Tarix : 2009 Feb 04
Kod 10395

ŞAİRİN BAŞINA PUL QOYAN HACINI TUTDULAR

Nardaranda polis əməliyyatı , Kənd sakinləri bu günə təyin etdikləri mitinqi təxirə saldılar: “...Hakimiyyətdən mesaj gəldi...”
Azərbaycan servisi/Aran Agentliyi
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları srağagün axşam Nardaran kənd sakini Hacı Hikmət Vəliyevi həbs ediblər. Özəl mənbələrimizdən və informasiya portallarından aldığımız məlumatlara görə, əməliyyat məxfi keçirilib, bundan kənd sakinlərinin və Hacı Hikmət Vəliyevin əvvəlcədən xəbəri olmayıb. Bu tipli əməliyyatlar Nardaran kəndi üçün ənənəvi sayılmır; kənddə hansısa tanınmış şəxsin məhz öz evində axtarışlara və həbsə məruz qalması nadir hadisə hesab oluna bilər.
Hüquq-mühafizə orqanları ilə problemi olan nardaranlıları adətən həmin şəxs kənddən kənara çıxdıqda həbs edirlər. Görünür, vəziyyət dəyişib və hakimiyyət artıq Nardaranın müqavimət ehtimallarından çəkinmir.
Hakimiyyətə yaxın KİV və mənbələr dərhal belə bir məlumat yaydılar ki, həbs olunan Hacı Hikmət Nardaranda ötən ayın 9-da keçirilən mitinqdə xalq şairi Sabir Rüstəmxanlının başı üçün (onu öldürməkdən ötrü) 50 min manat pul təyin edibmiş. Və onun son həbsi də məhz bu hərəkəti ilə bağlıdır.
“Əməliyyat zamanı Hacı Hikmət və onun ailəsinə qarşı zorakılığa yol verilib”. Bu barədə “Yeni Müsavat”a Nardaranın Ağsaqqallar Şurasının üzvü Məşədi Natiq Kərimov məlumat verib. Onun sözlərinə görə, fevralın 2-də saat 19 radələrində 30-a yaxın polis əməkdaşı Hacı Hikmətin evini mühasirəyə alıb. Həmin vaxt Hacı Hikmət eyvanda namaz qılırmış: “Evi mühasirəyə alan polislər mənzilin pəncərə və qapılarını sındıraraq içəri giriblər. Onlar Hacı Hikməti döyərək qollarını qandallayıb və sürüyə-sürüyə maşına mindiriblər. Bu zaman evdəkilər qan içində olan Hacıya kömək etmək istəyiblər. Amma qara maskalılar qadın və uşaqlarla kobud rəftar edib”.
Baş verənlərin kənd sakinlərində qəzəb doğurduğunu söyləyən Məşədi Natiq hadisədən təəssüfləndiyini dedi: “Nə baş verdiyini anlaya bilmirəm. Həmin saatlarda kənd camaatı məsciddə olub. Tezliklə Hacı Əlinin məhkəməsi olacaq. Məsələnin danışıqlarla həll olunacağı gözlənilir. Amma görünür, hakimiyyət daxilində kimlərsə bundan narahatdır”.
Qeyd edək ki, yanvarın 9-da Nardaran qəsəbəsində İsrail əleyhinə keçirilən mitinqdə Hacı Əli Hüseynov millət vəkili Sabir Rüstəmxanlı barəsində ölüm fitvası verildiyini bəyan edib. Yanvarın 24-də isə bir qrup Nardaran sakinI - Məşədi Natiq Kərimov, Hacı Əli Hüseynov, Hacı Fəyyaz Nəbizadə və onun oğlu Nərimanov rayonunun ərazisində həbs edilərək DİN BMCMİ-yə aparılıb. Digər həbs edilənlər azadlığa buraxılsa da, Hacı Əli şübhəli şəxs qismində saxlanılıb. Nərimanov rayon Məhkəməsində onun barəsində iki ay müddətində həbs-qətimkan tədbiri seçilib.
Ötən ayın sonlarında isə daha iki kənd sakini - Hacı Hikmət Vəliyev və Məşədi Mehman Məmmədov dindirilmək üçün Sabunçu rayon Prokurorluğuna çağırılıb. Lakin adıçəkilən şəxslər prokurorluğa getməkdən imtina ediblər. Məşədi Natiq mətbuata verdiyi açıqlamasında bunun səbəbini adıçəkilən şəxslərə rəsmi çağırış vərəqəsinin gəlməməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, Hacı Hikmət və Məşədi Mehman istintaq orqanlarına telefon zəngi ilə dəvət edilib. O, həmçinin istintaqa cəlb ediləcəyi təqdirdə hər iki şəxsin vəkillə təmin olunacağını bildirib. Dünən bizimlə söhbətində Məşədi Natiq Məşədi Mehmanın həbs edilmədiyini və kənddə olduğunu dedi.
46 yaşlı Hacı Hikmətin həbsi faktını Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsindən də təsdiq ediblər. Onun barəsində Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə (öldürməklə və ya sağlamlığa ağır zərbə vurmaqla hədələmə) cinayət işi başlanıb. Bölmədən bildirilib ki, onun həbsinə etiraz əlaməti olaraq Nardaran sakinləri toplaşmağa cəhd etsələr də, bunun qarşısı alınıb. Həbs olunan Hacı hazırda DİN BMCMİ-də saxlanılır.
Məşədi Natiq Kərimov Hacı Hikmətin şair S.Rüstəmxanlının başına pul təyin etməsi faktına da münasibət bildirib: “Bu fikri o, mitinqdə emosional vəziyyətdə səsləndirib. Sonradan bu məsələlər Sabir Rüstəmxanlı ilə müzakirə edilib və Hacı Hikmət özü ondan üzr istəyib, barışıblar. Nardaran ağsaqqalları da məsələni müzakirə ediblər və həm Hacı Əlini, həm də Hacı Hikməti səhv hərəkətlərinə görə tənbeh ediblər...”
Dünən axşam saatlarında Məşədi Natiqin müxbirimizə verdiyi son məlumatlarda o da vurğulanır ki, Nardaran sakinlərinin bu günə təyin etdiyi etiraz mitinqi təxirə salınıb. O, bunun səbəbini belə izah edib: “Hakimiyyətdən xəbər gəldi ki, mitinq keçirməyək, məsələ müsbət həll olunacaq. İndi biz telefon və başqa vasitələrlə insanlarla əlaqə saxlayıb mitinqin təxirə salındığını bildiririk”.
 
  • Yazılıb
  • da (də) 2009 Feb 04