Su tələb edən sakinlər icra başçısının müavini üçün xor təşkil edibmiş: “Üçdü, dörddü, Şahmalı pis adamdır...”
Azərbaycan servisi/Aran Agentliyi
Gəncə şəhəri neçə gündür susuz qalıb. Bu barədə redaksiyamıza məlumat verən şəhər sakinləri susuzluqdan əziyyət çəkdiklərini söyləyir. Onların sözlərinə görə, ilk dövrlər Gəncənin su problemi işıq borcu ilə bağlı olub. “Su təsərrüfatı idarəsinin işığa görə borcu olduğundan işıqlarını kəsdilər. Lakin bir müddət sonra işıq idarəsi su təsərrüfatı idarəsinə elektrik enerjisinin verilməsini bərpa etdi. Bundan sonra isə Gəncə Şəhər İcra Hakimiyyəti binalara və fərdi evlərə içməli suyun verilməsini dayandırdı. İcra başçısı Eldar Əzizov əhalinin supulu borcu olduğunu iddia edir.
Bu səbəbdən o, binalara və fərdi evlərə su verilməsinin dayandırılması barədə göstəriş verib. Hazırda Gəncədə qadınlar və uşaqlar əllərində vedrə su daşımaqla məşğuldur”- deyə sakinlər bildirir.
Redaksiyamıza müraciət edən şikayətçilər su maşınlarının işə çıxmasının da qadağan edildiyini bildirir: “Gəncədə əhali içməli suyu sistern-maşınlardan alırdı. Həmin maşınlarla gətirilən su çənlərə vurulurdu. Lakin icra başçısının qadağasından sonra su maşınları ilə suyun daşınmasının qarşısı alınıb. Bu işə icra başçısının təsərrüfat işləri üzrə müavini Şahmalı Cavadov rəhbərlik edir”.
Dünən Gəncədən aldığımız məlumata görə, naəlac qalan camaat şəhərin 5-ci mikrorayon ərazisində etiraz aksiyası keçirib. Onlar bir yerə toplaşaraq xorla qışqırıblar: “Üçdü, dörddü, Şahmalı pis adamdır”.
Etiraz aksiyasından dərhal sonra həmin əraziyə su verilməsi bərpa edilib. Lakin Gəncə şəhərinin digər əraziləri sussuz qalıb.
Son anda aldığımız məlumata görə, Gəncə şəhər Kəpəz rayonu Ü.Hacıbəyov küçəsində yerləşən “Sarı gəlin” şadlıq sarayının qarşısında 1000-dən artıq yerli sakinin iştirakı ilə etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları şəhərə su verilməsini tələb edir. Əraziyə 50-dək polis maşını cəlb edilib. Polisin dağılışmaq əmrinə tabe olmayan sakinlərə zor tətbiq olunub. Etirazçılar polis zorakılığına məruz qalsa da son ana qədər meydandan dağılışmayıb. Son məlumat belə idi ki, aksiya gecəyə qədər davam edib. Sakinlər aksiyanı bu gün də davam etdirəcəklərini və su problemi ilə bağlı ümumşəhər mitinqi təşkil edəcəklərini bildiriblər.