Quantanamo həbsxanasında saxlanılan Azərbaycan vətəndaşı Polad Siracov Avropada yaşamaq istəyini bildirib
Azərbaycan servisi/Aran Agentliyi
Quantanamo həbsxanasında saxlanılan Azərbaycan vətəndaşı Polad Siracov Avropada yaşamaq istəyini bildirib.
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın “Reprieve” Hüquq Müdafiəsi Fondunun direktoru Kliv Stafford Smit Quantanamoda saxlanılan məhbuslardan 40-nın Avropada yaşamaq istədiyini bəyan etdiyini deyib: “Onlar arasında Azərbaycan, Rusiya, Özbəkistan, Əfqanıstan, Tacikistan və s. dövlətlərin vətəndaşları var”.
K. S. Smitin sözlərinə görə, Danimarka, Hollandiya və Avstriya Quntanamo məhbuslarını qəbul etməkdən imtina etsə də, İspaniya, İtaliya, Fransa və Portuqaliya onları qəbul etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Quantanamo həbsxanasının bağlanması barədə sərəncam verib. Məhbusların taleyi barədə qərarı isə ABŞ hökuməti verməlidir. ABŞ hökuməti artıq bəyan edib ki, Avropa liderlərinin istəklərini nəzərə almağa hazırdır. Əgər bu istəklər nəzərə alınsa, məhbuslar cəzalarının qalan hissəsini Avropa ölkələrinin həbsxanalarında çəkəcəklər.
Xatırladaq ki, Quantanamoda olan yeganə azərbaycanlı məhbus P. Siracov Türkiyənin Kayseri şəhərindəki Ərciyəz Universitetində iqtisad fakültəsini bitirib və bir müddət Rusiyada fəaliyyət göstərən türk şirkətində çalışıb. O, 2001-ci ilin əvvəlində evdən çıxıb və geri qayıtmayıb. 2002-ci il yanvarında ailəsinə onun talibançılarla birlikdə həbs olunaraq Quantanamo həbsxanasına aparıldığı barədə məlumat verilib.
İndiyədək Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Quantanamoda bir neçə dəfə P. Siracovla görüşüblər.