəbindən həmin məhsulların satışı dayandırılıb. Mallar da anbarlarda qalaqlanıb”.
  • Yazılıb
  • da (də) 2009 Feb 04