Tarix : 2009 Feb 04
Kod 10393

QƏZZALI RƏCƏB TAYYİB

Türkiyənin Baş naziri R.T.Ərdoğanın Davosdakı çıxışı bizə böyük sevinc bəxş etdi. Bir çox ərəb ölkəsinin lideri bu zülmə tamaşa etdiyi zaman o bizim yanımızda oldu
Türkiyə servisi/Aran Agentliyi
Qəzzalı cütlük Türkiyənin Baş naziri R.T.Ərdoğanın Davosdakı məlum davranışına görə, yeni doğulan uşaqlarına Rəcəb Tayyib adını veriblər.

Bu barədə İnsan Haqq və Hürriyyəti (İHH) humanitar yardım təşkilatının sədri Bülənd Yıldırım məlumat verib. İHH sədri Hyam və Məhəmməd Səlimə cütlüyünün yenicə dünyaya gələn körpələrinə bu adı qoyduğunu bildirib.

“Sözügedən ailənin Şərqi Cəbəliyyədə yerləşən evləri İsrail hücumu nəticəsində dağılıb. Hazırda ailə çadırda yaşayır. Elə körpə də çadırda dünyaya göz açıb. Onlar uşaqlarına Rəcəb Tayyib adını verdilər. Biz körpəyə və bu ailəyə yardım əlimizi uzatmışıq. Bu məqsədlə onları çadırdan qurtarmaq üçün bir ev kirayə götürdük” – deyə İHH sədri Bülənd Yıldırım qeyd edib.

Yeni dünyaya gələn qəzzalı Rəcəb Tayyibin anası Hyam Səlimə də jurnalistlərə müsahibəsində Türkiyənin Baş nazirinə təşəkkürünü çatdırıb.

“Türkiyənin Baş naziri R.T.Ərdoğanın Davosdakı çıxışı bizə böyük sevinc bəxş etdi. Bir çox ərəb ölkəsinin lideri bu zülmə tamaşa etdiyi zaman o bizim yanımızda oldu. Ərdoğan bizə tənha olmadığımızı göstərdi. Allah ondan razı olsun” – deyə körpə Rəcəbin anası Hyam Səlimə bildirib.
  • Yazılıb
  • da (də) 2009 Feb 04